“Görüş danışıqların artıq Azərbaycan və Ermənistan arasında davam etdirilməsi deməkdir” Siyasət

“Görüş danışıqların artıq Azərbaycan və Ermənistan arasında davam etdirilməsi deməkdir”

Aydın Mirzəzadə: "Azərbaycan bütün ümidini danışıqlara bağlamır"

Arzu Nağıyev: "Danışıqlarda Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılır"

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Ekspertlər görüşü dəyərləındiriblər.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş danışıqların artıq Azərbaycan və Ermənistan arasında davam etdirilməsi deməkdir. Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyi həm dövlət idarəçiliyindən, həm də Dağlıq Qarabağ məsələsinin mahiyyətindən xəbərdar olmadığına görə, Azərbaycan tərəfindən qəbul olunmayan bir şərt irəli sürür: "Özlərinin yaratdığı saxta bir qurumun nümayəndələrini danışıqlara cəlb etməsi heç bir halda beynəlxalq hüquq normalarına cavab vermir. Son günlərdə danışıqların Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilməsinə razılıq əldə edilməsi göstərdi ki, artıq Ermənistan tərəfi də danışıqların köhnə formatda aparılmasını qəbul edib... Danışıqların olmaması Ermənistan daxilində problemlərin çoxalmasına, Dağlıq Qarabağ yükü onu daha çox siyasi bataqlığa çəkməsinə, ən əsası isə Ermənistanın ağır problemlərinin daha da çoxalmasına gətirib çıxarıb.
Oktyabr ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsi eyni zamanda mümkündür ki, ölkə rəhbərlərinin görüşünün təşkil edilməsi barədə razılıq alınması olacaq. Əgər bu olarsa, artıq yeni rəhbərliklə danışıqların detallarını müzakirə etmək olar. Düzdür, Azərbaycan bütün ümidini danışıqlara bağlamır. Amma bununla belə biz Ermənistana bu gün yeni bir şans veririk. Onlar şansdan istifadə edəcəksə, Ermənistan bütün sahələrdə qazanacaq. Əgər etməyəcəksə, Azərbaycanın problemi həll etmək üçün kifayət qədər digər variantlar var".
Politoloq İlqar Vəlizadə bildirib ki, Dağlıq Qarabağla bağlı məsələyə çox böyük nikbin yanaşmaq düzgün olmazdı: "Çünki, bunun üçün kifayət qədər əsas yoxdur. Düzdür, Ermənistan rəhbərliyi köhnə mövqeyindən çəkinə bilər, lakin bunun nə zaman qədər davam edəcəyi sual altındadır". Ermənistan tərəfindən fikir dəyişikliyin daha çox xarici həmsədrlər, eləcə də Rusiya tərəfinin təzyiqi nəticəsində baş verdiyini deyən politoloq söyləyib ki, son dövrlərə qədər Ermənistan tərəfindən atılan addımlarla bağlı böyük narazılıqlar var idi: "Çünki, Ermənistan tərəfi danışıqlara qondarma rejimin nümayəndələrini qatmaqla yanaşı, beynəlxalq hüquq normalarının əksi olan digər addımlar atırdı. Bütün bunlardan sonra Ermənistan rəhbərliyi atdığı addımların ölkəsi üçün risk olduğunu qiymətləndirərək, fikirlərindən müəyyən qədər yayınmağa üstünlük verdi".
İ. Vəlizadə söyləyib ki, son Düşənbə görüşü zamanı dövlət başçılarının təmas xəttində insidentin yaranmaması, eləcə də müvafiq strukturlar arasında birbaşa əlaqələrin yaradılması ilə bağlı razılaşmalar mühümdür: "Bu razılaşmaların əldə edilməsi, əlbəttə ki, Azərbaycan diplomatiyasının növbəti uğuru idi".
Onun sözlərin görə, lakin Ermənistan tərəfinin əldə olunan razılaşmalara nə zamana qədər sadiq qalacağı zamanın işidir: "Bildiyiniz kimi oktyabrda Azərbaycan-Ermənistan XİN başçıları arasında yenidən görüş keçiriləcək və bu görüşlər bir növ prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyır. Lakin Ermənistan rəhbərliyi ölkə başçıları arasında heç bir görüşün planlaşdırmadığını açıqlayır. Belə olan halda, XİN başçılarının görüşü hansı məna kəsb edir? Bu baxımdan da belə ziddiyyətli məqamlar problemin həllinə nikbin baxmağa imkan vermir. Hazırda Ermənistan rəhbərliyinin reallığı dərk etməsi ilə bağlı nikbinlik var. Amma hazırda daha ciddi təkliflərin üzərində iş aparılmalıdır. Bəs görəsən Ermənistanda bu işlər gedirmi? Bu suallara yalnız oktyabrda baş tutacaq XİN başçılarının görüşündən sonra cavab vermək olar".
Politoloq Arzu Nağıyev deyib ki, MDB Sammiti çərçivəsində Düşənbədə keçirilən görüşdən belə bir nəticə çıxarmaq olar ki, Nikol Paşinyanın bundan əvvəl verdiyi bəyanatlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi artıq aradan götürüldü.
Onun sözlərinə görə, Düşənbə görüşünü Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması üzrə danışıqların yenidən başlanmasına bir istiqamət kimi dəyərləndirmək mümkündür: "Hər iki dövlətin güc strukturlarına, ümumiyyətlə, bu məsələ ilə məşğul olan qurumlara verilən tapşırıqlar bundan ibarətdir ki, onlar daim təmasda olacaqlar. Paşinyanın sosial şəbəkə vasitəsilə yaydığı bəyanatdan aydın olur ki, o, hətta qondarma rejimin rəhbərliyinə təmas xəttində tam şəkildə atəşkəsə nail olmaq üçün əlindən gələni etməsi tapşırığını verib. Bu da mühüm amildir. Yəni artıq Ermənistan-Azərbaycan danışıqlarında Azərbaycan diplomatiyasının da istədiyi kimi, müvafiq addımlar atılmaqdadır". O qeyd edib ki, Prezident İlham Əliyevlə Paşinyanın Düşənbə görüşünün nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların Azərbaycan və Ermənistan arasında davam etdirilməsinə nail olundu.
Politoloq, ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, Ermənistanın baş nazirinin əvvəlki mövqeyi ilə indiki baxışları arasındakı fərqi aydın şəkildə hiss etmək olur. Ekspertin sözlərinə görə, bu da başadüşüləndir: "Hələ ki, danışıqlar prosesi başlamayıb. Detalları hələ bilmirik. Bu baxımdan ayaqüstü fikir söyləmək əhəmiyyət kəsb etmir. Detallara baxmaq lazımdır. Yəni, substantiv danışıqlar başlamadan Paşinyanın mövqeyinin tam olaraq necə ortaya çıxacağı haqda fikir səsləndirmək bir az tezdir. Amma fərqi hiss etmək mümkündür. Ermənistanın baş nazirinin əvvəlki mövqeyi ilə indiki baxışları arasındakı fərqi aydın şəkildə hiss etmək olur. Bu da başa düşüləndir. Nə mənada? Paşinyanın daxili tamaşaçı kütləsinə oynamaq üçün verdiyi bəyanatlarla onun real beynəlxalq münasibətlər çərçivəsində atacağı addımlar bir-birindən fərqlidir. Daxili siyasi auditoriya üçün oyun planları başqadır. Bu erməni kütləsinə oynamaq deməkdir. Eyni zamanda parlamentdəki Sarkisyan qrupu, "respublikaçı"larla gərgin münasibətləri balanslaşdırmaqdan ibarətdir. Bunun özünəməxsus məntiqi, qaydaları var və Paşinyan da həmin qaydalara əməl edir. Amma söhbət real danışıqlara gələndə Erməni "daxili bazar"ının tələbləri burada rol oynamır. Yəni, bu adam beynəlxalq aləmin, Rusiyanın, ilk növbədə isə Azərbaycanın tələblərinə daha uyğun mövqe sərgiləməlidir ki, ortaq məxrəc yaransın və danışıqlar başlasın".
Elnur Soltanov hesab edir ki, Paşinyanın danışıqların bərpasına razılıq verməsinin birinci səbəbi daxili siyasətlə beynəlxalq siyasətin arasındakı nəzəri fərqdir. Politoloq onu da bildirib ki, dünya müstəvisində çox az siyasətçinin "ev"də verdiyi bəyanatlarla beynəlxalq arenada səsləndirdiyi fikirlər nadir hallarda üst-üstə düşüb. Elnur Soltanov ikinci səbəbin daha praqmatik qaynaqlara söykəndiyini ifadə edib: "İkinci səbəb ondan ibarətdir ki, Paşinyan əvvəlki "Qarabağ klanı"ndan fərqli olaraq daha liberaldır. Siyasi sələfləri sayılan səhra komandirlərindən fərqli olaraq Qarabağda döyüşməyib. Əli azərbaycanlıların qanına batmayıb. Paşinyan Ter-petrosyan məktəbindən gələn bir insandır. Bu cür insanla uzlaşmaq haradasa mümkündür. Yenə də milliyətçilikləri qalır, Qarabağın müstəqilliyi mövzusunda dirəniş göstərəcəklər, amma nisbətən daha liberaldırlar. Bu da nisbidir. Hazırda Paşinyanın əsas problemi "respublikaçı"ların çoxluq təşkil etməsidir. Paşinyan çoxluğun Serj Sarkisyanın əlində olan parlamentin baş naziridir. Belə bir baş nazirin mövqeyi olduqca zəifdir. Həddindən artıq zəif mövqeyə malikdir. Çünki parlament istədiyi vaxt onu vəzifəsindən azad edə bilər. Çünki çoxluq başqa partiyadan olmaqla hökumət rəhbəri seçilmək absurddur amma bu baş verib. Çünki etiraz aksiyalarının iştirakçıları Paşinyanı dəstəklədi".
Politoloqun fikrincə,indi Paşinyan daxildə olan xoşəgəlməz səbəblərdən dolayı radikal mövqe sərgiləməyə məcburdur: "Hətta bir az fərqli görüşlər sərgiləsə, bu dəfə həmin arqumentlər Sarkisyanın komandası tərəfindən onun özünə qarşı istifadə oluna bilər. Paşinyan bu qorxunun təsiri altında, mövcud siyasi şəraitə uyğun olaraq bir az radikal davranır. Paşinyan Sarkisyan – "Qarabağ klanı"ndan qurtulduqdan sonra onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır olub-olmadığını görəcəyik. Bunlar səsləndirilən ilkin fikirlərdir. Paşinyanın əsas düşüncələrinin nədən ibarət olduğunu bilmirik. Yəni, onun real düşüncəsi daha liberal olsa belə, mövcud siyasi kontekst buna imkan vermir ki, liberallığını biruzə versin. Hələ ki, bu baxımdan çox tezdir. Bəlkə də gələcəkdə siyasi mövqeyi gücləndikdən sonra onun əsl üzünü görəcəyik. Bu mövqe liberal olarsa, çox gözəl, əks təqdirdə biz də həmin mövqeyə uyğun addımlarla qarşı tərəfə cavab verəcəyik. Çünki Azərbaycan öz mövqeyini qarşı tərəfə uyğun müəyyənləşdirmir, rəsmi Bakı öz mövqeyini ümumi prinsiplərə, beynəlxalq hüquqa əsasən müəyyənləşdirir. Ermənistan da ya bununla razılaşacaq, ya da ki, xoşagəlməz vəziyyət onların əleyhinə davam edəcək".

Əli