“Ruhaninin öz doğum günündə ölkəmizə səfəri...” Siyasət

“Ruhaninin öz doğum günündə ölkəmizə səfəri...”

Anar Turan: "Vacib pərdəarxası məqamların olmasından xəbər verir"

Əli Orucov: "Lakin beynəlxalq vəizyyət Tehranın beynəlxalq aləmlə, eləcə də Bakı ilə yumşaq siyasət yeritməyə məcbur edir"

Taliyət Əliyev: "Bu səfərlərin İranın təcavüzkar Ermənistana münasibətinə təsir göstərməyib"

Hakim Sadiqli: "İranın Ermənistana münasibətlərinə yenidən baxması mümkün deyil"

Dünən Bakıda Azərbaycan-İran biznes forumu keçirilib. Forum Heydər Əliyev Mərkəzində baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər. Dövlət başçıları biznes forumda nitq söyləyiblər.
Sonra biznes forum Azərbaycan və İran iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. İran İslam Respublikasının prezidenti Həsən Ruhani Bakıda dünən bir sıra rəsmi görüşlər keçirib. Ruhanin Bakıya səfəri başa çatıb.
Qeyd edək ki, Həsən Ruhani ilə İlham Əliyevdə görüşlərdən sonra, prezidentlər mətbuata birgə bəyanatla çıxış ediblər.
Ruhaninin səfəri nəyi dəyişəcək? Bundan sonra İranın Ermənistanla münasibətlərinə yenidən baxması mümkündürmü?
Politoloq Anar Turan bildirdi ki, Həsən Ruhaninin İrana prezident seçilməsini əksər siyasi ekspertlər İranın gələcəyə doğru uğurlu addımı kimi dəyərləndirirlər: "Çünki bu şəxs mötədil siyasətçidir. Əvvəlki prezidentdən fərqli olaraq dimpolmatik biliklərə sahibdir. Bu baxımdan həm Qərblə həm də yaxın qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsində Həsən Ruhani şəxsiyyəti faktoru mühümdür. Azərbaycanla İranın arasında ara-sıra müxtəlif soyuqluq yaransa da ümumilikdə bir sıra mədəni, ictimai, tarixi baxımdan olan bağlılıqlar həmişə ön plana keçib. Xüsusilə Azərbaycan tərəfi hər dəfə İrana yaxın qonşusu kimi hörmətlə yanaşmışdır. Baxmayaraq ki, illərdir İran Ermənistana yardım edir və faktiki olaraq bu ölkəni iqtisadi mühasirədən çıxarır. Həsən Ruhaninin öz doğum günündə ölkəmizə səfəri isə vacib pərdəarxası məqamların olmasından xəbər verir. Çünki, regionda baş verən son proseslər İrana qonşuları ilə yaxınlıq etməsini bir daha xatırladır. Üstəlik ölkələrimiz arasında iqtisadi faktorlarun olması və bunun hansı səmtdə inkişafında da müəyyən irəliləyişlər ola bilər. Ermənistana gəlincə isə inanmıram yaxın gələcəkdə İranla Ermənistan arasında hansısa gərginlik yaşasın. Çünki hazırda Ermənistan elə bir vəziyyətdədir ki, Rusiya və İran istənilən məsələni onlara diqtə edə bilərlər və ermənilər buna müqavimət göstərmək iqtidarında belə olmaz. Çünki, hər iki dövlətdən asılıdırlar. Sadəcə Ruhani əvvəlki İran hakimiyyətlərindən fərqli olaraq Azərbaycanla münasibətlərə daha çox önəm verə bilər ki, bu da ölkələrimiz arasında münasibətlərin səmimi məcrada davam etməsinə təkan olar".
Siyasi ekspert Əli Orucov vurğuladı ki, İranın xarici siyasətinin ana xəttini İranın milli və dövlət maraqlarının qorunmsıdır: "Müstəqil Azərbaycan dövlətinin varlığı isə fars rejiminin maraqları xaricindədir. İranın imkanı olsa Azərbaycana ən böyük təhlükəni törədərdi. Lakin beynəlxalq vəizyyət və indiki şərtlər Tehranın beynəlxalq aləmlə, eləcə də Bakı ilə yumşaq siyasət yeritməyə məcbur edir. Ermənistanla İran strateji müttəfiqlərdir və Azərbaycanla bağlı məslələrdə üst-üstə düşən məqamlar kifayət qədərdi. Ona görə də hər hansı bir səfərlə İranın siyasətinin ana xəttinin dəyişməsinə və şovinist planlarından daşınmasına səbəb ola bilməz".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev dedi ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. Onun fikrincə belə bir səfər ilk dəfə deyil, bundan qabaq da bu tipli səfərlər olub və olacaq: "Amma, bu səfərlərin İranın təcavüzkar Ermənistana münasibətinə təsir göstərməyib. Ona görə də bu səfərdən də belə gözləntiləri gözləmək sadəlövhlük olardı. İran Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Azərbaycan ərazilərinin işğalını pisləsə də işğalçı Ermənistanla sıx əməkdaşlıq edir və blokada şəraitində olan ermənilər üçün nəfəslik rolunu oynayır. İranın bu məsələdə Azərbaycana hər hansı köməyinin olacağına inanmıram. İran sadəcə öz maraqları baxımından bizimlə əməkdaşlıqda maraqlıdır. Rusiya və İranın Azərbaycana qarşı mövqeyi eynidir, bu iki dövlətin səmimiyyətinə inanmaq olmaz. Bu iki dövlət həmişə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında vasitəçiliyə can atıblar. Lakin, onların vasitəçiliyi bizim torpaqlarımızın işğalı ilə nəticələnib".
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İdarə heyətinin üzvü Hakim Sadiqli bildirdi ki, Ruhaninin səfəri heç nəyi dəyişməyəcək: "Bu sadəcə yalançı qonşuluq səfəridir. İranın Ermənistana münasibətlərinə yenidən baxması isə mümkün deyil. Ona görə ki,Ermənistan İran üçün Azərbaycana qarşı istifadə etdiyi ən yaxşı vasitədir".
Politoloq Elxan Şahinoğlu deyib ki, İran hakimiyyətində bəzi simalar hələ də Azərbaycanın daxili işlərinə qarışırlar və Bakının xarici siyasətində korrektə (islal, təshih) edilməsini istəyirlər. O, İranda hər şeyin Ruhanidən asılı olmadığını bildirib: "Prezident İlham Əliyev aprel ayında İrana rəsmi səfər etmişdi və bu zamanda İran Prezidenti Ruhanini Bakıya səfərə çağırmışdı. Əlbəttə, İran qonşu dövlətdir və onunla normal münasibətlər olmalıdır. Lakin İran hakimiyyətində bəzi simalar hələ də Azərbaycanın daxili işlərinə qarışırlar və Bakının xarici siyasətində düzəliş edilməsini istəyirlər. Əgər İran Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, birinci növbədə daxili işlərə qarışmaqdan əl çəkməlidir. Bu gün İranın özünün də vəziyyəti yaxşı deyil və o beynəlxalq sanksiyalardan (təhrimlər) qurtulmaq istəyir. Beynəlxalq sanksiyalardan qurtulduqdan sonra İran öz enerjisini bazara çıxarmaq istəyəcək ki, bunun üçün də ən mühüm əməkdaşlıq Azərbaycandan keçir. Çünki Azərbaycanda bunun üçün hazır infrastruktur (altyapı, zirsaxt) var. Yenə deyirəm, İran Azərbaycanla əməkdaşlıq üçün birincisi daxili işlərə qarışmamalı, ikincisi isə Ermənistanla münasibətlərə nəzər yetirməlidir. Bəli, mümkündür ki, tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsindən söhbət getsin, amma hər şey Həsən Ruhanidən asılı deyil. Çünki İranda hakimiyyət arasında ixtilaf var və İslam inqilabından sonra hər zaman olub. Burada üç qüvvə var: İran prezidenti, Ali Dini lider və hərbiləşdirilmiş qüvvələr. Hətta Həsən Ruhani Azərbaycanla əməkdaşlığı gücləndirmək istəsə belə, o biri qüvvələr bunu bəyənməyib Azərbaycanın daxili işlərinə qarışa bilərlər".

Əli