Rusiyalı politoloqların Qarabağ ehtimalları Siyasət

Rusiyalı politoloqların Qarabağ ehtimalları

Onların əsas məqsədi rəsmi Bakını müharibədən çəkindirməkdir

Cavid

Son aylar rusiyalı politoloqların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnoz və ehtimalları artıb. Məsələn, Ermənistanın "Aravot" qəzetinə açıqlamasında rusiyalı politoloq Sergey Markedonov söyləyib ki, Azərbaycan Dağlıq Qarabağa hücüm etməsə, Rusiya da Qarabağı tanımayacaq.
Markedonov qeyd edib ki, sabah Rusiyanın Krım barəsində tətbiq etdiyi siyasəti eynilə Dağlıq Qarabağ və Dnestryanı ərazi barədə tətbiq edəcəyini düşünmür.
"Mən düşünmürəm ki, indiki şərtlər buna imkan verir. Bu Azərbaycanla münasibətlərin kəskin pisləşdiyi bir vaxtda ola bilər. 2008-ci ildə belə bir vəziyyət yaranmışdı. Əgər Saakaşvili Sxinvala hücum etməsəydi, Moskva 2008-ci ildə Cənubi Osetiyanın müstəqilliyini tanımazdı. Tamamilə əminəm ki, Kiyevdə inqilabçı hakimiyyət gəlməsəydi, o halda Krım hadisələri də olmazdı. Azərbaycan Qarabağa hücum etməyəcəyi halda, Moskva da Dağlı Qarabağın müstəqilliyini tanımayacaq", - rusiyalı politoloq söyləyib.
Ermənistanda bəzi siyasi dairələrdə "Krım presedenti" ilə bağlı müəyyən ümidlər oyanmasına baxmayaraq, "Lragir" qəzeti yazır ki, ölkədə "Krım presedenti"nin təhlükəli olduğunu hamı anlayır: "Rusiyanın bir çox dairələrində də bu barədə tezliklə "tabut sükutu" hökm sürəcək və rəsmi Moskva "küt ermənilərə" elan edəcək ki, heç bir presedent yoxdur. Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra da Qarabağ üçün "presedent" yaradılırdı. Amma bu olmadı".
"Moskva Qarabağı tanıyırmı? Əlbəttə, tanımır, birincisi, ona görə ki, Qarabağ Kremlin boğazında "sümükdür" və ondan həmişə qurtulmağa çalışır. İkincisi, ümumiyyətlə belə bir məsələni niyə müzakirə etmək lazımdır, əgər Ermənistan hakimiyyəti şüurlu olaraq bundan imtina edibsə", - deyə "Lragir" "Krım presedenti"nə ümid etməyin lazım olmadığını bildirir.
Markedonov, Dağlıq Qarabağ münaqişəsinin qlobal təhlükəyə çevrildiyini də deyib. Rusiya mətbuatının məlumatına görə, o, eyni zamanda təmas xəttində baş verən proseslərin də buna təkan verdiyi qənaətindədir: "Problemin beynəlxalq təhlükəyə çevrilməsi post-sovet məkanında hərbi-siyasi sahədə böhrana gətirib çıxaracaq. Postsovet məkanında baş verən gərgin proseslər Rusiya və Qərb arasındakı gərginliyin nəticəsidir. Ukrayna böhranı Minsk Qrupunun həmsədr ölkələri Fransa, ABŞ və Rusiya arasındakı əlaqələri qırılma həddində çatdırdı. Vahid diplomatik dialoq yoxdur". Sergey Markedonov hesab edir ki, Ermənistan və Azərbaycan arasında müharibə başlayacağı təqdirdə Rusiya öz silahlı qüvvələri ilə bu qarşıdurmaya müdaxilə etməyəcək.
Digər bir rusiyalı politoloq, Qafqaz məsələləri üzrə ekspert Andrey Yepifantsev isə bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa, Rusiya hərbi müdaxilə etməyəcək, yalnız diplomatik üsullarla müharibəni dayandırmağa çalışacaq.
Onun sözlərinə görə, əgər savaşa Ermənistan bütünlüklə cəlb olunsa, o halda Rusiya müdaxilə etməyə borcludur. "Lakin bu qarantiya Ermənistana aiddir. Dağlıq Qarabağa yox. Qarabağa bir şey olsa, Moskva yalnız diplomatik vasitələrlə bunun qarşısını almağa səy edəcək", - deyə politoloq qeyd edib.
Ekspertin qənaətincə, təmas xəttində yaşanan son gərginlik onun göstəricisidir ki, görüşlərdə anlaşma əldə edilməyib: "Səbəb aydındır – Minsk Qrupu dalana girib, çıxış yolu yoxdu. Bu gün danışıqlar masası üzərində olanlar nə Bakını qane edir, nə də İrəvanı".

Stanislav Tarasov isə qeyd edib ki, Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirə bilər, hətta Gürcüstan variantını təkrarladar.
O, Qarabağda müharibənin başlamasının regionda vəziyyəti dəyişəcəyini bildirib: "Bunlardan birincisi Qarabağın - Krım variantında olduğu kimi - tarixi köklərə əsaslanaraq, onu Rusiyanın öz tərkibinə qatmasıdır. Bakının BMT-də Rusiya əleyhinə qətnamənin xeyrinə səs verdiyi zaman bu imkandan öz maraqları çərçivəsində istifadə edəcəyi istisna edilmirdi. İkinci variant isə Azərbaycanın müharibə variantını seçməsidir. Bakı və İrəvan arasındakı müharibə nəinki regionda vəziyyəti gərginləşdirə bilər, hətta Gürcüstan variantını təkrarladar. Yəni Azərbaycanın addımı Qarabağın tanınmasına səbəb ola bilər. Ortada bir fakt var ki, ilk belə addımı Rusiya atacaq. Ona görə də Minsk Qrupu vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan Paris görüşünün intriqalarla dolu olacağı gözlənilir. Uorlik bütün tərəflərin fikirlərinin üst-üstə düşdüyünü desə də, biz Fransanın dolayısı yolla Moskva tərəfindən səslənmiş bəyanatı tənqid etdiyini görmüş oluruq. Bakı isə öz növbəsində Moskvanın əleyhinə olaraq Minsk Qrupunun saxlanılmasının vacib olduğunu bildirir. Görünür, Qarabağ ruleti hələ də fırlanır və getdikcədə sürətini artırır".

Millət vəkili Fazil Mustafa bu ehtimallarn mümkünlüyünə diqqət çəkib: "Təbii ki, burada təxribat elementləri də ola bilər. Kimlərsə, hansısa qüvvələr öz silah ixracatlarını artırmaq, hansısa iqtisadi-siyasi maraqlarını təmin etmək üçün bu savaşda maraqlı ola bilərlər. Odur ki, Qarabağ məsələsində məntiqli və soyuqqanlı olmaq lazımdır. Kiminsə sözü ilə qızışıb hərəkətə keçmək böyük itkilərə səbəb ola bilər. Azərbaycan bu cür ciddi və həlledici qərarları özü üçün sərfəli zaman və şərtlər daxilində qərar verməlidir".
Rusiya Dövlət Dumasının keçmiş deputatı Konstantin Zatulin isə Den-Tv kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi fikirlər səsləndirib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı hərbi qüvvələr yüksəkliklərə nəzarət edir. Azərbaycan tərəfi hansısa irəliləyişə nail olmağa cəhd edərsə, böyük itki verə bilər.
Politoloq Qabil Hüseynli deyib ki, Konstantin Zatulinin çıxışında ciddi hədə-qorxu elementi var: "Açıq-aşkar bildirmək istəyirlər ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistanın tərəfini tutur. Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiya Silahlı Qüvvələri ilə üz-üzə dayanacaq. Ona görə də Azərbaycan Rusiyanın addımı mütləq nəzərə almalıdır. Bu, çox təhlükəli tendensiyadır. Düzdür, Zatulin Rusiyanın siyasi elitasında böyük mövqe tutmasa da, hər halda o, elitasının fikrini ifadə etmək imkanlarına malikdir. Bu isə onu göstərir ki, son günlərdə Rusiyanın Dağlıq Qarabağla bağlı münasibətində yenə də kəskin dəyişikliklər yaranıb. Bu dəyişikliklər Azərbaycanın xeyrinə deyil. Bu nöqteyi-nəzərdən biz bu məsələdə Rusiya amilini qabartmağa davam etməkdən çəkinməliyik və Qərblə münasibətləri möhkəmləndirməyə doğru yönəlməliyik".
"Rusiyanın Qərbin hədəfinə alınması Cənubi Qafqazda rəsmi Moskvanın münaqişə ocağını qızışdırmasına səbəb ola bilərmi" sualına politoloq belə cavab verib: "Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsinə görə, Rusiya Cənubi Qafqazda münaqişəni qızışdıra bilməz. Zənnimcə, biz də müəyyən qızışdırıcı hərəkətlərə reaksiya verməməliyik. Çünki Rusiya getdikcə zəifləyir və sanksiyaların yeni dalğası hazırlanır. Rusiya elə hala düşə bilər ki, Cənubi Qafqazda gedən proseslərə müdaxilə edə bilməz. Deməli, zaman Azərbaycanın xeyrinə işləyir. Azərbaycan müəyyən qədər səbr etməli və gözləməlidir".
Zatulinin Dağlıq Qarabağla bağlı çıxışının Rusiya hakimiyyəti ilə bağlılığına gəlincə, politoloq bunu istisna etmir: "Zatulinin fikirlərində Rusiya dövləti ilə bağlılıq var. Çünki Rusiya avtoritar dövlətdir. Orda bir deputatın özbaşına bu cür qlobal miqyaslı hadisələrlə bağlı fikirlər söyləməsi asan məsələ deyil. Zatulin bu və ya digər formada rəsmi Moskvanın mövqeyini əks etdirir. Ona görə də pərişanlıq doğurur".
Dağlıq Qarabağda müharibənin yenidən başlanması ehtimalına gəldikdə, Qabil Hüseynlinin sözlərinə görə, irimiqyaslı, yəni bütün cəbhə boyu aparılan və qarşıya məqsədlər qoyulan müharibə ilə təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulması bir-birindən fərqlənir: "İndi baş verənlər atəşkəsin pozulması hallarıdır. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun dediyi kimi Ermənistanın bir gülləsinə 10 güllə ilə cavab verilməlidir, yəni Azərbaycanın indiyə qədər atdığı addımlar təşəbbüsün bizim tərəfimizdə olduğunu və ermənilərin xeyli dərəcədə özünü itirdiyini göstərir. Azərbaycan bu psixoloji üstünlüyü saxlamalıdır və düşmənin hər hansı məkrli niyyətlərinə qarşı cəsarətlə cavab verməlidir. Biz müharibə ritorikasını bir qədər zəiflətməliyik. O səbəbdən ki, bu Qərbdə kimlərinsə xoşuna gəlmir və Rusiyanı da bizə qarşı hiddətləndirir. Amma biz öz işimizi görməli, bunu hədələyici təbliğat vasitəsinə çevirməməliyik".