Errmənistan gərginlik yaratmaqda niyə maraqlıdır? Siyasət

Errmənistan gərginlik yaratmaqda niyə maraqlıdır?

Azad İsazadə: "Ermənistan bu günə qədər Qərbin təzyiqi altında nisbi olaraq "sülhməramlı hərəkətlər etməyə" çalışırdı"

Elman Məmmədov: "Bu, Sarkisyan rejiminin terrorşu rejim olduğunu bir daha təsdiqləyir"

Zahid Oruc: "Ermənilərin 2015-ci ili hərbi əməliyyatlarla başlamasının arxasında daha böyük planlar var"

Ermənistan mətbutı növbəti dəfə təxribat xarakterli məlumat yayıb. Ermənilərin iddialarına görə, cəbhədə 3 Azərbaycan hərbçisi həlak olub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cəbhədə Azərbaycan Ordusunun guya üç hərbi qulluqçusunun öldürülməsi barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatlar yalandır.
Həmçinin əlavə edilib ki, Ermənistan mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı "unter zabitin" məhv edilməsi barədə məlumatları dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, erməni kütləvi informasiya vasitələrində bu il yanvarın 5-dən 6-na keçən gecə cəbhədə qoşunların təmas xəttində baş verən atışma zamanı Azərbaycan Ordusunun 3 hərbi qulluqçusunu itirdiyi barədə məlumatlar yayılıb. Ermənilər hətta hərbçilərimizdən birinin "adı və soyadını", eləcə də "xidmət etdiyi hərbi hissəsinin nömrəsini" də qeyd ediblər
Xatırladaq ki, ermənilər dekabrın sonları və yanvarın 2-3-də cəbhə xəttində yenidən fəallaşıblar. Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri ilə düşmən itkilər verərək, geri çəkilməyə məcbur olub.
Hərbi ekspert Azad İsazadə isə deyib ki, Ermənistan bu günə qədər Qərbin təzyiqi altında nisbi olaraq "sülhməramlı hərəkətlər etməyə" çalışırdı. Politoloqun sözlərinə görə, ermənilərin son günlər cəbhə xəttində fəallaşmasının ardında siyasi vəziyyət dayanır: "Ukrayna hadisələrindən sonra beynəlxalq təhlükəsizlik sisteminin ləğv olunduğu ortaya çıxdı. Artıq bu istiqamətdə beynəlxalq saziş və müqavilələr işləmir. Ermənilər də bundan istifadə etməyə çalışırlar. Ermənistan bu günə qədər Qərbin təzyiqi altında "sülhməramlı hərəkətlər etməyə" çalışırdı. Amma onlar Rusiyanın Ukraynada etdiklərini görürlər. Ermənilər də həmin hərəkəti burada etməyə çalışır. Həm də başa düşürlər ki, ruslar da artıq bu vəziyyətdə onlara bir o qədər kömək edə bilmir. Hətta rəsmi İrəvan ara-sıra Türkiyəyə də ismarışlar göndərir. Yəni Serj Sarkisyan "qan-qan" deyir. Onu yerinə otuzdurmayana qədər, "alovu" söndürülmədikcə bu gərginlik davam edəcək".
Azad İsazadə həmçinin vurğulayıb ki, bu günə qədər cəbhə xəttindəki vəziyyətin daha da alovlanmamasının bir sıra səbəbi var. Üstəlik son hadisələr ermənilərin yeni hiyləsidir: "Çünki Azərbaycan erməni provokasiyalarına periodik cavab qaytarır. Ermənilər də qarşısındakı güclə razılaşmağa məcbur olub, müvəqqəti dayanmalı olurlar. Avqust hadisələri, payız dövründəki gündəlik atışmalar və son hadisələrin arxasında da erməni məkrliyi dayanır. Onlar Azərbaycanın müdafiə sisteminin zəif nöqtələrini axtarmağa çalışırlar".
Millət vəkili Elman Məmmədov bildirib ki, Ermənistanın kəşfiyyat-diversiya qrupunun daha çox Azərbaycanın dinc sakinlərini hədəfə alması Sarkisyan rejiminin terrorşu rejim olduğunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı olaraq ortada təkzibolunmaz faktlar mövcuddur: "Serj Sarkisyanın özü də əvvəllər cinayətkar qruplara rəhbərlik edən səhra komandirlərindən biri olub. Cinayətkarın, terrorçunun, hərbi caninin rəhbərlik etdiyi bu dövlət hər zaman dinc əhaliyə qarşı müəyyən cinayət əməlləri törədib. Mən istəyərdim ki, beynəlxalq təşkilatlar bu məsələyə daha çox diqqət yetirsinlər. Məhz bu cür cinayət əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın dinc sakinlərinin terror qurbanı olmasının qarşısını almaq olar. Bu yöndə müvafiq tədbirlər görülməlidir. Bu gün Azərbaycan ərazisində erməni kəşfiyyat -diversiya qrupu dinc əhaliyə qarşı, sözün əsl mənasında müharibə mövqeyi sərgiləyir. Təbii ki, Azərbaycan tərəfi də öz hərbi gücündən istifadə edərək bu qruplara qarşı mübarizə aparır. Ancaq beynəlxalq təşkilatların havadarlıq etdiyi Ermənistan dövlətinin bu cür təxribatçı hərəkətlərinin qarşısını almaq üçün, bütün dünya ictimaiyətinin diqqətini bu məsələyə çəkmək lazımdır".
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucl bildirib ki, əslində hazırkı dönəmdə Qarabağ cəbhəsindəki vəziyyət 10 il öncəkindən xeyli fərqlidir. Zahid Oruc fikrini belə əsaslandırıb ki, artıq hər iki tərəf yeni hərbi mühitə uyğun fərqli taktikalarla çıxış edirlər: "Ermənilərin 2015-ci ili hərbi əməliyyatlarla başlamasının arxasında daha böyük planlar var. Onlar çalışacaqlar ki, Azərbaycanda müharibənin getdiyini beynəlxalq aləmə yaysınlar. Bununla da sübut etmək istəyirlər ki, guya Azərbaycanın təhlükəsizlik şəraiti Ermənistandan asılıdır. Son günlər baş verən hücumlar onların işinə yarayır. Kimsə düşünə bilər ki, bu regionda hansısa güc mərkəzinin sifarişi əsasında baş verir və əsas məsələ Qərbi təhdid etməkdir ki, Qafqazdakı şəraitə onlar nəzarət edə bilməzlər. Ancaq hesab edirəm ki, həqiqətən də postsovet məkanında vəziyyət o qədər gərgindir ki, artıq Qarabağ məsələsinin silahlı toqquşmalar səviyyəsinə qayıtmasının Qərbin, yoxsa Rusiyanın planları üçün əlverişli olmasını müəyyən etmək çətindir. 2015-ci ilin ağır və gərgin olacağını bəri başdan söyləmək olar. Bunun üçün peyğəmbərlik tələb olunmur. Bu mənada çox arzu edirəm ki, Qarabağ cəbhəsində 2015-ci ildə sakitçilik olsun. Azərbaycan Ordusu düşmənin arxa cəbhəsinə keçərək, oradakı vəziyyəti öyrənib və onların torpaqlarımızda məskunlaşmasına mane olub. Bu taktika 2014-cü ilə kimi özünü doğruldub. Ancaq hesab edirəm ki, 2015-ci ildən planlar dəyişməlidir. Azərbaycan dövləti də daha böyük miqyasda bu prosesləri görür və öz hazırlıqlarını aparır".
Zahid Oruc bildirib ki, ermənilər çalışacaqlar ki, Azərbaycanı qeyri-sabit bir məkan kimi göstərsinlər: "Bu səbəbdən Qarabağ cəbhəsində 2015-ci ildə sakitliyin olmasına daha çox ehtiyacımız var. Əgər regional proses dəyişəcək və bütövlükdə torpaqlarımızı azad etmək imkanı yaradılacaqsa, Ali Baş Komandan bundan maksimum dərəcədə istifadə edəcək. Əks təqdirdə bir atılan gülləyə, on qat artıq cavab verməklə itkilər olacaq, toqquşmalar intensivləşəcək və beləliklə də Azərbaycanın söylədiyimiz tədbirlərdən daha çox faydalanmasına mənfi təsir göstərə bilər". Millət vəkili hesab edir ki, məhz bu səbəblərə görə, Azərbaycan-Ermənistan arasında 2015-ci ildə fərqli razılaşmalar olmayacaq: "Ancaq mən sülh razılaşmalarının daha çox tərəfindəyəm. Çünki cəbhədə şəraitin dəyişməsi bütövlükdə Bakıda və ümumən Azərbaycan cəmiyyətində hiss olunur. Düşünün ki, həmin oyunların getdiyi dövrdə Qarabağda da başqa "oyunlar" gedir. Bu zaman vətəndaşlarımızla birlikdə beynəlxalq informasiya vasitələrinin nəzərləri də ora yönələcək. Bu da bizim üçün yaxşı deyil". Zahid Oruc hesab edir ki, cəbhədə vəziyyətin gərginləşməsində Rusiyanın marağı yoxdur: "Rusiyanın hazırkı dönəmdə Qarabağ proseslərinin arxasında durduğunu qəbul etmirəm. Sadəcə olaraq, artıq ənənəvi mövqedir ki, hər bir məsələdə Rusiyanı günahlandırmağımıza illərimizi xərcləmişik. Doğrudan da şimal qonşumuz 1990-cı illərdə mənfi rolu oynamışdı. Ancaq indi Rusiya-Azərbaycan arasında münasibətlər xeyli dərəcədə irəliləyib. Bu isə Ermənistanın ziyanına işləyir. Açıq şəkildə qarşı tərəfin siyasi imkanlarına da ziyan vurur. Onlar Qərblə əlaqələrini gücləndirməyə çalışırlar. Bu da bizim üçün faydalıdır. Çünki Ermənistanın xarici siyasətinin bitərəfliyindən biz də ziyan çəkirik. Əgər Rusiya bizi xarici siyasətimizdən tamamilə daşındırıb, birxətli siyasətə sürükləmək istəyir deyiriksə, bunu onlar 1990-cı illərdə ediblər. Lakin bu taktika əks effekt verib. Hərbi cəhətdən Azərbaycanı özlərinə qoşmaq üçün də Qarabağda gərginlik yaratmaq Rusiyanın marağında deyil. Üstəlik də müxtəlif iqtisadi-siyasi razılaşmalar son altı ayda intensivləşib. Sanksiyalar müharibəsinin ağır təsirləri fonunda Qarabağda savaş aparmaq Rusiyanın heç bir halda karına gəlməz. Baş verənlər sadəcə olaraq, Ermənistanın Azərbaycanın inkişafını qısqanmasından irəli gəlir. Qarabağda təhlükəsizliyin və sülhün qorunması, hazırkı halda Rusiyanın da maraqlarına cavab verir. Buna isə ən çox Ermənistan zərbə vurur. Düşünürəm ki, Putini hazırkı dönəmdə şantaj edən məhz Ermənistandır. Ermənistan bildirir ki, Putin hökuməti onlara daha çox diqqət göstərsin. Əks halda, guya Azərbaycan nəinki Qarabağı bütövlükdə Ermənistanı ələ keçirər. Bu da artıq Türkiyənin ənənəvi siyasətinin bərpası olar. Nəticədə isə Rusiya Qafqazdan tamamilə sıxışdırılar. Qeyd etdiyimiz fikirləri səsləndirərkən "süngü ilə qarşılanırsan". Çünki biz də haqlı olaraq on illərlə Rusiyanı tənqid etmişik. Lakin hazırkı şəraiti düzgün dəyərləndirmək lazımdır. Bu gün Qarabağdakı hadisələr Rusiyadan qaynaqlanmır".

Əli