20:01
588
Rusiya Ermənistandakı bütün siyasi qüvvələrin seçkilərdə iştirak edə bilməsini istəyir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
O qeyd edib ki, Rusiyada 2 milyondan çox erməni yaşayır: “Rusiya Federasiyasında çox sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var, amma biz bunun 2 milyondan çox olduğunu təxmin edirik. Əslində Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir”.
Putin Ermənistan seçkilərinin nəticəsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsinə sadiqliyin davam edəcəyinə ümid etdiyini vurğulayıb: “Ermənistandakı seçkilərin necə bitməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin qurulması və möhkəmləndirilməsinə sadiqliyimiz davam edəcək”.
Putin Ermənistanda ev dustaqlığında olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın adını çəkməsə də, onun parlament seçkilərində iştirakına şərait yaradılmasına işarə edib.
Paşinyan isə cavabında Rusiya vətəndaşı olan ermənilərin Ermənistanda parlament seçkilərində iştirakının və ölkənin Baş naziri postunu tutmasının mümkün olmadığını diqqətə çatdırıb.