13:57
504
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən altı il keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması hələ də mümkün olmayıb. Buna səbəb Ermənistanın sülh prosesini ləngidən mövqeyi və üzərinə götürməli olduğu öhdəliklərin icrasından yayınmasıdır.
Bu barədə politoloq Əli Oruclu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ötən müddət ərzində sülh prosesində müəyyən irəliləyişlər əldə edilib. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənədin paraflanması və bununla yanaşı imzalanan digər sənədlər Cənubi Qafqazda yeni imkanlar açsa da, sülh və təhlükəsizliyin uzunmüddətli təminatı üçün kifayət deyil.
Politoloq qeyd edib ki, dayanıqlı sülhün təmin olunması, eləcə də iki ölkə arasında geniş əməkdaşlığın qurulması üçün yekun sülh sazişi imzalanmalı və münasibətlər hüquqi əsaslarla tənzimlənməlidir. Onun fikrincə, siyasi bəyanatlar özlüyündə problemin həlli demək deyil.
Ə.Oruclunun sözlərinə görə, Ermənistan Azərbaycanın haqlı tələblərinə baxmayaraq, sülhə mane olan əsas məsələlərdən birini – ölkə Konstitusiyasında əksini tapan ərazi iddialarını aradan qaldırmaq üçün lazımi dəyişiklikləri həyata keçirməkdən müxtəlif bəhanələrlə yayınır.
O bildirib ki, Nikol Paşinyan hökuməti özünü sülh tərəfdarı kimi təqdim etsə də, real addımlar atmağa tələsmir, ölkə daxilində sülh prosesinə mane ola biləcək problemlərin aradan qaldırılması istiqamətində qətiyyətli mövqe nümayiş etdirmir. Son dövrlər Ermənistan cəmiyyətində revanşist qüvvələrin fəallaşması da narahatlıq doğurur.
Politoloq hesab edir ki, rəsmi İrəvan faktiki olaraq mövcud status-kvonun saxlanılmasına, yekun sülh sazişi imzalanmadan kommunikasiyaların tam açılmasına, iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə nail olmağa çalışır.
“Paşinyan hesab edir ki, Konstitusiya düzəlişləri edilmədən də Azərbaycanla sülh sazişini imzalamaq olar. Bu, tamamilə yanlış yanaşmadır və dayanıqlı, daimi sülhə, təhlükəsizliyə aparan yol deyil”, – deyə Ə.Oruclu vurğulayıb.
Politoloqun fikrincə, sülh sazişinin imzalanmasını sürətləndirmək üçün Ermənistanda Konstitusiya referendumunun keçirilməsi prosesi sürətləndirilməlidir. O qeyd edib ki, Azərbaycan üçün əsas məsələ yalnız sülhə dair bəyanatların səsləndirilməsi deyil, real addımların atılması və sülhün hüquqi baxımdan təmin edilməsidir.
“Azərbaycana isə bəyanatlar deyil, əməl və sülhün hüquqi tənzimlənməsi lazımdır”, – deyə Əli Oruclu bildirib.
Günel Elxan