ABŞ-ın Qarabağ fəallığının hədəfi: İrəvana təzyiq, yoxsa?.. Siyasət

ABŞ-ın Qarabağ fəallığının hədəfi: İrəvana təzyiq, yoxsa?..

Elçin Mirzəbəyli: "Vaşinqtonun əsas məqsədi münaqişənin həllindən daha çox Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır"
Vaşinqton danışıqların maksimum intensivləşməsini və prosesdə maksimal dinamizm yaratmaq və tərəfləri fakt qarşısında qoymaqla bu prosesdən özünün qalib çıxmasını şərtləndirən nəticə əldə etmək istəyir. Bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri səfir Riçard Hoqlandın müsahibəsinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, sabiq amerikalı həmsədr münaqişənin həlli üçün ilk növbədə ərazilərin qaytarılmasının vacib olduğunu deyir: "ABŞ-ın Ermənistandakı sabiq səfiri də, Prezident Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da bundan öncə birbaşa və dolayısıyla işğala son qoyulmasının problemin yeganə həll yolu olduğunu vurğulamışdı. Bu baxımdan, ərazilərin qaytarılması ilə bağlı fikirlərin Hoqlandın yox, Tramp Adminstrasiyasının, rəsmi Vaşinqtonun mövqeyi olduğunu deyə bilərik.
Hoqlandın Qarabağın Paşinyan üçün çətin məsələ olduğu barədə fikirlərinə gəldikdə isə buna bir neçə aspektdən yanaşmaq olar. Öncə amerikalı diplomatın bu yanaşmanı nə üçün ictimai rəyə təqdim etdiyini müəyyənləşdirmək lazımdır. Şübhəsiz ki, Hoqland neytral bir şəxs, yaxud ekspert kimi deyil, ABŞ-ın maraqlarının ifadəçisi kimi danışır. Bu baxımdan da onun fikirlərində Vaşinqtonun maraqlarının nədən ibarət olduğuna diqqət çəkmək vacibdir:
a) ABŞ Paşinyanı zəif fiqur sayır. Onun və hakimiyyətinin dayanıqlılığına şübhə ilə yanaşır və bu səbəbdən də Ermənistanın baş naziri ilə mühüm məsələlərin həllinin mümkün olmayacağını diqqətə çatdırmaq niyyəti güdür;
b) ABŞ Azərbaycandan və müttəfiqlərindən, eləcə də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri zəncirində həlqə olan, bununla da rəsmi Bakının maraqlarını nəzərə almaq məcburiyyətində qalan dövlət və transmilli şirkətlərdən, qlobal enerji və maliyyə bazarlarının idarəçilərindən Paşinyana öz siyasi hakimiyyətini möhkəmləndirmək üçün imkan tanımağı, ona mövcud reallıqlar çərçivəsində passiv və aktiv dəstək verilməsini istəyir;
c) ABŞ Ermənistanın indiki hakimiyyətinə özünün xarici siyasət prioritetlərini tez bir zamanda müəyyənləşdirməsi üçün xəbərdarlıq edir".
Analitik vurğulayıb ki, Vaşinqtonun əsas məqsədi münaqişənin həllindən daha çox Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır:
"Bunu unutmaq olmaz. Rusiyanın da Ermənistana əsas təzyiq vasitəsi məhz Azərbaycan torpaqlarının işğalı faktı, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişədə Moskvanın maraqlarını ifadə edən "Dağlıq Qarabağ klanı"dır. Vaşinqton başa düşür ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün həm də Qarabağ münaqişəsini həll etmək lazımdır. Amma necə? Əgər bu prosesdə Azərbaycanın maraqlarına və beynəlxalq hüquqa zidd mövqe sərgilənərsə, bu zaman hərbi əməliyyatların başlanacağı və ABŞ-ın da Azərbaycanı həmişəlik itirəcəyi şübhə doğurmur. Eyni yanaşma Ermənistana qarşı sərgilənərsə, o zaman rəsmi İrəvan onsuz da asılı vəziyyətdə olduğu Rusiyaya daha çox sığınmaq məcburiyyətində qala bilər. Bu isə həm də Ermənistanda yenidən hakimiyyət dəyişikliyinin baş verəcəyi ehtimalını yaradır".
Analitikin sözlərinə görə, bütün bunlar ABŞ-ın bəyanat və açıqlama fəallığının yalnız bir məqsədə - danışıqlar prosesinin davam etdirilməsinə xidmət etdiyi təəssüratını yaradır.