Düşmən Azərbaycan ordusunun gücünün fərqindədir Siyasət

Düşmən Azərbaycan ordusunun gücünün fərqindədir

"Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq".
Belə bir bəyanatla erməni hərbi ekspert Van Ambarsumyan çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirir. EDnews erməni hərbi ekspertin açıqlamasını şərh etmək üçün hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanova müraciət edib.
Şair Ramaldanovun müsahibəsini oxucularımıza təqdim edirik:

- Erməni ekspert Van Ambarsumyanın cəbhədəki mövcud vəziyyət və Azərbaycan ordusunun döyüş hazırlığı ilə bağlı açıqlamaları gündəmi zəbt edib. Bu məsələ ilə bağlı şərhinizi öyrənmək istərdik.
- Bəli, Ambarsumyan bəzi fikirlərində haqlıdır. Doğurdan da Azərbaycan ordusu cəbhə xəttində öz gücünü gün-gündən daha əyani şəkildə təzahür etdirir və ordunun hərbi-texniki təchizatını genişləndirir. Bu, Azərbaycan Prezidentinin əmri ilə həyata keçirilən bir işdir. Ali Baş Komandanın əmri ilə ordumuz tam döyüş hazırlığı vəziyyətinə gətirilir və burada əsas məqsəd Azərbaycanın özünümüdafiəsi, gərəkdiyi anda torpaqlarını işğaldan azad etmək üçün əlverişli vəziyyətdə olmasıdır.
Erməni ekspertin fikirlərindəki yalnış məqam ondan ibarətdir ki, o, Azərbaycan ordusunun yaz və ya yay aylarında hərbi əməliyyatlar aparmağa hazırlaşdığını qeyd edib. Peşəkar hərbçilər yaxşı bilirlər ki, belə məsələlər hərbi sirr hesab edilir və gizli saxlanılır. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi Azərbaycan öz torpaqlarını sülh yoluyla qaytarmağa cəhd edir. Ancaq qarşı tərəfin qeyri-konstruktiv mövqeyi Azərbaycanı istəmədiyi bir işi görməyə vadar edə bilər. Düşmən Azərbaycan ordusunun gücünün fərqindədir və yaxşı bilir ki, belə bir mövqe onları uçuruma apara bilər.
- Qazax və Ağstafa rayonları ərazisində Ermənistanla sərhəd xəttinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi nə ilə bağlıdır?
- Bu, uzun zamandır düşünülən bir plan idi. Azərbaycan Prezidentinin qərarı ilə Ağstafa və Qazaxdakı sərhəd postları DSX-nin nəzarətinə verildi. Bu qərar əslində Ali Baş Komandanın sülhməramlı niyyətinin təzahürüdür. Çünki Dövlət Sərhəd Xidməti hücum deyil, müdafiə xarakterli strukturdur. Bu qərarla Azərbaycan bütün dünyaya bəyan edir ki, onun heç bir dövlətə qarşı aqressiyası yoxdur və heç bir dövlətin ərazisinə iddia irəli sürmür. Azərbaycanın yeganə məqsədi işğal altında olan ərazilərini azad etməkdir. DSX illərdir ona verilən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir və həm şəxsi heyəti, həm də texniki təchizatı ilə digər sərhəd ərazilərini muhafizə etdiyi kimi, Ermənistanla olan sərhəddi də uğurla muhafizə edəcəyini düşünürəm.
- Son aylarda Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm və yaralanma hallarının sayı kifayət qədər artıb. Qarabağ klanı və onların yüksək rütbəli zabitləri hakimiyyətdən kənarlaşdıqdan sonra erməni ordusunda ciddi nizam-intizam problemləri yaşanıb. Bunu necə dəyərləndirərdiniz?
- Ermənistan ordusunda baş verən problemlərin cəmiyyətdəki sosial və psixoloji durumla daha çox bağlılığı var. İllərdir, erməni gəncləri özlərinə aid olmayan torpaqlarda hərbi xidmət keçir və bəziləri burada dünyasını dəyişir, xəsarət alır. Xüsusən aprel döyüşlərindən sonra erməniləri belə bir sual narahat etməyə başladı: "Axı biz niyə özgənin torpaqlarına görə ölməliyik?" Bu, Ermənistanda mütəmadi keçirilən aksiyalarda əsgər analarının və digər ictimai fəalların tez-tez səsləndirdiyi fikirlərdən biridir. Erməni gəncləri Qarabağda xidmət etmək istəmir və haqlı olaraq həyatlarını riskə atmaqdan qorxurlar. Ordunun maddi-texniki təchizatında yaranan problemlər, zabit heyətinin özbaşınalığı və əsas da gənclərin Qarabağda xidmət etməkdəki "könülsüzlüyü" intizam problemini doğuran əsas səbəblərdəndir.
- Son dövrlər atəşkəsin pozulması hallarının sayı kifayət qədər azalıb. Bunu nə ilə əlaqələndirirsiniz?
- Azərbaycan Prezidentinin uğurlu siyasəti ilə. Paşinyan yeni hakimiyyətə gəldiyi dövrdə Qarabağ məsələsində tez-tez pafoslu fikirlər səsləndirir, problemin həlli üçün Azərbaycanın güzəştə getməli olduğunu və üçüncü tərəf kimi qondarma qurumun separatçı təmcilçilərinin iştirak etməli olduğunu bildirirdi. Bu fikirlər təbii ki, təmas xəttindəki vəziyyəti daha da kəskinləşdirirdi. Ali Baş Komandan bu məsələdə konkret mövqeyini bildirərkən qeyd etdi ki, Ermənistan hökumətinin Qarabağ probleminin həllində qeyri-konstruktiv mövqeyi dəyişməsə, təmas xəttində baş verən istənilən probemə görə Azərbaycan məsuliyyət daşımayacaq. Məhz bu fikir, belə bir qətiyyətli mövqe qarşı tərəfi geri addım atmağa məcbur etdi və Düşənbə görüşündən sonra əldə edilən razılıq təmas xəttindəki sabitliyə zəmin hazırladı.