“Minsk ermənilərə daha bir dərs verdi” Siyasət

“Minsk ermənilərə daha bir dərs verdi”

Tofiq Abbasov: "İrəvan gərək Belorusun çevik və prinsipial gedişindən müvafiq nəticə çıxarsın..."

Dekabrın 23-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalayıb. Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkədə təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Belarusun Xarici İşlər Nazirliyi açıq bəyan edib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olduqdan sonra Dağlıq Qarabağın tərəf kimi bu quruma qəbul edilməsinə heç vaxt yol verilməyəcək. Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç deyib: "Biz bilirik ki, Qarabağ ərazisi Ermənistanın tərkibinə daxil deyil. Belə olsaydı, Gömrük Şurasına qəbul edilməzdi. Bunu erməni tərəfi də anlayır və qəbul edir. Müqavilədə açıq-aydın göstərilib ki, Dağlıq Qarabağ Ermənistan Respublikasının hissəsi deyil. Erməni tərəfinin rəsmi şifahi bəyanatı da buna sübutdur". Mixneviç söyləyib ki, Ermənistan Aİİ-yə qoşulması haqqında müqavilənin imzalanmasına qədər erməni tərəfi qanunvericiliyini təşkilatın normalarına uyğunlaşdırıb.
Politoloq Tofiq Abbasov bildirdi ki, Ermənistan rəhbərliyi cidd-cəhdlə uzun vaxtdır qondarma respublikanın rəsmiləşməsini gerçəkləşdirməyə çalışır: "Lakin qüvvədə olan beynəlxalq hüquq nöqteyi-nıəzərdən bu arzu reallaşa bilməyəcək. İrəvana havadarlıq edən ölkə və tərəflər gərək Belarus və Qazaxıstandan ibrət götürüb bütün müstəvilərdə elə etsinlər ki, ermənilər tam bir həqiqəti anlasınlar: Azərbaycan və dünyada say etibarı ilə artan dostları heç vaxt "DQR"-ı tanımayacaqlar. Əgər ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmaq istəməsələr onda rəsmi Bakı bu işi özü təmin edəcək və heç bir dövlət və ya rəsmi qurum ölkənin ərazi bütövlüyünün bərpasıənın məhkum etməyəcək.
Sözügedən kontekstdə Minsk ermənilərə daha bir dərs verib anlatdı ki, dünya nizamında özbaşına hərəkət edib özgə malına yiyə çıxmaq istəyi lazımsız işdir və bunun məsuliyyətini daşımaq misli olmayan çətinliklərlə nəticələnə bilər. Odur ki, İrəvan gərək Belarusun çevik və prinsipial gedişindən müvafiq nəticə çıxarsın...".
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, burada əsas məsələ odur ki, Azərbaycanla yaxın münasibətləri olan bir dövlət ortaya qəti mövqe qoyur: "Üstəlik, bu dövlət yeni qurulmuş və iddialı bir birliyin qurucularındandır. Bu baxımdan belə bir mövqe əhəmiyyətlidir. Tendensiyaya gəlincə, yaxşı presedentdir. Digər beynəlxalq qurumların da bunu pis-yaxşı diqqətə alması üçün yaxşı örnəkdir".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Belarusun addımı Ermənistanın Dağlıq Qarabağ siyasətində bu günədək olan ən vacib konkretləşmədir: "Ermənistan Dağlıq Qarabağı gah müstəqil dövlət, gah da özünün tərkib hissəsi kimi təqdim etməklə manevr edə bilirdi. İndi Ermənistan yalnız Dağlıq Qarabağın müstəqilliyi ideyası ilə manipulyasiya etmək məcburiyyəti qarşısındadır. Ermənistanın bu seçimi Ermənistanda və Dağlıq Qarabağda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasının tərəfdarlarının yenidən güclənməsi fonunda baş verdi. Ermənilər başa düşdülər ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması mümkün deyil".
Mübariz Əhmədoğlu bildirib ki, əslində ermənilərin 1987-ci ilin sonlarında başladıqları bu prosesin həqiqi adı əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın tərkibinə ilhaq etmək idi: "Bu ilhaqın birbaşa və ya bir mərhələyə mümkün olmayacağını başa düşən ermənilər Dağlıq Qarabağın müstəqilliyi ideyasını ortalığa atdılar.
Bu halda da əsil məqsəd, yəni Dağlıq Qarabağın ilhaqı niyyəti dəyişməmişdi. Ermənilərin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı pessimist olduqları dövrdə müstəqillik ideyalarına möhtac olmaları yaxın vaxtlarda ciddi nəticələr verəcəkdir".
Politoloq qeyd edib ki, Ermənistan Aİİ-ə üzv olduqdan sonra öz qanunlarında Aİİ-in tələblərinə uyğun müvafiq dəyişikliklər etdi. 20-yə yaxın qanunda iri dəyişikliklər edildi. Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmadığını bildirən Ermənistan bu kontekstdən də öz qanunvericilik aktlarında dəyişiklik etməlidir...
Politoloqun sözlərinə görə, Ermənistanın Aİİ-yə üzv olmaqla bağlı Dağlıq Qarabağ kontekstində üzərinə götürdüyü öhdəlik yeni şərait yaradır: "Ona görə iki vacib məsələ nəzərə alınmalıdır: Birincisi, məhz Ermənistanın Dağlıq Qarabağ məsələsindəki davranışını və bu davranışın Aİİ-yə təsirini öyrənib aradan qaldırmaq üçün Aİİ daxilində xüsusi komissiya yaradılması çox məqsədəuyğundur. Aİİ üzvlüyü ilə əlaqədar daha bir məsələni təkrarən yada salmaq istəyirik. Mülkiyyət məsələləri Aİİ ilə Azərbaycan arasında gərginlik yarada bilər. Ermənistan hal-hazırda özünü Rusiyadan çox narazı kimi aparır. Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyindən narazı olan Ermənistan eynilə həmin mövqeyini nümayiş etdirən Qərblə az qala müttəfiqlik siyasəti aparır. Ermənistanda antirusiyaçılıq hətta antitürkiyəçiliklə müqayisə oluna bilər. Serj Sərkisyan və Seyran Ohanyanın idarə etdiyi Dağlıq Qarabağda Rusiya vətəndaşı olan azərbaycanlı girova Azərbaycan vətəndaşı olan azərbaycanlı girovdan daha ağır cəza kəsildi".

Əli