“Azərbaycanla əlaqələr Türkmənistanın Əfqanıstanla münasibətlərində yeni keyfiyyət yarada bilər” Siyasət

“Azərbaycanla əlaqələr Türkmənistanın Əfqanıstanla münasibətlərində yeni keyfiyyət yarada bilər”

Türkmənistan müstəqilliyinin ilk illərindən Əfqanıstan parametri ilə hesablaşmağa məcburdur. Aşqabad bu istiqamətdə külli miqdarda vəsait xərcləyib. Digər ölkə üçün Türkmənistan bu qədər vəsait xərcləsəydi, "rifah ixracatçısı" adını alardı.
Amma Əfqanıstanın daxili vəziyyəti qara dəlik kimi Türkmənistandan ayrılan vəsaiti udur. Bəzən Türkmənistan təcili yardım funksiyası yerinə yetirir; Əfqanıstanın filan regionunda sosial problemlər gərginləşib, qısa müddətdə həll olunmayacaqsa digər əyalətlərinə də keçəcək. Nəticədə, Əfqanıstanla yanaşı Türkmənistan da əziyyət çəkəcək. Belə vəziyyətlər Əfqanıstanda tez-tez baş verir və bunları Türkmənistandan başqa həll edən başqa dövlət yoxdur.
Bu şərhi politoloq Mübariz Əhmədoğlu verib. O deyib ki, Türkmənistan Əfqanıstanın daxilində həm də infrastruktur layihələrinə də xeyli vəsait xərcləyir. Bu da səmərə verməyib: "Əfqanıstandan gələn təhlükə Türkmənistanın investisiya cəlbediciliyinə ciddi zərbədir. Bu təhlükənin qarşısı alınmazsa Türkmənistan dövlətçiliyi üçün təhlükəyə çevriləcəkdir".
Siyasi ekspert Əfqanıstanda effektsiz cəhdlər dövründə Türkmənistanın həm də Azərbaycanla münasibətlərində qeyri-müəyyənlik olduğunu deyib: "Son illərdə Türkmənistan prezidenti Q. Berdıməhəmmədov yeni strategiya formalaşdırıb. Nəticədə, Azərbaycanın ünvanına səsləndirdiyi xoş bir fikrə Azərbaycan Prezidenti tərəfindən minimum 2 xoş cavab alır. Bu praktiki addımlarda da belə görünür.
90-cı ilin əvvəllərində Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyə paralel olaraq Şimali Qafqazda da xaos tüğyan edirdi. Azərbaycan-Rusiya bir-birini gücləndirdikcə Şimali Qafqazda vəziyyət müsbət istiqamətə dəyişdi. Azərbaycan və Türkmənistan münasibətlərini gücləndirdikcə Xəzər regionunda eləcə də Əfqanıstanın Türkmənistanla sərhədlərində təhlükəsizlik və rifah dövrü başlayacaqdır. Azərbaycan xalqının eləcə də Heydər Əliyev kursunun təyinatı budur. Cənubi Qafqazda yeganə təhlükəsizlik ixracatçısı olan Azərbaycan bu sahədə öz təcrübəsini Türkmənistanla birlikdə Əfqanıstan sərhədlərinə qədər yaya bilər".
Politoloqun fikrincə Azərbaycan Qərb tərəfdən müəyyən olunmuş qaydada Əfqanıstanın daxilində iştirak payına malikdir: "Azərbaycan özü təkbaşına 3-4 iri beynəlxalq enerji və nəqliyyat layihəsi reallaşdırıb. Azərbaycan bu coğrafiya üçün imic və siyasi baxımdan çox vacib tranzit potensialına malikdir. Türkmənistanın iri dövlətlərlə birlikdə qurduğu enerji, nəqliyyat layihələrinə nəzəri cəhətdən təhlükə mövcuddur. Amma onun Azərbaycan istiqamətində reallaşdırdığı layihələrə belə spesifik təhlükə yoxdur. Çünki Türkmənistandan başlayıb, Rumıniyayadək davam edən marşrut üzərindəki bütün dövlətlər bir-birindən də o qədər fərqli deyillər.
TƏPH layihəsinin reallaşmasında təkcə maliyyə deyil, həm də geosiyasi risklər mövcuddur. Bu məsələni bilərəkdən izah etməyəcəyik. Azərbaycanın TƏPH-ə dəstəyi bütün qalan dövlətlərin dəstəyindən Türkmənistan üçün daha faydalı ola bilər. Təcrübəsi də öz yerində. TƏPH-də hədsiz çox şeyləri gizlətsə də Aşqabadın Səudiyyə Ərəbistanına güvəndiyi açıq-aşkar hiss olunurdu. Başa düşdüyümüzə görə Səudiyyə Ərəbistanın TƏPH-ə qoyduğu investisiya 100 milyon dollar hüdudlarındadır. Azərbaycan isə təkbaşına bir neçə milyard dollarlıq layihələr reallaşdırır. Azərbaycanın təcrübəsi Türkmənistanı xeyli cəsarətləndirəcəkdir. İki dövlətin müştərək layihələr reallaşdırmasını da istisna etmək olmaz.
Ləpis-Lazurit marşrutu Əfqanıstanın daxilində ilk növbədə Türkmənistana yaxın ərazilərdə yeni infrastruktur layihələrinin reallaşmasına, iş yerlərinin açılmasına şərait yaradacaq. Türkmənistan təkcə pulu ilə deyil, həm də yeni tipli iş yerləri yaratmaq keyfiyyəti ilə Əfqanıstanın daxilində fəaliyyətə başlayacaqdır.
Demək olar ki, iqtisadiyyatı olmayan Əfqanıstanın iqtisadiyyatını Qərb istiqamətinə yönəltməsi bütün Əfqanıstan üçün kifayət qədər ciddi cəlbedici ideya olacaqdır. Beləliklə, Türkmənistan Əfqanıstan üçün real rifah ixracatçısına çevrilməklə yanaşı, həm də təhlükəsizlik ixracatçısı olacaqdır. Bu mövzular üzrə Azərbaycanla əlaqələrini gücləndirdikcə Türkmənistanın uğurları da artacaqdır".