“Paşinyanın Tehrana səfəri kəşfiyyat xarakteri daşıyır” Siyasət

“Paşinyanın Tehrana səfəri kəşfiyyat xarakteri daşıyır”

Politoloq Tofiq Abbasovun fikrincə isə İran Ermənistanın yeni siyasətinə çox ehtiyatla yanaşır.
O bildirib ki, İranın hazırkı Ermənistan hökuməti ilə bağlı böyük şübhələri var:
"Yadınızdadırsa, Ermənistanda yeni parlamentin ilk iclası zamanı Paşinyanın komandasını təmsil edən deputatlardan birinin İranda diktaturanın tüğyan etməsi ilə bağlı çıxışı əks-səda doğurmuşdu. İran hökumətinin hərbi-siyasi diktatura şəraitində mövcudluğunu davam etdirən Ermənistanın bu ittihamını həzm etdiyini düşünmürəm. Bölgədə qonşu dövlətlərə təhdid törədən və işğalı qanuni sayan bir ölkənin demokratiyadan danışması çox absurd idi. Əminəm ki, rəsmi Tehran İrəvana olan ümidlərini çoxdan itirib. Əvvəllər tərəflər arasında müttəfiqlik və qarşılıqlı inam şəraiti var idisə, indi bundan əsər belə qalmayıb. Paşinyanın inqilabını Qərbin dəstəyinin məntiqi nəticəsi kimi qələmə verməsi İranı Ermənistana ehtiyatla yanaşmağa vadar edir. Ermənistanın İranın gözləntilərinə cavab verməməsi Tehranın İrəvana olan münasibətinin köklü surətdə dəyişməsi ilə nəticələnə bilər".
Politoloqun sözlərinə görə, İran Ermənistanın qonşu dövlətlərə olan münasibətini ciddi şəkildə nəzərdən keçirəcək:
"Bu mənada İran üçün Paşinyanın Tehrana səfəri kəşfiyyat xarakteri daşıyır. Tehran-İrəvan münasibətlərinin gələcək taleyi isə Paşinyanın Ermənistanın prioritetlərini necə müəyyən etməsindən ciddi şəkildə asılı olacaq".
T.Abbasov nəhayət tərəflərin görüşündə Qarabağ məsələsinin də gündəmdə olacağını deyib:
"Ermənistan tərəfi müzakirələrdə Azərbaycanın zərərinə işləmək üçün əlindən gələni edəcək və müəyyən problemlər yaratmağa çalışacaq. İranın bu çərçivədə Azərbaycanın zərərinə olan hər hansı bir təşəbbüsə rəvac verəcəyini düşünmürəm. Əslində, praqmatik baxımdan da belə bir gedişat qeyri-mümkündür. Çünki İran sanksiyalarla üzləşib və əlavə problemlər yaşamamaq üçün bölgədə, xüsusilə də Ermənistanla bağlı çox ehtiyatlı siyasət yürüdür. Təkcə Ermənistan deyil, hətta bir sıra ölkələr də Bakı ilə Tehran arasında nifaq salmağa çalışır. Ancaq hər iki tərəf buna imkan vermir və verməyəcək. Çünki bu, dövlətlərin qonşuluq siyasətinə ziddidir. Digər tərəfdən İranla münasibətlərimiz inkişaf mərhələsini yaşayır, üstəlik, Azərbaycan ilə İran prezidenti arasında qarşılıqlı etimad var. Bu da ondan xəbər verir ki, Azərbaycanın İrandan bir bədgümanlığı yoxdur".