Həmsədrlərdən növbəti “saqqız” Siyasət

Həmsədrlərdən növbəti “saqqız”

Tofiq Abbasov: "Həmsədrlər istədiklərini həqiqət kimi təqdim edirlər"
Elçin Xalidbəyli: "Dağlıq Qarabağ münaqişəsinin həlli hansısa sülh sazişlərindən və ya onların müəlliflərindən asılı deyil"
Anar Turan: "Həmsədrlərin oxşar gedişləri bölgədə real sülhü hələ ki təmin etmir"

"NATO sammiti çərçivəsində Uelsdə prezidentlər səviyyəsində keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkəsinin hansı istiqamətdə iş aparmalı olduğunu öyrənmək istəyirdi". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov XİN-də moldovalı həmkarı Natalia Germanla keçirdiyi birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, görüşdə böyük sülh sazişinin layihəsi üzrə işin başlanmasının vaxtının çatdığı bildirilib: "Azərbaycanın mövqeyi belədir ki, görüş xətrinə görüş olmamalı və konkret məsələlər müzakirəyə çıxarılmalıdır". Nazirin sözlərinə görə, ABŞ konkret təklif edib ki, böyük sülh sazişi üzərində iş aparılsın: "Güman ki, bu ay ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik regiona səfər edəcək və Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək".
"Şərq Tərəfdaşlığı" proqramına üzv dövlətlərin xarici işlər nazirlərinin Bakıda keçirilən növbəti görüşünə qatılan Avropa İttifaqının Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə bildirib ki, Dağlıq Qarabağın işğalı ilə Ukraynadakı böhranı eyniləşdirmək olmaz: "Dağlıq Qarabağ məsələsində beynəlxalq çərçivə mövcuddur. Hər iki ölkənin iradəsi olarsa, biz Avropa İttifaqı olaraq, bu prosesi dəstəkləyəcəyik. Birtərəfli tədbirlər bizi bu məqsəddən uzaqlaşdıracaq."
Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaal isə Dağlıq Qarabağ münaqişəsinin nizama salması prosesi ilə bağlı yeni təkliflə çıxış edib. Ekspert qeyd edib ki, hazırda nə prezidentlər səviyyəsində, nə də cəmiyyət səviyyəsində münaqişənin mahiyyətinin real müzakirəsi mövcud deyil: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin yalnız nizama salması prosesinin formal xüsusiyyətləri mövcuddur. Hər şey dəyişir, amma heç nə dəyişmir. 20 il keçməsinə baxmayaraq cəbhə xəttində hər şey eyni vəziyyətdə qalıb, münaqişə isə hələ də həll edilməyib".
Ekspert bildirib ki, məsələnin nizama salınması üçün daha ciddi prosesə ehtiyac var. Onun sözlərinə görə, Qarabağ münaqişəsi ilə bağlı məsləhətçilər institutu yaradılmalıdır: "Bu insitutun məqsədi problemin həlli prosesini aktivləşdirməkdən ibarətdir. Tərəflər arsında tez-tez görüşlər keçirilə bilər. Həmçinin, bu addım yeni münasibət zəmininin yaradılmasına səbəb olacaq. Bununlada tərəflər arasında qarşılıqlı ortaq məxrəcə gəlmək üçün yollar axtarıla bilər. Bu isə münaqişənin həllinə kömək ola bilər".
Həqiqətənmi "böyük sülh sazişi" hazırlanır, yoxsa bu, həmsədrlərin növbəti oyunudur?
Politoloq Tofiq Abbasov bildirdi ki, vəziyyətdən elə görünür ki, həmsədrlər istədiklərini həqiqət kimi təqdim edirlər: "Ermənistan prezidenti Serj Sarkisyanın Nyuportda yekun sənədə imza atması bəzi dairələri İrəvanın böyük sülh sazişini imzalamağa hazır olması kimi qiymətləndirir. Lakin reallıqda situasiya dəyişməz olaraq qalır. Niyə? Çünki Ermənistan sülh sazişinə qətiyyən hazır deyil və stastus-kvonun dəyişməsini məqbul saymır. Ən azı 2015-in aprelinə qədər ermənilər vəziyətin belə qalmasına çalışır. Bununla yanaşı onlar həm də Türkiyə ilə sərhədlərin açılmasını istəyib pərdəarxası təmasları reallaşdırır. Əgər bu yaxınlarda Ermənistan-Türtkiyə sərhədləri açılsa, onda bölgədəki şərait çox gərginləşəcək. NATO sammitində Sarkisyan ona görə sərhədlərin toxunulmazlığı ilə bağlı bəndə "hə" dedi ki, Qərbi qıcıqlandırmasın. Məhz Qərb İrəvana Ankara ilə yaxınlaşmaq barədə zəmanət verib. Obama-Ərdoğan danışıqlarında bu məsələ müzakirə olunub, daha doğrusu, ABŞ prezidenti türkiyəli həmkarının boynuna qoyub ki, o, ilin sonuna qədər barışıq istiqamətində real addımlar atsın. Və Ərdoğan buna müsbət cavab verib...".
Politoloq Elçin Xalidbəyli diqqətə çatdırdı ki, indiyə qədər bir neçə dəfə Dağlıq Qarabağla bağlı sülh sazişinin imzalanacağı iddia olunub: "Ancaq buna baxmayaraq, bu iddialar heç vaxt özünü doğrultmayıb. İndi Dağlıq Qarabağla bağlı "böyük sülh sazişi"nin imzalanacağıilə bağlı xəbərlər də bu istiqamətdə gündəmə gətirilən növbəti iddialardır. Böyük ehtimalla bu dəfə də "böyük sülh sazişi" ilə bağlı iddialar da yəqin ki, özünü doğrultmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli hansısa sülh sazişlərindən və ya onların müəlliflərindən asılı deyil. Bu problemin həlli dünya superdövlətlərinin maraqlarından asılı vəziyyətə düşüb. Hələlik həmin superdövlətlər arasında sərt mübarizə davam edir. Deməli, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanın güclənməkdə davam etməsiylə yanaşı, həm də superdövlətlər arasındakı mübarizənin perspektiv nəticələri aydınlaşmalıdır. Yəni Cənubi Qafqaz uğrunda mübarizənin nəticələri təxmini də olsa, məlum olana qədər Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi də qeyri-müəyyən olaraq qalacaq. Deməli, bu problemin həlli indi gündəmə gətirilən "böyük sülh sazişi"ndən asılı deyil. Belə iddialar adətən, gündəmə məşğul etmək üçün ortaya atılır".
Politoloq Anar Turan isə dedi ki, hər şey ola bilər: "Bunu zaman göstərəcək. Lakin həmsədrlərin oxşar gedişləri illərdir var və bu bölgədə real sülhü hələ ki təmin etmir. Çünki ortada Ermənistanın qeyri-konstruktiv mövqeyi və onlara qarşı hələ də səbrlə yanaşan BMT Təhlükəsizlik Şurası var. Nə qədər ki, ikilistandart münasibət ortadan götürülməyib Dağlıq Qarabağ münaqişəsinin həlli yubanacaq və burada son söz yenə də Azərbaycan ordusunun üzərinə düşəcək. Böyük sülh sazişinin imzalanması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Əks halda bu sülhü təslim sülh adlandırmaq daha doğru olardı".
Anar Turan isə dedi ki, hər şey ola bilər: "Bunu zaman göstərəcək. Lakin həmsədrlərin oxşar gedişləri illərdir var və bu bölgədə real sülhü hələ ki təmin etmir. Çünki ortada Ermənistanın qeyri-konstruktiv mövqeyi və onlara qarşı hələ də səbrlə yanaşan BMT Təhlükəsizlik Şurası var. Nə qədər ki, ikilistandart münasibət ortadan götürülməyib Dağlıq Qarabağ münaqişəsinin həlli yubanacaq və burada son söz yenə də Azərbaycan ordusunun üzərinə düşəcək. Böyük sülh sazişinin imzalanması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Əks halda bu sülhü təslim sülh adlandırmaq daha doğru olardı".
Politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən Böyük sülh sazişinin perspektivini şərh edərkən deyib ki, böyük sülh sazişi sadəcə olaraq ideyadır: "Bu ideyaya isə müxtəlif yanaşmalar mövcuddur. ABŞ-ın Böyük sülh sazişi Azərbaycanın mövqeyini müdafiə edir. Azərbaycan tərəfi deyir ki, müəyyən məqamlarla razılaşmırıqsa, onda Böyük sülh sazişini bağlayaq və ondan sonra başqa məsələləri də razılaşdıraq". Onun sözlərinə görə, ABŞ bu ideyanı prioritet hesab edir və Rusiya bunun əleyhinədir. Ekspert düşünür ki, ideya yaxşı olmasına baxmayaraq, onu razılaşdırmaq, reallaşdırmaq o qədər də asan məsələ deyil: "Çünki Ermənistan da bu ideyanın əleyhinədir. Ermənistan üçün Dağlıq Qarabağın statusu ön plandadır. Ona görə də Böyük sülh sazişini gerçəkləşdirmək məsələsində ciddi çətinliklər yaranır. Bu çətinlikləri dəf etmək üçün ciddi diplomatik səylər olacaq".
Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa səylərini birləşdirsələr və bu işdə BMT-də aktivlik göstərsə, o zaman nəyəsə nail oluna bilər. Siyasi təhlilçi bu qənaətdədir ki, Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin 80 faizdən çoxu razılaşdırılıb: "Lakin 2 məsələ ətrafında problemlər ortaya çıxır. Bunlar Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Bu iki prinsipial məsələ ətrafında Ermənistan qeyri-konstruktiv və işğalçı mövqe nümayiş etdirir. Ona görə də dialoqların davam etdirilməsi məqsədəuyğun görülür. Böyük sülh sazişini hazırlayanlar güman edir ki, tərəflər ortaq məxrəcə gələcəklər".

Əli