Müharibə başlayır? Siyasət

Müharibə başlayır?

Vəfa Quluzadə: "Cəbhə xətti Moskvadan idarə edilir"
Elman Məmmədov: "8 hərbçimiz şəhid olubsa, onların 80 hərbçisini gəbərtməliyik, məncə, müharibə başlaya bilər"
Aydın Mirzəzadə: "Qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq"

Cavid

Erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən Azərbaycan ordusu 9 şəhid verdi. Dünən səhər bütün ölkə bu acı xəbərlə sarsıldı.
Bu hadisənin baş verməsi İkinci Qarabağ müharibəsinin başlanma ehtimalını reallaşdırır. Düşmən fitnəsinin arxasında hansı gücün dayanmasından asılı olmayaraq, hər kəs Ermənistana həlledici cavab verməyin zamanının gəldiyi düşüncəsindədir.
Artıq Ermənistanda yenidən Qarabağ müharibəsinə başlaya biləcəyi qorxusu hakimdir. Müharibə qorxusunu Ermənistan prezidenti və müdafiə naziri də dəfələrlə dilə gətirib.
Ermənistan prezidentliyinə sabiq namizəd Paruyr Ayrikyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanla Azərbaycan arasına hərbi münaqişə qızışmaqdadır. Ayrikyan cəbhə xəttində baş verənlərdə Rusiyanın rolunu pərdələməyə də çalışıb. Onun sözlərinə görə, Ermənistanın müttəfiqi kimi çıxış edən Rusiya buna heç bir reaksiya göstərmir. Paruyr Ayrikyan Ermənistanın dalana dirənmiş vəziyyətdə olduğunu etiraf edib. Sabiq prezidentliyə namizəd Ermənistandakı Rusiya hərbi bazasının "heç bir işə yaramadığını" vurğulayıb.
Paruyr Ayrikyan digər maraqlı məqama da toxunub: "Əgər Qarabağda müharibə başlasa və Rusiya münaqişəyə qarışarsa, bu, Ermənistan üçün əlavə problem yaradacaq. Ermənistan bəzi dünya dövlətlərinin nifrət etdiyi Rusiya ilə müttəfiq olacaq. Belə olan halda Azərbaycana simpatiya artmış olacaq. Ermənistan yenidən çıxılmaz vəziyyətdə qalacaq".
Ermənilərin cəbhə xəttində baş verənlərlə bağlı azdırıcı bəyanatlarına baxmayaraq, bütün hallarda Ermənistanına digər sahələrdə olduğu kimi cəbhə xəttində də Rusiyanın razılığı olmadan heç bir hərəkət etmədiyi hər kəsə bəllidir. İndi hər kəsi öir sual düşündürür: müharibə başladımı?
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, cəbhə xətti Moskvadan idarə edilir. O, Rusiyanın bununla Azərbaycana sərt mesaj göndərdiyini bildirib: "Buna heç bir şübhəniz olmasın ki, cəbhədə atılan hər bir güllənin əmri Rusiyadan gəlir. Moskva desə ki, dayan, ermənilər sakitləşəcəklər. Bir dəfə Moskvasız 1999-cu ildə böyük hay-küy qalxmışdı ki, Ermənistanla Azərbaycan artıq Qarabağı həll ediblər. Onda atəşkəs xəttində atışmanın dayandırılması, snayperlərin fəaliyyətsizliyi haqqında qərar qəbul etmişdik. Ermənilər də buna razılıq vermişdilər. Bir adamın başından tük əskik olmurdu. Rusiya Ermənistanın parlamentini gülləbaran edib İrəvanı cəzalandırdı və yenidən bu hadisələr başladı. Jirinovskinin və digərlərinin Azərbaycanı tərifləmələri məsələsi də açıq-aydındır. Onlar bir tərəfdən mesaj göndərirlər ki, bizimlə razılaşsanız, sizinlə dostluq edəcəyik. Əgər bizim tabeliyimizə girsəniz, Gömrük İttifaqının üzvü olsanız, münasibətlərimiz yaxşılaşacaq. Əks təqdirdə isə vəziyyət gərginləşəcək".
Analitik Mirzə Xəzərin fikrincə isə baş verənlər göstərir ki, Rusiyanın başı Ukraynaya qarışsa belə, Moskva Cənubi Qafqazdan əl çəkmək niyyətində deyil.
M.Xəzərin qənaətincə, Qərbin Azərbaycanla bağlı böyük iqtisadi maraqları mövcuddur ki, Azərbaycanın qatıldığı istənilən savaş bu maraqları avtomatik olaraq təhlükə altında qoyur: "Qərbin Azərbaycanda strateji maraqları var və Azərbaycan-Ermənistan münaqişəsinin alovlanması bu maraqları təhlükəyə sala bilər. Məlumdur ki, Azərbaycanın neft və qaz istehsalının mühüm hissəsinə Qərbin neft nəhəngləri nəzarət edir. Azərbaycan neftini Qərb bazarlarına daşıyan Bakı-Tiflis-Ceyhan boru kəməri "British Petroleum" şirkətinin əlindədir. Deməli, hərbi əməliyyatlar başlanarsa, Bakı-Tiflis-Ceyhan boru kəməri təhlükə altında qala bilər ki, Qərb buna heç vaxt yol verməz".
Analitikin sözlərinə görə, Dağlıq Qarabağda müharibəni başlamaq üçün Azərbaycan Rusiyadan daha çox Qərb faktorunu nəzərə almalıdır: "İqtisadi maraqlardan savayı Azərbaycanın geostrateji vəziyyəti Qərb üçün əhəmiyyətlidir və belə bir istehkamın təhdid edilməsinə razı olmazlar".
M.Xəzərin sözlərinə görə, emənilər Rusiyanın guya Azərbaycanla yaxınlaşdığını gündəmə gətirməklə Qərb tərəfindən daha ciddi şəkildə himayə olunmağa çalışır.
Ekspertin bildirdiyinə görə, Rusiyanın Ermənistana arxa çevirəcəyini, ondan imtina edəcəyini düşünmək yanlışdır. M.Xəzərin qənaətincə, heç bir halda Ermənistanın regionda Rusiyanın etibarlı istehkamı olduğunu unutmaq olmaz: "Rusiya Ermənistanı heç vaxt satmaz. Ermənistan regionda və Türkiyə ilə sərhəddə Rusiyanın etibarlı istehkamıdır".
Xocalını təmsil edən millət vəkili Elman Məmmədov isə bildirib ki, müharibə qurtarmayıb, sadəcə olaraq adı "atəşkəs" olan müvəqqəti bir durum mövcuddur. "Ermənilər atəşkəsə heç vaxt əməl etməyiblər. Elə gün olur ki, atəşkəsi yüz dəfə pozurlar. Son dövrlərdə ermənilər cəbhə xətti boyunca çox fəallaşıblar. Burda məqsəd nədən ibarətdir, onlar özləri yaxşı bilir. Bizdə əsas var ki, ərazilərimizdən onları sürüyüb atmaq üçün hərbi əməliyyatlara başlayaq. Onlar sülh yolu ilə məsələnin həll olunmasının tərəfdarı deyillər. Artıq Azərbaycan da 90-cı illərin əvvəlindəki Azərbaycan deyil. 8 hərbçimiz şəhid olubsa, onların 80 hərbçisini gəbərtməliyik. Məncə, müharibə başlaya bilər. Ermənistana tutarlı cavabı verilməlidir. Amma Müdafiə Nazirliyindən həmin ərazinin komandirlərində soruşmaq lazımdır ki, necə oldu bu 8 hərbiçi şəhid oldu? 8 hərbiçinin ölümü böyük faciədir!"
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev: "Sayımız saylarından, var-dövlətimiz var-dövlətlərindən çoxdur. Nə qədər atəşkəsi pozmaq olar? Müharibəni başlamağa gecikirik. Hər şəraitimiz var. Nə qədər atəşkəs olar?! 20 il atəşkəs olar? Bu yaxınlarda da iki nəfər mülki şəxsimizi girov götürdülər. Oğru kimi niyə girməliyik öz torpaqlarımıza? Niyə görə əsgərimiz şəhid olmalıdır?!"
YAP-çı deputat Aydın Mirzəzadə də cəbhədə baş verənlərə münasibət bildirib: "Ermənistan-Azərbaycan cəbhə xəttindən gərgin xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək üçün cəhdlər etdiyi və xırda döyüşlər getdiyi bildirilir. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir, Azərbaycan torpağını mərdliklə qoruyurlar.
Düşmənin xeyli itki verdiyi xəbərləri yayılır. İşğalçı qüvvələr növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü öz üzərilərində hiss edirlər.
Qarşıdurmada Azərbaycan əsgər və hərbi qulluqçularının da şəhid olduğu bildirilir. Şəhidlər öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin!.
Bu situasiyada qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Onlara güc və allahdan hifz olunmalarını arzu edirik".
Hərbi ekspert Azad İsazadə hesab edir ki, Azərbaycanın güclü ordusu var və bizim əsgərlərimiz, texnikamız və digər bu kimi hərbi imkanlarımız Ermənistan tərəfinin imkanlarından qat-qat güclüdür.
Ekspert Üzeyir Cəfərov isə bildirib ki, şəhidlərimizin qisası alınmalı və düşmənə bundan on qat ağır zərbə vurlmalıdır: "Təbii ki, bu qədər itki verəndən sonra Azərbaycan tərəfinin cavabı son dərəcə amansız olmalıdır. Əlbəttə ki, vəziyyət hər an dəyişə bilər. Hesab edirəm ki, bu faciə bizim üçün çox ciddi siqnal olmalıdır. Ermənidən mərhəmət gözləmək lazım deyil. Onlar artıq bütün etibarı və etimadı itirdiklərini sübut ediblər. Bu faciə ilə bağlı yəqin ki, çox ciddi araşdırma aparılacaq və kimliyindən asılı olmayaraq, günahkar olanlar cəzalandırılacaqlar.
Bizim ordumuz ermənilərə dediyim kimi on qat artıq cavab verməlidir. İnanıram ki, yaxın günlərdə bunu edəcəyik. Bu atəşkəs dövründən - 12 may 1994-cü ildən bu yana ən çox itki verdiyimiz bir gündür. Hücum edən tərəf Ermənistan tərəfi olduğu üçün onların itkisi bizdən daha çoxdur. Ermənilərdən şəhidlərimizin qisası layiqincə alınmalıdır".