“2018-ci ildə prioritet istiqamət Dağlıq Qarabağ münaqişəsi oldu” Siyasət

“2018-ci ildə prioritet istiqamət Dağlıq Qarabağ münaqişəsi oldu”

Arzu Nağıyev: "Müharibə tək səngərlərdə deyil informasiya istiqamətində də aparıldı"

2018-ci il arxada qaldı. Geridə qoyduğumuz ilin Azərbaycan üçün də nə ilə yadda qalması müzakirə olunan mövzulardandır.
"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq vurğuladı ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib", - deyən millət vəkili Elman Məmmədov bildirib ki, ölkə başçısı bu məsələ ətrafında geniş şərh verdi: "Ümumiyyətlə, bu bir həqiqətdir. Yəni 2018-ci ildə beynəlxalq aləmdə, bütün istiqamətlərdə Azərbaycanın uğurları bu sözü deməyə bizə əsas verir". Onun sözlərinə görə, dövlət başçımızın dedikləri əməllə, işlərlə öz təsdiqini tapır: "Cənab Prezidentimizin bir fikri var idi və hər zaman deyirdi ki, "elə bizim siyasətimiz, bizim işimizdir". Bəli, görülən işlər siyasətdə uğur qazanmağa kömək edir. 2018-ci ildə Azərbaycan beynəlxlaq aləmdə yəni dövlətlərarası münasibətlərin beynəlxalq qurumlarla olan əlaqələrində çoxsaylı uğurlar qazandı. 2018-ci il bütün istiqamətlərdə olduğu kimi bu istiqamətdə də Azərbaycan üçün çox uğurlu oldu. Görülən işlər bunu təsdiq edir. İnşallah, 2019-cu il 2018-ci ildən də uğurlu olacaq və cənab Prezidentimizin dediyi kimi. 2019-cu ildən gözləntilərimiz çoxdur. Xüsusilə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümid edirik ki, irəliləyişlər olacaq və 2019-cu il həlledici il kimi tarixdə qalacaq".
Siyasi şərhçi Arzu Nağıyev deyib ki, 2018-ci il Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət Dağlıq Qarabağ münaqişəsi oldu: "Müharibə tək səngərlərdə deyil, həm diplomatik, həm diaspora, həm qeyri-hökumət təşkilatları, həm informasiya istiqamətində oldu".
O, bildirib ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan diplomatik addımlarla yadda qaldı: "Bu həm Azərbaycan Prezidentinin apardığı siyasətlə, əm də aprel hadisələrindən sonra səngərlərdə əldə olunan qələbə ilə bağlıdır".
Onun sözlərinə görə, ötən il Azərbaycan üçün həm NATO, sülhməramlı proseslərdə iştirakı, həm də bir sıra ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı ilə yadda qaldı.
Arzu Nağıyev qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi islahatlar ili kimi yadda qaldı: "Həm neft, həm də qeyri-neft sektorunda, həm ölkədə, həm də xaricdə mühüm, böyük obyektlərin açılması, islahatların aparılması və digərlərini söyləmək olar. Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına istiqamətlənmişdi".
Siyasi şərhçi qeyd edib ki, ümumi götürdükdə 2018-ci ildə həm ölkəmizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: "İcraedici orqanlarda müəyyən dəyişikliklərin olması, bunun həm regional, həm də qlobal layihələrin inkişafına gətirib çıxarması Azərbaycan 2018-ci ildə dünyanın geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə çevrildi".
Arzu Nağıyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanda həll olunmayan məsələlər də oldu: "İnanırıq ki, 2019-cu ildə onların reallaşması istiqamətində lazımi addımlar atılacaq".
Millət vəkili Aydın Mirzəzadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik olub: "Cənab Prezidentin dediklərində böyük bir həqiqət var". Onun sözlərinə görə, ilk növbədə Azərbaycan danışıqlar prosesində problemin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarması məsələsi olduğunu bir daha qətiyyətlə müdafiə etdi: "Ermənistanın yeni rəhbərliyi problemin qoyuluşunu əsas məzmundan uzaqlaşdırmağa çalışsa da, bu, alınmadı. İkincisi, beynəlxalq təşkilatlarda Azərbaycanın bir daha ərazi bütövlüyü təsdiq edildi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq işğalçı ölkənin qoşunlarının çıxarılması vacib hesab edildi. Vacib məqamlardan biri də Azərbaycanın Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün bərpası üçün atdığı qətiyyətli addımlar oldu. 2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin və ətrafdakı 11 min hektar ərazinin işğaldan azad edilməsi Silahlı Qüvvələrimizə Ermənistandan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedən yolları nəzarətdə saxlamağa imkan verdi. Yəni, bütün bunlar bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində çox ciddi addımlar atıb və həmişə bu məsələ Azərbaycan dövlətinin gündəlik fəaliyyətində əsas məsələ kimi qalacaq. 2019-cu ildə problemin həlli üçün müəyyən ümidlər vardır. Ermənistan bu imkandan istifadə edərsə, Azərbaycandan daha çox işğalçı ölkə problemin həllindən qazanacaq. Yox əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, bu ona gətirib çıxaracaq ki, Ermənistan vəziyyətini daha da ağırlaşdıracaq".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı 2018-ci ildə görülən işlərə inamı o dərəcədədir ki, artıq inamın özü Ermənistanda qorxu yaradıb: "Cənab Prezidentin 2018-ci ilin sonlarına yaxın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalar, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi açıqlamalar Ermənistan cəmiyyətində ab-havanı müəyyənləşdirən parametrə çevirib".
Mərkəz sədrinin sözlərinə görə, ilin ən böyük konkret hadisəsi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yenidən strukturlaşması oldu: "Hətta mən deyərdim bu İcmanın yenidən yaradılması idi. Hesab edirəm ki, bu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində yeni bir keyfiyyət mərhələsidir. Azərbaycanın dünya erməniliyinə qarşı mübarizə imkanlarını qat-qat artıran parametrdir. Onsuzda bu gün dünya Dağlıq Qarabağla bağlı həqiqəti bilir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə deyib ki, yəni heç kəs Ermənistanın mövqeyini dəstəkləmir əksinə hamı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma indi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yaranması ilə bizim dünya erməniliyinə qarşı mübarizə istiqamətlərimiz daha konkretləşəcək. Mən münasibətlə Dağlıq Qarabağın Azərbaycanlı İcmasını təbrik edirəm və onlara uğurlar arzulayıram. Hesab edirəm ki, onlar üçün müsbət mənada 2019-cu il ağır, zəhmətli və şanlı bir il olacaq. Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qələbə çalmaq imkanları çox böyükdür".