“Siyasi məhbus” alveri Siyasət

“Siyasi məhbus” alveri

Niyaməddin Orduxanlı: "QHT sədrləri bunu təmannasız etmirlər"
Fuad Hüseynzadə: "AŞPA məcburi şəkildə boynumuza qoymaq istəyir ki, bizdə siyasi məhbus var"

Avropa Şurasının Parlament Assambleyası ispaniyalı deputat Pedro Aqramunta Azərbaycanda siyasi məhbuslar üzrə məruzə hazırlamağı həvalə edilib.
Onu da bildirək ki, ATƏT-in Parlament Assambleyasının (PA) demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin Bakıda keçirilən 23-cü sessiyasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli ilə bağlı məsələ yenidən qabardılıb.
Məsələ bu dəfə də norveçli parlamentarilər tərəfindən qaldırılıb. Onlar bildiriblər ki, Anar Məmmədli qanunsuz olaraq həbs edilib və siyasi baxışlarına görə təqib olunur.
Bundan başqa, onlar Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıblar: "Azərbaycan gözəl ölkədir və biz onun dostları kimi arzu edirik ki, o, dünyada siyasi məhbuslar ölkəsi kimi tanınmasın".
Ümumiyyətlə bu siyahı necə və hansı qüvələrin sifarişi ilə hazırlanır?
Qeyd edək ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:
- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;
- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;
- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;
- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, siyasi məhbusların vahid siyahısını hazırlamaq mümkün olmur: "Hüquq müdafiəçiləri arasında birliyin olmadığı, hərənin bir siyahı hazırladığı şəraitdə vahid bir siyahı tutmaq olmaz. Əvvəllər problemli məhbuslar üzrə işçi qrupu vardı. Bu qrup müxtəlifhüquq müdafiəçilərinin siyasi məhbus adlandırdığı şəxslərin məsələsini müzakirə edirdi. Ehtimal olunur ki, yaxın vaxtlarda belə bir işçi qrup bərpa olunsun. Bu zaman hansısa məruzəçilərə ehtiyac olmayacaq. Hesab edirəm ki, Azərbaycan dövləti bir dialoq təşkil edərək bu məsələləri işçi qrupu formatında çözəcək".
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Avropada yalnız müəyyən qruplar hesab etdiyi kimi Azərbaycanda siyasi məhbus yoxdur: "Azərbaycanda konkret cinayət əməlinə görə istintaqı gedən və yaxud artıq haqlarında məhkəmə hökmü olan müəyyən insanlar var. Bu gün Azərbaycanda heç kəs nə əqidəsi, nə də siyasi mənsubiyyətinə görə məsuliyyətə cəlb olunmur. Azərbaycanda gündəlik olaraq müxtəlif mövqedən Azərbaycan hakimiyyətini kəskin tənqid edən qəzet-jurnallar çıxır, televiziya verilişləri olur, saytlar fəaliyyətdədir. Yəni bunların hamısı cəmiyyətin gözü qarşısındadır. Bunun belə olmasına da Azərbaycan dövləti yalnız dəstək verir. Azərbaycanın tənqidçilərinə gəldikdə isə, deyə bilərəm ki, məhz ölkədə demokratiyanın olmasına görə hakimiyyətin opponentləri var və o opponentlərin tənqidi fikirlərində həqiqət varsa, bu aradan qaldırılır, yox, fikirləri qərəzlidirsə, onlarla ciddi polemikaya girməyə Azərbaycan iqtidarı həmişə hazırdır".
Millət vəkmlm həmçinin "gəlin görək müəyyən gənclər niyə həbsdədirlər",- deyə bildirib: "Onlar "Molotov kokteyli" hazırlayıb, kütləvi aksiyalar zamanı onu hüquq mühafizə orqanları əməkdaşlarına qarşı istifadə etmək niyyətində idilər. Mənə deyin, Avropanın hansı ölkəsində "Molotov kokteyli" ilə mitinqə gedən gənclərə demokratiya uğrunda mübariz deyərdilər? Şübhəsiz ki, onların yerləri həbsxanadır. Onlar cəmiyyət üçün təhlükə təşkil edirlər. Onların hansı partiyanın üzvü olmasının da əhəmiyyəti yoxdur. Jurnalistlərin həbsindən danışırlar... Kimlər həbs olunur? O şəxslər həbs olunur ki, məsələn, Azərbaycanın hər hansı bir bölgəsində hansısa bir məsələ ilə bağlı yerli icra hakimiyyəti ilə əhali arasında problem olanda, onlar həmin rayona gedir və insanları hakimiyyətə tabe olmamağa çağırırlar. Şübhəsiz ki, bunun özü də tək Azərbaycanda deyil, Avropanın digər demokratik ölkələrində də qanunla cəzalandırılan məsələlərdəndir. Bu kimi çağırışçının isə jurnalist və ya mühəndis olmasının əhəmiyyəti yoxdur. Hesab edirəm ki, bəzən Avropa təşkilatlarına məlumat verilərkən, "a" deyilir, amma "b" deyilmir. Bildirilir ki, gənc həbs olunub. Amma onun partlayıcı maddə hazırlamaq üçün texnologiya hazırladığı bildirilmir. Bildirilir ki, jurnalist həbs olunub, amma onun jurnalist fəaliyyəti deyil, hansısa ixtişaş zamanı qızışdırıcılıqla məşğul olması barədə heç nə deyilmir. Bu baxımdan Azərbaycan hər bir məsələnin olduğu kimi deyilməsinin tərəfdarıdır.
Azərbaycanda 20 mindən çox jurnalist var və həmin jurnalistlərin hər biri qanun çərçivəsində fəaliyyətini problemsiz davam etdirə bilər. Qanunlarımız da insanların kifayət qədər sərbəst şəkildə fəaliyyətləri üçün şərait yaradır. Bu gün qəzet köşklərində iqtidarı müdafiə də edən, onu tənqid də edən qəzetlər satılır. Onların da müəllifləri jurnalistlərdir. Çox təəssüf edirəm ki, Azərbaycanla bağlı bəzən xaricə yalan informasiyalar ötürülür. Bu tamam başqa bir mövzudur. Amma bilin ki, bu gün Azərbaycanda həbsdə olan hər bir insan konkret cinayət əməlinə görə həbsdədir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı diqqətə çatdırdı ki, Azərbaycanda bir neçə tanınmış vətəndaş cəmiyyətinin üzvləri var ki, siyasi məhbus məsələsində sözün həqiqi mənasında alver etməklə məşğul olurlar: "Onların beynəlxalq təşkilatlara təqdim etdiyi siyahıya nəzər yetirdikdə, görürsən ki, Azərbaycan dövlətinin qurluşunu dəyişmək istəyən hanısısa dini cərəyanın fanatı olan şəxslər, külli miqdarda oğurluq edənlər, vergidən yayılanlar da həmin siyahıya salınıblar. Hamı da bilir ki, həmin QHT sədrləri bunu təmannasız etmirlər. Bu baxımdan onların iddia etdiyi siyasi məhbuslar reallığa söykənmir. Biz bir partiya olaraq bəyan etmiş ki, xarici təşkilatların siyasi məhbus hesab etdiyi NİDA-çılar, İlqar Məmmədov, Tofiq Yaqublunun və digər şəxslərin azad olunmasının tərəfdarı olmuşuq. Məncə, beynəlxalq təşkilatların bütün bəhanəsini kəsmək lazımdır".
Diaspor Jurnalistiləri Birliyinin sədri Fuad Hüseynzadə isə dedi ki, hazırda "Siyasi məhbus" məsələsində fərqli yanaşmalar var: "Ayrı-ayrı təşkilatlar bu məsələyə öz prizmalarından və fərqli yanaşırlar. Hətta bundan başqa məqsədlər üçün istifadə edən təşkilatlara da rast gəlinir. Bəziləri siyasi məqsdələr üçün həbs edilənləri siyasi məhbus sayır, digərləri isə məsələyə başqa formada yanaşır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) məcburi şəkildə boynumuza qoymaq istəyir ki, bizdə siyasi məhbus var. Hansı ki, hələ konkret olaraq siyasi məhbus kimlərə deyilir, o bilnmir. Heç bir beynəlxalq konvensiyada "siyasi məhbus" anlayışının kriteriyaları göstərilmir".

Əli