“Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur” Siyasət

“Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur”

Politoioq: "ATƏT Minsk Qrupunun Avropa İttifaqı ilə əvəzlənməsinin də alt qatı məhz Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən uzaqlaşdırmaqdır"

"Almaniya kansleri Angela Merkelin Ermənistan siyasətinin ən bəsit təhlili Dağlıq Qarabağ tənzimlənməsinin prioritetliyini sübut edir".
Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, A.Merkel Dağlıq Qarabağ probleminin həlli üzərində ciddi iş başlayıb: "Merkel yayda Ermənistanda olarkən Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan etdi. Bu ATƏT Minsk Qrupu vasitəçiliyinə ciddi təhdiddir. Ermənistanda yalnız bir müddət keçdikdən sonra Merkelin təklifinin mahiyyətini başa düşə bildilər. Merkel qayıtdıqdan bir müddət sonra prezident Armen Sərkisyanı Almaniyaya dəvət etdi. Armen Sərkisyanla Nikol Paşinyan arasında sivilizasiya fərqi var. Amma Armen Sərkisyanla söhbətdən sonra Almaniya rəhbərliyi başa düşdü ki, Ermənistanın prezidenti yetərincə səlahiyyətə malik deyil. Həm də Nikol Paşinyan üçün Armen Sərkisyan nüfuz sahibi deyil. Bundan sonra Merkel Paşinyanı dəvət etdi. Paşinyanın Almaniyaya rəsmi səfərindən bir gün əvvəl Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda oldu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə bu səfərin A.Merkelin səfərinin davamı olduğunu bildirdi. Merkel Azərbaycanda da olarkən Dağlıq Qarabağ münaqişəsinin məhz BMT qətnamələri əsasında tənzimlənməsini vurğulamışdı. Merkel Paşinyanla birlikdə keçirilən mətbuat konfransında alman jurnalistlərdən biri Avropa İttifaqının Dağlıq Qarabağ tənzimlənməsində vasitəçiliyi ilə bağlı sual verdi. Merkel bunu Dağlıq Qarabağ tənzimlənməsini irəliyə aparan hal kimi dəyərləndirdi. Paşinyan isə Avropa İttifaqının vasitəçiliyini dərhal inkar etdi: Dağlıq Qarabağ tənzimlənməsinin beynəlxalq formalaşmış formatı mövcuddur. Bu, Minsk Qrupudur".
Politoloq əlavə edib ki, Qərblə Rusiya arasında Dağlıq Qarabağ tənzimlənməsində gizli rəqabət istisna olunmur: "ATƏT Minsk Qrupunun Avropa İttifaqı ilə əvəzlənməsinin də alt qatı məhz Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən uzaqlaşdırmaqdır. Azərbaycanın Rusiyaya qarşı ciddi iradı yoxdur. Rusiya ilə Dağlıq Qarabağ məsələsində əməkdaşlığında müəyyən irəliləyişlər var. Amma Azərbaycanın Dağlıq Qarabağ məsələsində konseptual mövqelərindən biri alternativ vasitəçilikdir. Azərbaycan alternativ vasitəçiliyin tərəfdarıdır. Bu alternativ vasitəçilik dedikdə ATƏT-in Minsk Qrupuna alternativ vasitəçilikdən söhbət gedir. Çünki ATƏT-in Minsk Qrupunun konsensus mexanizmi erməniləri ruhlandıran, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayındıran yeganə mexanizmdir. Ermənilər ona görə Dağlıq Qarabağ münaqişəsinin yalnız Minsk Qrupu çərçivəsində həllinin tərəfdarıdırlar. Digər majoritar səsvermə mexanizmli qurumlarda, BMT, Avropa İttifaqının vasitəçiliyinin əleyhinədir. Belə alınır ki, Merkel indi artıq Almaniyanın Dağlıq Qarabağ tənzimlənməsində məsuliyyəti öz üzərinə götürməsini Avropa İttifaqının vasitəçiliyi ilə əvəzləyib. Avropa İttifaqının vasitəçiliyi daha vacibdir. "Deutsche Welle"nin jurnalisti Paşinyanı Dağlıq Qarabağ mövzusu ilə bağlı verdiyi suala cavabı dərhal kəsərək onun dediklərinin eynilə Rusiyanın Donbas barədə dedikləri ilə üst-üstə düşdüyünü dedi. Paşinyan inkar etsə də faktiki olaraq Almaniyanın mövqeyi bundan ibarətdir".
"Beləliklə Paşinyan Almaniyadan, Avropa İttifaqından investisiya gözləyirsə hökmən Avropa İttifaqının vasitəçiliyini qəbul etməlidir", - deyən M.Əhmədoğlu vurğulayıb ki, Merkelin siyasətində dəqiqlik və konkretlik çox öndədir: " Müqayisə üçün deyək ki, Paşinyandan bir neçə gün öncə Özbəkistan prezidenti Şövkət Mirziyayev Almaniyada idi, Merkellə görüşdən sonra sənədlərin imzalanma mərasimi keçirildi. Ümumi məbləği 4 milyard dollar olan 9 sənəd imzalandı. Ermənistanın özünü Avropa dövləti hesab etməsinə baxmayaraq Merkel heç bir müqavilə imzalamadı. Avropa siyasətinin lideri Merkel kansler fəaliyyətinin sonuna kimi Qərbin Qafqaz siyasətini qurmaq istəyir. Bu vaxtadək Qərbin heç bir lideri bu işlə məşğul olmayıb. Merkel yayda Bakıda olarkən regionun ən əsas probleminin Dağlıq Qarabağ problemi olduğunu bildiyini bəyan etmişdi. Qərbin Qafqaz siyasətində Azərbaycanın regionun lideri olması, onun enerji və kommunikasiya potensialı bazis rolu oynayacaq. Azərbaycan milli maraqlarını dərk etmiş, buna söykənən siyasət aparmağı bacaran dövlətdir. Azərbaycan müstəqillik illərində yalnız dost və müttəfiq qazanıb. Bu fikri regionun digər dövlətlərinə şamil etmək olmaz".