“Biz könüllü assimilyasiya prosesinin iştirakçısı ola bilmərik” Siyasət

“Biz könüllü assimilyasiya prosesinin iştirakçısı ola bilmərik”

Elçin Mirzəbəyli: “Bizə ölkə sərhədlərindən kənarda, məhsullarımızı ixrac edə biləcəyimiz bazarlar lazımdır, ölkəmizi başqalarının bazarına çevirmək yox”

Prezident İlham Əliyevin yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibəsinin bəzi məqamlarına diqqət çəkmək istəyirəm. Bunlardan birincisi Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü məsələsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, mütəmadi olaraq bu məsələ ölkəmizdə və onun sərhədlərindən kənarda gündəmə gətirilir, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində nümayiş etdirdiyi qətiyyətli mövqe, az qala yanlış iqtisadi siyasət kimi təqdim olunur. Xüsusi olaraq vurğulanır ki, guya Azərbaycan həmin təşkilata üzv olarsa bu, ölkəmiz üçün yeni iqtisadi imkanlar açacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan-DTT münasibətləri ilə bağlı bütün məqamlara aydınlıq gətirməsi, düşünürəm ki, bu məsələ ətrafında manipulyativ siyasi gedişlər etməyə çalışan dairələrin bütün arqumentlərini əlindən aldı. Prezidentin məsələ ilə bağlı ətraflı şərhindən aydın oldu ki, Azərbaycan adların cazibədarlığına aldanıb siyasət yürütmür, o, bütün proseslərdə yalnız öz maraqlarını, inkişafına töhfə verəcək real amilləri, vətəndaşlarının rifahına xidmət edəcək məqamları əsas götürür. Əgər bu gün Azərbaycanda qeyri-enerji sektorunun inkişafından söhbət gedirsə, ölkə iqtisadiyyatının ixracyönümlü olması prioritet vəzifə kimi ortaya qoyulubsa, o zaman bizə ölkə sərhədlərindən kənarda, məhsullarımızı ixrac edə biləcəyimiz bazarlar lazımdır, ölkəmizi başqalarının bazarına çevirmək yox.
Ekspert əlavə edib ki, Azərbaycan Prezidentinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı ilə bağlı məsələlərə də aydınlıq gətirməsi proqramla bağlı bəzi qrupların gəlişigözəl, təbliğat xarakterli mülahizələrini də alt-üst etdi. “Şərq tərəfdaşlığı” proqramı artıq 10 ildir ki, həyata keçirilir. Bu müddət ərzində proqram çərçivəsində qarşıya qoyulan vəzifələrin heç biri reallaşmayıb. Proqrama daxil olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlər öz həllini tapmayıb, münaqişələr tənzimlənməyib. Proqram çərçivəsində nəzərdə tutulan istiqamətlər üzrə irəliləyişə isə Azərbaycan heç bir kənar dəstək olmadan nail olub. Yəni, iqtisadiyyatın möhkəmləndirilməsi, investisiyaların təşviqi, biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta biznesin potensialının açılması, maliyyə və maliyyə infrastrukturuna girişin asanlaşdırlması, iş yerlərinin yaradılması, idarəçiliyin keyfiyyətinin artırılması, hüququn aliliyinin təmin edilməsi və korrupsiya əleyhinə mexanizmlərin təkmilləşdirilməsi, dövlət idarəçiliyində məhkəmə-hüquq sistemində islahatların aparılması, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsindəki irəliləyişlər Azərbaycanın öz uğurlarıdır və bu proses Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində, hər hansı bir proqram çərçivəsində həyata keçirilən tədbirlərin təsiri olmadan gerçəkləşdirilib. “Şərq tərəfdaşlığı” proqramının digər prioritet istiqamətləri üzrə - regional təhlükəsizlik və digər bu kimi sahələrdə ciddi irəliləyişlərin olmamasının səbəbi isə Avropa İttifaqinin beynəlxalq hüququn prinsiplərinin tətbiqi prosesində yol verdiyi ikili standartlar, proqramda təmsil olunan işğalçı ölkəyə - Ermənistana qarşı təzyiqlərin olmamasıdır.
Azərbaycan Prezidentinin ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə diqqət çəkməsini qeyd edən siyasi ekspert vurğulayıb ki, bu istiqamətdə də müxtəlif “bəzəkli terminlər”in arxasında gizlənən məqamlar üzə çıxdı. Azərbaycanın Avropa İttifaqına üzv olmaq niyyəti yoxdur. Heç yaxın 50 ildə belə perspektiv də gözlənilmir. Biz dost və qardaş Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı uzun illərdir ki, həyata keçirilən çirkin oyunların səbəblərini yaxşı bilirik. Bu baxımdan da ilğım perspektivlərin arxasınca sürünməkdənsə öz yolumuzla və öz yol xəritələrimizlə hərəkət edirik. Prezident Azərbaycanın müasir texnologiyaları öz iqtisadi gücü hesabına əldə etdiyini vurğuladı. Yəni, heç kim bizə havayı texnologiya vermir. Əgər ölkəmizin iqtisadi gücü olmasaydı, o zaman bu texnologiyaları da əldə də bilməzdik. Digər tərəfdən, bu gün dünyada ayrı-ayrı mədəniyyətlərin özünüqoruma instinktinin güclənməsi, modernləşmiş milli dövlətçilik ənənələrinə qayıdış prosesi gedir və bu, labüddür. Belə olduğu halda, Azərbaycan da öz xalqının identikliyini, milli dövlətçilik ənənələrini, mədəniyyətini qorumaq üçün onu öz içində əridə bilməyəcək, assimilyasiyaya uğratmayacaq qohum mədəniyyətlərlə davamlı əlaqədə, ünsiyyətdə olmalı və öz mədəniyyətinin üstün cəhətlərini ixrac etmək üçün əlverişli coğrafi məkanlara üstünlük verməlidir. Biz inteqrasiya adı altında könüllü assimilyasiya prosesinin iştirakçısı ola bilmərik. Biz mədəniyyətlərin qarşıdurması strategiyasının qarşısına mədəniyyətlərin dialoqu strategiyası ilə çıxmışıq və ölkəmizi humanitar problemlərin müzakirə və həll edildiyi platformaya çevirməyi bacarmışıq. Bu baxımdan, ksenofobiya, islamofobiya, antisemitizmin tüğyan etdiyi məkanlar bizim üçün cazibədar deyil.
Ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsində yer alan məqamlar təkcə 2019-cu ilin yekunlarının dəyərləndirilməsi baxımından deyil, ölkəmizin perspektivləri baxımından da müstəsna əhəmiyyət kəsb edir. Prezident ölkəmizin baxış bucağını ortaya qoydu və dünyada, regionda baş verən prosesləri daha aydın görmək üçün pəncərə açdı.