“İldə iki dəfə həqiqi hərbi xidmətə çağırış olmalıdır” Siyasət

“İldə iki dəfə həqiqi hərbi xidmətə çağırış olmalıdır”

Martın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib.
Bunlar “Tibbi sığorta haqqında”, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Milli Məclis deputatının statusu haqqında”, “Milli Məclisin komitələri haqqında”, İnzibati Xətalar Məcəlləsi, Milli Məclisin Daxili Nizamnaməsi və s. qanunlara dəyişiklik layihələridir.
Bundan əlavə, iclasda “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında” qanun layihəsi də müzakirə edilib.
Əvəvlcə 1918-ci ildə törədilmiş 31 mart azərbaycanlılarının soyqrımı yad edilib. Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, son 100 ildə və ondan əvvəlki dövrdə azərbaycanlılar erməni şovinistlərin qurbanı olub. Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Sahibə Qafarova bildirib ki, bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır: “Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyev və Birinci vitse president Mehriban Əliyeva tərəfindən görülən tədbirlər nəticəsdinə ölkəmizdə digər ölkələrdən fərqli olaraq bu virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb.
S.Qafarova bildirib ki, ölkmizdə virusla mübarizədə ÜST tövsiyələrinə əməl edilir, tədris təxirə salınıb, iri ticarət obyektəlrinin fəaliyyəti danaynırılıb və digər tədbirlər həyata keçirilib. Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradıldığını xatırladan S.Qafarova bildirib ki, Milli Məclis əməkdaşları Fonda 250 min manatdan artıq vəsait köçürüb.
Spiker bildirib ki, hamı bu virusa qarşı mübarizədə fəal iştirakl etməlidir verilən bütün tövsiyələrə əməl etməlidir: “Mən inanıram ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, bu virus milli təhlükəsizlik və millətin genefondu məsələsidir: “Bu virusu bəşəriyyətə qarşı müharibə elan edirəm. Artıq dünyanın bütün dövlətlərində bu virus var. Bu virusu proqnozlaşdırmaq mümkün deyil”.
Komitə sədri artıq bir çox dövlətlərin bu virusa qarşı mübarizəyə başladıqlarını bildirib: “Ölkəmizdə ildə 4 dəfə hərbi çağırış olur. Hazırkı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 30-qədər uzadılır. Bu da yerində verilmiş qərardır. Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə bunun qarşını ala bilmərik”.
Ziyafət Əsgərov koronavirusla mübarizədə dəmir intizamın mövcudluğunu da gündəmə gətirib: “Bir məsələni də qeyd etmək istəyirəm. Çində bu virus yarananda dəmir intizam tətbiq olunmağa başladı. Avropada isə bu məsələyə laqeyd yanaşıldı. Çünki Fransa, İngiltərə, İtaliya kimi ölkələrdə komfort həyat tərzi mövcuddur. Ona görə də Avropa bu gün virusla üz-üzə qalıb. Hesab edirəm ki, bütün bəşəriyyət birləşməlidir. Biz iki virusa qarşı mübarizə aparırıq. Həm ermənilərə həm də COVİD-19-a qarşı. Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər. Düşünürəm ki, dəmir nizam-intizam olmasa vəziyyətimiz pis olacaq”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, biz üç virusa qarşı mübarizə aparırıq: “Bunlar koronavirus, Ermənistan və sapı özümüzdən olan baltalardır”.
Komitə sədri bildirib ki, bəziləri xaricdə və daxildə olan vasitələrlə bunun daha da genişlənməsi, hökumətin bunun öhdəsindən gəlməməsi ilə bağlı fikirlər səsləndirirlər: “Ancaq xaricdə olan həmin şəxslərin çoxu olduqları ölkələrdə heç çölə çıxa bilmirlər”.
Siyavuş Novruzov bildirib ki, dünyanın heç bir yerində həqiqi hərbi xidmətə 4 dəfə çağırış yoxdur. Çağırış iki dəfə olur: yaz və payız çağırışları”. O qeyd edib ki, Azərbaycanda da həqiqi hərbi xidmətə çağırış iki dəfəyə keçirilməlidir: “Çünki o vaxt zərurət vardı. Orduda xidmət etməyə insanlar çatışmırdı. İndi isə artıq insanlar hərbi xidmət keçmək üçün müraciət edirlər. Bu da insanlarımızda hərbi vətənpərvərlik ruhunun çox olduğunu göstərir”.
Siyavuş Novruzov bildirib ki, Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub: “Bu texnikalar mütəxəssislər tərəfindən istidfadə olunmalıdır. Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27%-dir. Həm də indi əksəriyyət hərbi xidmətə könüllü gedir. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.
Komitə sədri deyib ki, “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olanlar hərbi xidmətə çağırılmır: “Yəni möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".
Deputat “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu diqqətə çatıdırıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-dək uzadılıb.
Deputat Məlahət İbrahimqızı diqqətə çatdırıb ki, koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir. O bildirib ki, həkimlər koronavirusla mübarizədə böyük fədakarlıq göstərirlər və öz sağlamlıqlarını təhlükə altına atırlar: “Çox sevindirici haldır ki, hələ indiyə qədər hər hansı bir həkim bu virusdan dünyasını dəyişməyib. Ancaq belə hal baş verərsə həmin həkimlərə xüsusi status verilməlidr".
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli “xüsusi karantin rejimində məhdudiyyətlərin deputatlara şamil edilməməsi fövqəladə vəziyyət elan olunduqda davam edəcəkmi?”, deyə bildirib. Deputat Milli Məclisin iclasının qapalı keçirilməsinə də toxunub: “Dövlət qurumlarında çalışan insanların qeyd edilən izolyasiya qaydalarına əməl etməməsi insanlar arasında birmənalı qarşılanmır. Digər tərəfdən, 65 yaş məhdudiyyəti təqaüdçülərə aid edilməlidir, işləyənlərə yox. Eyni zamanda, dezinfeksiya işlərinin də təkmilləşdirilməsinə ehtiyac var. Yarmarkaların fəaliyyətinə də çox ciddi nəzarət edilməlidir. Çünki bu insanlar virusun rayonlarda da yayılımasına səbəb ola bilərlər”.
Spiker Sahibə Qafarova deyib ki, Milli Məclisin iclaslarının onlayn keçirilməsi üçün texniki ləvazimatlar lazımdır. Spiker bildirib ki, onlayn iclasın keçirilməsində müəyyən çətinliklər olacağı üçün iclasın əvvəlində bu məsələləri xüsusi səsləndirib: “Hazırda texniki təchizatın aparılması üçün iş aparılır”.
Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklə bağlı müzakirədə deyib ki, böyük şirkətlər, restoranlara üzümü tutub demək istəyirəm ki, işçiləri ixtisara salmayın, maaşlarını verin. Q. Paşayeva bildirib ki, böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir: “Biz hər şeyi dövlətdən gözləməməliyik. İmkanlı insanlar, böyük şirkətlər bu məsuliyyəti dövlətlə bölüşməlidir. Bu gün kiçik və orta sahibkarları başa düşmək olar. Ancaq böyük şirkətlər və imkanlı insanlar dəstəyini əsirgəməməlidir”.
Milli Məclisin bu gün keçirilən iclasında "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycan bu sazişə bir bəyannamə, istisna ilə qoşulub. Tahir Mirkişili bildirib ki, sazişə qoşulan 27 dövlətdən biri Ermənistandır: “Bizim istisna halımız da məhz Ermənistanla bağlıdır”.
Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı deyib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri bir çox tarixi adlar, toponimlər yersiz yerə dəyişdirilib. Deputat bildirib ki, parlamentarizm tarixində bəziləri Azərbaycanın tarixi adlarının dəyişdirilməsinə səs veriblər: “Onların bəziləri hazırda da burada oturub. Azərbaycanın tarixi adlarının dəyişdirilməsi yolverilməzdir. Hesab edirəm ki, biz toponimləri qorumalıyıq. Bu bizim keçmişimiz və tariximizdir. Biz bunları dəyişməməliyik”.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruizov bildirib ki, toponimiya məsələləri Regional məsələlər komitəsi tərəfindən təqdim olunacaq: “Ancaq bizim adımız orada yoxdur”.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli