İrəvan, Xankəndi hadisələri işğalı uzadır Siyasət

İrəvan, Xankəndi hadisələri işğalı uzadır

Son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində etiraz aksiyaları keçirilir. Bu bölgədə işğaladək yaşayanlar Azərbaycan vətəndaşları olduqlarından, eyni zamanda digər səbəblərdən Xankəndidə baş verənlərə ötəri hadisə kimi yanaşmaq olmaz.
İyunun 1-də Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə kütləvi dava olub və bununla əlaqədar 15 nəfər tutulub. Hadisənin məişət zəminində baş verdiyi bildirilir və Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının cəzalandırılması tələb olunurdu. Ancaq bu hadisə etirazlar üçün qığılcım rolunu oynayıb. Məlum olub ki, separatçı rejimin "güc strukturlarının rəhbərləri" və onların ailə üzvləri davranışları ilə bölgədəki Azərbaycan vətəndaşlarını girov vəziyyətinə salıblar. Aksiya iştirakçılarının separatçı rejimin "güc strukturları"nın "istefası"nı tələb etməsi də bunu bir daha təsdiqləyir. Hətta aksiyaya qatılanlar işğal altında saxlanılan Azərbaycan bölgələrindəki vəziyyətin ağırlığından və acınacaqlı olmasından narahat olduqlarını gizlətmirlər: "Biz belə həyatdan, belə yaşamaqdan bezmişik".
Görünür, Ermənistanda Serj Sarqsyan hakimiyyətinin devrilməsi Qarabağda onun tərəfdarları üçün də ciddi problem yaradıb. Qarabağdakı ermənilər bildirirlər ki, indiyədək bölgədə qorxu hakim idi.
İşğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan İrəvandakı hadisələr zamanı Ermənistanda qapı-qapı gəzərək siyasi liderlərlə görüşür, onlardan təminat almağa çalışırdı. Ancaq son günlər baş verənlər İrəvanın bu separatçıya təminat vermədiyini sübuta yetirir. Ermənistandakı hakimiyyətin Qarabağdakı hadisələrə müdaxiləsi hüquq normalarının pozulmasıdır. Bu, bir daha İrəvanın Dağlıq Qarabağı işğal etməsinin sübutudur.

Əslində, Serj Sarqsyanın hakimiyyətinin devrilməsi İrəvanın işğalçı siyasətinə heç bir təsir göstərməyib. Əksinə, Nikol Paşinyan hökuməti bu istiqamətdə fəaliyyətini daha da artırıb. Hazırkı prezident Armen Sarkisyan da keçmiş hakimiyyətlərin iddialarının quludur. Bu da o deməkdir ki, Ermənistan gələcəkdə də Dağlıq Qarabağdakı separatçıları idarə edəcək. Nikol Paşinyan da Xankəndiyə gəlməklə özündən əvvəlkilər kimi bütün hüquq normalarını pozdu, hətta hörmətsizlik göstərdi. Eyni zamanda Ermənistanda hakimiyyətə gələnlər üçün beynəlxalq hüquq normalarının olmadığını bir daha sübuta yetirdi.
Xankəndidəki etiraz aksiyaları da Ermənistanın baş naziri Nikol Paşinyanın müraciəti ilə dayandı. Ən pis hal odur ki, Ermənistanda hakimiyyətdə olan nə əvvəlkilər, nə də indikilər işğal altındakı Azərbaycan torpaqlarında baş verənlərə müdaxilə etdikləri üçün cəzalandırılmayıblar. Beynəlxalq vasitəçilər isə bu fakta göz yumublar. Xanəkəndindəki hadisələrə də İrəvan müdaxilə edir, oradakı Azərbaycan vətəndaşlarının özlərini ifadə etməsinə imkan vermirlər. Ermənistanın və onun xaricdəki havadarlarının buyruğunu yerinə yetirənlərin yaratdığı vəziyyətlə əlaqədar Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilər bölgədən köç edirlər. Bu nə deməkdir? ATƏT-in Minsk qrupunun həmsədrləri işğalı dəstəkləyirmi? Son günlər yeni görüşlərin keçirilməsi anons edilir. Axı, nə müzakirə ediləcək? Ermənistanda hakimiyyətin hansı qolu məsələ ilə bağlı məsuliyyəti boynuna götürüb hansısa sənədi imzalayacaq? Nikol hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir proqramı mövcud deyil. Hətta Ermənistanın dəyişdirilmiş mövcud konstitusiyasında prezidentlə baş nazirin Dağlıq Qarabağ məsələsi ilə bağlı vəzifə bölgüsü, məsuliyyəti bilinmir. Başqa sözlə, bu məsələ ilə bağlı konstitusiyada boşluq var.
Çünki Ermənistanın əsas qanunu Serj Sarqsyanın "boyuna biçilərək" onun baş nazirliyi üçün nəzərdə tutulub. Həmin sənəddə bir çox maddələrdə belə yazılır: "...baş nazir prezidentə müraciət edir, o da təsdiqləyir". Konstitusiyanın "Respublika prezidentinin xarici siyasət sahəsində səlahiyyətləri" bölməsində yuxarıda qeyd etdiymiz öz əksini tapıb. Bu isə Ermənistanın indiki prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həllində rolunu sıfıra endirir: "Hökumətin təklifi ilə beynəlxalq müqavilələri bağlayır". Bundan başqa, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Deməli, indiki hökuməti müvəqqəti də saymaq olar. Çünki parlamentdəki azlığı təmsil edir. Bu hökumət aksiyaların təsiri nəticəsində formalaşdığından legitimliyində şübhə elementləri var. Bu isə həmin danışıqlarda hökumətin rolunu, yaxud onun imzalayacağı qərarın hüquqi qüvvəsini sual altına alır.
Hər halda Qarabağda baş verənlərə münaqişənin həlli baxımından yanaşmaq lazımdır. Belə görünür ki, hadisələri İrəvan idarə edir. Deməli, hələ Ermənistandakı hökumət separatçılarla münasibətini tənzimləyir. Nikol Paşinyan hökuməti isə oriyentasiyasını hələ müəyyənləşdirməyib. Onun Qərb, yaxud Şimala meyilli olduğu aydınlaşmayıb. Neçə illərdir Dağlıq Qarabağda münasibət belədir: separatçılar Ermənistanın, İrəvan isə Moskvanındır. İndi bu üçlükdə çat yaranır. Bu isə Azərbaycanın işğal altındakə ərazilərinin azad edilməsi istiqamətində danışqların nəticə verəcəyini bir daha çətinə salır. Başqa sözlə, İrəvanda baş verənlər, Xankəndidəki hadisələr sanki Dağlıq Qarabağ münaqişəsinin həllini, işğalçının Azərbaycan torpaqlarını tərk etməsini daha bir müdəttə ləngiməsi təəssüratını yaradır.