16:09
868
“Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq siyasi mövqelərinin möhkəmləndirilməsi və regional proseslərdə rolunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin, təhlükəsizlik çağırışlarının və dövlətlərarası etimadsızlığın artdığı bir şəraitdə belə platformalar siyasi dialoqun genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycanın bu cür mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin etibarlı tərəfdaş, dialoqa açıq dövlət və beynəlxalq əməkdaşlığın təşviqində maraqlı olan siyasi aktor kimi mövqeyini gücləndirir”.
Bu sözləri xalqcebhesi.az-a politoloq Elman Telmanoğlu bildirib.
E.Telmanoğlu söyləyib ki, Zirvə Görüşünün Azərbaycan və region üçün əhəmiyyətini şərtləndirən əsas amillərdən biri ölkəmizin Avropa ilə Asiya arasında mühüm geosiyasi və geoiqtisadi mövqeyə malik olmasıdır: “Azərbaycanın nəqliyyat-logistika imkanları, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində beynəlxalq əlaqələrin inkişafında iştirakı ölkəmizin strateji əhəmiyyətini artırır. AQEM çərçivəsində iqtisadi əməkdaşlıq, nəqliyyat bağlantıları və regional təhlükəsizlik məsələlərinin müzakirəsi yeni tərəfdaşlıqların formalaşmasına, investisiya imkanlarının genişlənməsinə və Cənubi Qafqazın beynəlxalq iqtisadi əlaqələr sistemində mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər. Eyni zamanda, Azərbaycan bu platformadan istifadə etməklə milli maraqlarını beynəlxalq müstəvidə daha fəal şəkildə irəli sürmək imkanı qazanır”.
Politoloq siyasi baxımdan hesab edir ki, AQEM-in VII Zirvə Görüşünün əhəmiyyəti yalnız diplomatik təmaslarla məhdudlaşmır: “Bu tədbir Azərbaycanın çoxtərəfli diplomatiyada fəallığını nümayiş etdirməklə yanaşı, ölkəmizin regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində təşəbbüskar mövqeyini də gücləndirir. Bununla belə, zirvə toplantısının real nəticələri əldə olunan razılaşmaların konkret layihələrə və praktiki əməkdaşlıq mexanizmlərinə çevrilməsindən asılı olacaq. Əgər bu platforma dövlətlər arasında etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və regional sabitliyin güclənməsinə xidmət edərsə, bu, həm Azərbaycanın milli maraqlarına, həm də bütövlükdə Asiya məkanında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək”.
Röya İsrafilova