18:10
476
“Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq diplomatik proseslərdə iştirakının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov bildirib.
A.Nəsirovun sözlərinə görə, Asiya qitəsində təhlükəsizlik, siyasi dialoq və qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədi daşıyan bu platforma müxtəlif siyasi maraqlara malik dövlətləri bir araya gətirir: “Xüsusilə dünyada geosiyasi qarşıdurmaların dərinləşdiyi, regional münaqişələrin və iqtisadi qeyri-müəyyənliyin artdığı bir dövrdə belə görüşlər dövlətlər arasında birbaşa dialoqun qorunması üçün əhəmiyyətlidir. Azərbaycan isə coğrafi mövqeyi, nəqliyyat və enerji layihələrində iştirakı, eləcə də Şərqlə Qərb arasında əlaqələrin inkişafına verdiyi töhfələrlə bu müzakirələrdə diqqətçəkən tərəfdaşlardan biridir”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Zirvə Görüşünün diqqətçəkən nəticələrindən biri Laosun AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsidir: “Bundan başqa, Azərbaycanın təşkilata sədrliyinin daha iki il uzadılmasına üzv dövlətlərin dəstək verməsi Bakının bu çoxtərəfli platformadakı diplomatik fəaliyyətinin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin çıxışında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, beynəlxalq hüququn prinsiplərinin qorunması kimi məsələlərə xüsusi diqqət yetirilməsi də mühüm siyasi mesajdır. Azərbaycan üçün bu toplantı yalnız beynəlxalq tədbirə ev sahibliyi etmək deyil, həm də Asiya dövlətləri ilə siyasi və iqtisadi əlaqələri genişləndirmək, Orta Dəhlizin imkanlarını gündəmə gətirmək və regional əməkdaşlıq təşəbbüslərini irəli aparmaq baxımından əlverişli diplomatik platformadır”.
Röya İsrafilova