Tarixin ən qanlı faciələrindən biri: mart qırğını Layihə

Tarixin ən qanlı faciələrindən biri: mart qırğını

31 Mart soyqırımı ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrdən biridir. Artıq bu qırğından 108 il ötür. 1918-ci ilin 31 martında baş vermiş bu faciədə yerli əhaliyə qarşı amansız cinayətlər törədilib, yaşayış məntəqələri yandırılıb, on minlərlə azərbaycanlı qətlə yetirilib.

Millət vəkilləri həmin hadisələr haqqında “Xalq Cəbhəsi”nə danışıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib ki, 1918-ci ilin mart hadisələri uzun müddət davam etdi: “Rusiya imperiyasının dağılması milli ucqarlarda hakimiyyətsizliyə, imperiya qalıqlarının nə yolla olur olsun həmin əraziləri yeni yaranan Rusiyanın təsiri altında saxlamağa yönəlmişdi. Azərbaycanda isə erməni millətçi dairələri əvvəldən yaratdıqları silahlı dəstələrlə yerli əhalini Azərbaycan torpağından çıxarmağa, burada böyük Ermənistan yaratmağa çalışırdılar. Onların əvvəldən hazırlığı, eyni zamanda, xaricdən böyük dəstək yüzlərlə Azərbaycan kəndinin yerlə yeksan olunmasına, onminlərlə insanın öldürülməsinə səbəb oldu”.

Tariximizin ağrılı səhifələri

Deputat qeyd edib ki, o zaman dünya bu qırğına göz yumdu, ermənilərin vəhşiliyini onların milli azadlıq hərəkatı kimi qəbul etməyə cəhd etdi: “Amma Azərbaycan xalqı bacardığı qədər buna müqavimət göstərə bildi. Bunun nəticəsidir ki, 1918-ci ilin 28 Mayında Azərbaycan müstəqil dövlət elan edildi və 23 ay şərəfli bir tarix yaşadı. Düzdür, sonradan bizim müstəqilliyimiz yenidən əlimizdən alındı, amma Azərbaycan xalqı erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayəti, müstəqilliyimizi zorla əlimizdən almaq istəyənlərin xislətini heç də unutmadı”.

Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi, 15 iyun 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra sözün əsl mənasında müstəqilliyimiz möhkəmləndi: “Biz bu müstəqilliyi ərazi bütövlüyümüzlə, suverenliyimizin qorunması ilə, dünya birliyində layiqli bir yer tutmağımız ilə bir daha təsdiq etdik. Tariximizin o ağrılı səhifələrini isə xalqımız heç zaman unutmayacaq. İndiki gənclik də tariximizi öyrənir, bu günkü dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizi qoruyur və keşiyində durur”.

"Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədi

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, 31 Mart ermənilər və havadarları tərəfindən mifik "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə 50 mindən çox mülki insanın məhz azərbaycanlı olduğuna görə qətlə yetirildiyi, yüz minlərlə soydaşımızın məhrumiyyətlərə məruz qaldığı soyqırım cinayətlərinin törədilməsindən 108 il ötür: “Son illər Qubada və Respublikanın digər bölgələrində aşkarlanan kütləvi məzarlıqlarda aparılan araşdırmalar göstərir ki, məhv edilərək kütləvi şəkildə dəfn olunanların, demək olar ki, hamısı silahsız, müqavimət göstərmək imkanları olmadığı halda vəhşicəsinə qətlə yetiriliblər və adi gözlə skletlər üzərində bu vəhşiliklərin izlərini görmək olur. Bu insanlar məhz azərbaycanlı olduqları üçün vəhşicəsinə qətlə yetiriliblər ki, hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə onların öldürülməsi soyqırım hesab olunur”.

B.Məhərrəmovun sözlərinə görə, baxmayaraq ki, bu cinayətlərə hüquqi qiymətin verilməsi dünya birliyi üçün bəşəri öhdəlik olub, lakin artıq 108 ildir ki, həmin cinayətlərə göz yuman, erməni vəhşiliyini ört-basdır edənlər sayəsində formalaşan cəzasızlıq mühiti sonrakı dövrdə də erməni terrorizminin yeni cinayətlərinə rəvac verib: “Təəssüf ki, bu soyqırıma 80 il müddətində Azərbaycanın özündə də adekvat hüquqi qiymət verilməyib. Əksinə, faciə qurbanlarının qanı qurumamış, Azərbaycan Xalq Cümhuriyyəti yaranar-yaranmaz heç bir tarixi, siyasi və hüquqi zərurət olmadan İrəvanın Ermənistana güzəştə gedilməsi fonunda ermənilərə əlavə üstünlük təmin edilib və bununla da yeni cinayətlərə yol açılıb. Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti demək olar ki, erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı bütün bölgələrimizi əhatə etmiş cinayətlərini təhqiq etmək üçün 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyası yaradıb və bir sıra tədbirlər görüb. Lakin sonrakı dövrdə AXC Parlamentinin qoyqırım caniləri barəsində amnistiya qərarı hazırlaması araşdırmaların effektini heçə endirsə də, arxivlərdə qalan istintaq materialları sonrakı dövr üçün qiymətli sübuta çevrildi…”.

Əsl həqiqətlər

Deputat qeyd edib ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Sovetlərin "xalqlar dostluğu" ideologiyası fonunda isə erməni cinayətlərinin təhqiq edilməsi və ona müvafiq siyasi-hüquqi qiymət verilməsi, təbii ki, mümkünsüz idi: “1918-ci ilin mart-aprel soyqırım cinayətləri barədə əsl həqiqətlər ilk dəfə yalnız Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində informasiya blokadasının dağıdılması ilə dünya ictimai fikrinə çatdırılmağa başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib”.

“31 Mart soyqırımı imperializmin ikili standartlarının məhsuludur”

O həmçinin bildirib ki, eyni siyasi kursu uğurla yeni mərhələyə daşıyan Prezident İlham Əliyev isə Vətən müharibəsi və antiterror tədbirlərində Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı kimi özünün müstəsna qələbəsi ilə, eyni zamanda həm də 1918-ci il hadisələrinin qisasını alaraq reallaşmaqda olan mifik "böyük Ermənistan" ideyasını puça çevirdi: “Habelə, məhz cənab İlham Əliyevin qətiyyəti sayəsində ermənilərin terrorçu başılarının əlləri qandallı Azərbaycan ədalət mühakiməsinə təhvil verilməsi, separatizmin kökünün qazınması ilə bir əsrdən artıq davam etmiş vəhşiliklərin kökündə dayanan təcavüzkar erməni-daşnaksütyun ideologiyasına bərpaolunmaz zərbə vurulub. Bu gün həmin hadisələrdən 108 il sonra təhlil edərək əminliklə demək olar ki, 31 Mart soyqırımı həm də erməniləri elə o zamandan alətə çevirmiş imperializmin ikili standartlarının məhsuludur. Təsəvvür edin, o dövrkü ABŞ Prezidenti Vudro Vilson dinc mülki azərbaycanlılara qarşı qırğınların törədilməsi, şəhər və kəndlərin, milli irsin yerlə-yeksan edilməsi prosesinə “böyük Ermənistan” qurmaq üçün fürsət kimi baxırdı. Lakin 108 il öncədən fərqli olaraq bu gün hər kəs yaxşı başa düşür ki, artıq Azərbaycanla hesablaşmaq zərurətdir və bu bölgədə Azərbaycanın milli maraqlarına hədəflənən istənilən təhdid fiaskoya məhkumdur”.

Azərbaycanın ən faciəli və ağrılı səhifələrindən biri

Milli Məclisin deputatı Pərvanə Vəliyeva vurğulayıb ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir: “1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri, “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakı şəhəri, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə azərbaycanlı soydaşlarımıza qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilib. Həmin dövrdə bolşevik-daşnak silahlı dəstələri tərəfindən minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib, talanlar və etnik təmizləmələr həyata keçirilib, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələrimiz məhv edilib. Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıblar”.

“Bu gün gələcək nəsillər tərəfindən daim xatırlanacaq”

P.Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir: “Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib. Həmçinin ölkə başçısı İlham Əliyev erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Bu günkü, müstəqil, suveren, qüdrətli Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu müxtəlif dövrlərdə soyqırımlara, əsarətə, işğala, etnik təmizləmələrə məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. İşğalla barışmayan dövlətimiz 30 ilə yaxın daxili gücünü səfərbər edərək tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Bununla belə, edilən haqsızlıqları heç zaman unutmayıb və unutdurmayıb. Xalqımızın yaddaşında dərin izlər buraxmış 31 Mart Azərbaycanlıların Soyqırımı Günü də gələcək nəsillər tərəfindən daim xatırlanacaq”.

Röya İsrafilova