“Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır” Siyasət

“Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır”

Politoloq: “Bu platformada Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də səmərəli fəaliyyəti həyata keçirə bilir”
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin xarici siyasətinin böyük uğuru kimi qiymətləndirilməlidir". Bunu politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra dünya dövlətləri sülhün və təhlükəsizliyin əhəmiyyətini daha aydın dərk etdilər. Hərbi-siyasi bloklaşmaların bəşəriyyət üçün nə dərəcədə təhlükəli olmasının fərqinə varan əksər dünya dövlətləri qoşulmama ideyasını genişləndirdilər: "1955-ci ildə qəbul olunmuş Bandunq prinsipləri əslində dünyanın dinc, sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcək on zəruri "resept"ini ifadə edirdi. Əslində, Bandunq prinsipləri dövlətlərin təbii olaraq, əməl etməli olduqları prinsiplərdir. Lakin dünyada xeyli sayda dövlətin bu prinsiplər əsasında ayrıca təşkilatlanması olduqca əhəmiyyətli idi. Qoşulmama Hərəkatının rəsmi yaranması tarixinə diqqət yetirsək, onun dünya üçün əhəmiyyətini daha aydın dərk edərik. Belə ki, hərəkatın 1961-ci ildə Karib böhranından bir il əvvəl yaranması bəlkə də dünyanı böyük bəladan xilas edib. Çünki belə bir təşkilatın yaranması haqqında ideyaların genişlənməsi sərt qlobal qütbləşməni müəyyən qədər əngəlləyə bilib". Politoloq hesab edir ki, soyuq müharibənin Üçüncü Dünya Müharibəsinə çevrilməsini əngəlləyən amillərdən biri rolunda məhz Qoşulmama Hərəkatı çıxış edib. Soyuq müharibənin bitməsi və SSRİ-nin süqutu ilə Təşkilatın aktuallığı gözlənildiyi kimi zəiflədi. Çünki ABŞ-ın başçılığı altında tək qütbün əlamətləri özünü göstərirdi. Lakin dünya sürətlə dəyişir. XXI əsrin əvvəllərindən başlayaraq, dəqiq bəlli oldu ki, dünya təkqütblü olmayacaq. Beynəlxalq münasibətlər sistemində digər aktorların da təsiri aydın hiss olunmağa başladı. Bununla da Qoşulmama Hərəkatının əhəmiyyəti soyuq müharibə dövründən zəif olmayan şəkildə özünü nümayiş etdirdi". Qoşulmama Hərəkatını insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilat sayan E.Mirbəşiroğlu qeyd edib ki, bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir: "Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməni təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən öncə mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək və s. kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər". E.Mirbəşiroğlu əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatının 2011-ci ildən tamhüquqlu üzvüdür. Ölkəmiz ona qədər də təşkilatda müşahidəçi statusunda kifayət qədər fəallıq nümayiş etdirib: "Nəzərə almaq lazımdır ki, 2011-ci ildə Hərəkata tamhüquqlu üzv statusunda qoşulan ölkəmiz çox qısa zamanda - cəmi 5 il sonra, yəni 2016-cı ildə artıq ona sədrlik etmək hüququ qazandı. 2016-cı ildə Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik edəcəyi haqqında qərar qəbul olunub. Bu da Azərbaycanın xarici siyasətinin böyük uğuru, diplomatiyasının keçərliliyi kimi qiymətləndirilməlidir. Bundan başqa, ölkənin bütün istiqamətlərdə potensialının yüksək olması üzv ölkələr tərəfindən qəbul olunur ki, bu da Azərbaycana olan marağı və dəstəyi gücləndirir".
Politoloqun sözlərinə görə, Azərbaycanın 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi üçün əsas dəstəyi məhz Qoşulmama Hərəkatına üzv olan ölkələrdən alması təsadüfi deyil. Bu, onu göstərir ki, Azərbaycan elə ilk vaxtdan Hərəkata üzv ölkələrin diqqətini və rəğbətini qazana bilib: "Bu, olduqca əhəmiyyətlidir. Çünki Qoşulmama Hərəkatı kifayət qədər təsir imkanlarına malikdir və dünya siyasətində korrektələr etmək iqtidarındadır. Bu platformada Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunması istiqamətində də səmərəli fəaliyyəti həyata keçirə bilir. 2012-ci ildən başlayaraq, Hərəkatın sammitinin yekun sənədlərində Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyi aydın şəkildə vurğulanır. Bundan başqa, hesab edirəm ki, 25-26 oktyabr tarixində Azərbaycan özünün müstəqillik tarixində ən böyük bir tədbirə ev sahibliyini həyata keçirib. Bu, Azərbaycanın bir daha tanıdılması, yeni əməkdaşlıq imkanlarının açılması baxımından yaxşı nəticələrə səbəb olacaq. Azərbaycan həmçinin bir daha nümayiş etdirəcək ki, ən mühüm beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarındadır. Bu da Azərbaycanın beynəlxalq pozitiv imicinin daha da güclənməsini təmin edəcək".
Deputat Sona Əliyeva isə deyib ki, Azərbaycan BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisata -Qoşulmama Hərəkatı təşkilatına sədr seçilib. Onun sözlərinə görə, Azərbaycan "Bandunq" prinsiplərini əsas götürməklə növbəti 3 il ərzində təşkilatı beynəlxalq tədbirlərdə təmsil edəcək: “Təşkilatın əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Odur ki, təşkilata sədrlik Azərbaycana xarici siyasətdə müəyyən üstünlüklər qazandıracağı şübhəsizdir”. S.Əliyeva bildirib ki, Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq edib. Və bunu xaici siyasətimizin ciddi uğuru saymaq olar. Onun sözlərinə görə, Yekun sənədlə bağlı ən maraqlı, həm də gülünc mövqeyi isə işğalçı dövlət Ermənistan sərgiləyib. Ermənistan təşkilatda müşahidəçi qismində iştirak edir və ölkəmizdə olan tədbirə qatılmamışdı. Yekun sənədin təsdiqindən sonra 28.10.2019-cu il tarixində Ermənistan Xarici işlər Nazirliyi yaydığı bəyanatda Qoşulmama Hərəkatına üzv olan dövlətləri "məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə" "ittiham" edərək, beynəlxalq hüquq və normalara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanaraq sülh prosesinin ruhuna, məntiqinə və istiqamətinə uyğun hərəkət etməyə "çağırmışdır": "Ermənistan işğal altında saxladığı və özünün də rəsmən tanımadığı Dağlıq Qarabağla bağlı bu cür bəyanatları hansı məntiqdən çıxış edərək ifadə etməsi sual doğurur. 120 dövlətin aldığı qərarı sorğulamaq, ədalətsiz saymaq istəyi yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Dəfələrlə beynəlxalq təsisatlarda xalqların öz müqəddaratını həll etməsi prinsipini irəli sürən Ermənistan bütün cəhdlərində məğlubiyyətə uğrayıb. Bizə ikli standartlar nümayiş etdriən ölkələr, hər halda beynəlxalq hüquq və prinsiplərə qarşı çıxa bilmədiklərindən heç olmasa həqiqəti qəbul etməli olublar. Bu gün Azərbaycanı dözümsüzlükdə və nifrət siyasətinin yürüdülməsində "ittiham" edən Ermənistan minlərlə azərbaycanlının qətl ediıməsində məsuliyyət daşıyır. Yaxşı olardı ki, onlar az da olsa bu haqda da fikirləşsinlər. Hər halda bu münaqişə Azərbaycana vurduğu zərər qədər də, Ermənistanı da zərərə uğradıb. Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, regionda böyük beynəlxalq layihələrdən təcrid olunmaq Ermənistan iqtisadiyyatının tənəzzülünün əsas səbəblərindəndir. Sadə erməni xalqı bunu anlayır və Ermənistanda bu mövzular mütəmadi olaraq müzakirə olunur. Daxili kütləyə hesablanmış boş-boş bəyanatlar isə rəsmi hay-küydən, göstərişlə pərdəlnmiş təlaşdan başqa bir şey deyil. Zaman isə dayanmır və bu müddətdə görünən odur ki, zaman Azərbaycanın xeyrinə işləyir. Məhz dünyda ikinci ən böyük təsisata rəhbərlik, ölkəyə, onun təhlükəsizliyinə və haqq ədalət axtarışına inamdan, etimaddan irəli gəlir".