Müsavatda “cadugər” axtarışı Siyasət

Müsavatda “cadugər” axtarışı

Sabir Məmmədli: "Bu, partiya daxilindəki proseslərin nəticəsidir"

Hüseyn Məlik: "Hərəkata qarşı aparılan kampaniyanın başında Arif Hacılı durur"

Elman Məmmədov: "Müsavat Partiyasının parçalanması gözlənilən idi"

Müsavat Prtiyasında qarşıdurma artıq növbəti patşalanmanı qaçılmaz edib.
Narazı müsavatçıların lideri, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilat komitəsinin sədri Qubad İbadoğlunun fəaliyyətinin Müsavat rəhbərliyi tərəfindən Nizamnamə pozuntusu kimi qiymətləndirilməsi digər narazı müsavatçı Vurğun Əyyub tərəfindən cavablandırılıb. Müsavat rəhbərliyinin məsələ ilə bağlı qiymətləndirməsinə ilginc arqument gətirən Vurğun Əyyub sosial şəbəkədəki şəxsi hesabında bildirib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasında heç bir Nizamnamə pozuntusuna yol verilməyib və Hərəkat da Müsavat Partiyasına qarşı deyil:"2003-cü ildə Arif Hacılı da daxil olmaqla bir qrup insan Müsavat Partiyasının üzvü ola-ola bir hərəkat yaratmışdılar. Eləcə də indi İsa Qəmbər bir siyasi düşüncə mərkəzinə rəhbərlik edir".
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu adıçəkilən hərəkatın sosial şəbəkədəki hesabında yazıb:"Bir neçə ay əvvəl mənə partiyada ən yüksək vəzifələri təklif edənlər indi partiyadan kənarlaşdırılmağımla bağlı zəmin yaradırlar. Əgər Divanda qərarlar əvvəlcədən sifarişlə hazırlanmış qaydada qəbul olunursa, Nizamnamə normalarına istinad yoxdursa, Divan uzun illər fəaliyyət göstərən partiya üzvlərini məhkəmə kimi mühakimə və ittiham edirsə, o qurumdan istənilən qərarı gözləmək mümkündür". ADR-in rəhbəri bu kimi qərarların Müsavata yalnız zərər verəcəyini qeyd edib: "Bu qərar və bunun davamı olaraq veriləcək istənilən qərar partiyanın nüfuzuna ciddi zərbə olacaq. Demokratiya uğrunda mübarizə aparan istənilən partiya, o cümlədən Müsavat Partiyası öz qərarlarında demokratik normalara, Nizamnaməyə və Proqram müddəalarına əsaslanmalıdır".
Qubad İbadoğlu ADR-ə qarşı aparılan hücumların Müsavat rəhbərliyinin narahat olması ilə də əlaqələndirib və bildirib ki, hərəkatın Müsavata heç bir aidiyyatı yoxdur: "Azərbaycan Demokratiya və Rifah Hərəkatının yaradılmasının Müsavat Partiyasına heç bir aidiyyəti olmasa da, öz fəaliyyətsizliyini ört-basdır etmək istəyən, indiyə qədər ortaya bir nəticə qoya bilməyən rəhbərlik bizim məhsuldar fəaliyyətimizdən narahatdır və hədəf olaraq da hərəkatdakı fəallığımızın azaldılmasını seçib".
Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədli deyib ki, Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası aydınlaşdırmalı idi ki, bir neçə partiya üzvü nə üçün Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi yaradıb:"Bunun bir neçə ciddi səbəbi. Müdafiə komitəsi yaradan partiya üzvləri Mərkəzi Nəzarət-Təftiş Komissiyasının işinə müdaxilə etmirlər, amma bununla yanaşı, öz istəklərini ortaya qoymaq istəyirlər. Müəyyən mənada həmin partiya üzvləri MNTK-nın fəaliyyətindən tam razı qalmadıqlarına görə bu addımı atıblar. Digər tərəfdən, bir neçə partiya üzvü tərəfindən Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin yaradılması partiya daxilindəki proseslərin nəticəsidir. Yalnız nəticə haqqında danışa bilmərik, bunun səbəblərinə diqqət yetirmək lazımdır. Ən doğru yol o olardı ki, MNTK kimisə cəzalandırmaq, partiyadan kənarlaşdırmaq, töhmət vermək və başqa cəza tədbirlərinin əvəzinə, bu addımı atan partiya üzvləri ilə görüşüb, müzakirə aparsın. Çünki MNTK-nın vəzifəsi tək cəza vermək deyil. Müsavat Partiyası siyasi təşkilatdır və burada müəyyən bir diskussiya, anlaşma olmalıdır. Bu baxımdan görüşdə razılığa gəlinə və həmin partiya üzvləri inandırıla bilinərdi ki, partiya üzvlərinin hüquqlarını müdafiə funksiyasını MNTK həyata keçirəcək. Yəni narazı partiya üzvləri Divana, MNTK-ya müraciət etsinlər ki, pozulmuş hüquqları bərpa olunsun. Başqa sözlə, yalnız nəticədən danışmaq yox, səbəblərə diqqət yetirmək lazımdır. Burada müəyyən mənada uzlaşmaya nail olmaq olar, ziddiyyətə getməyə ehtiyac yoxdur".
"Qubad İbadoğlu məsələsi artıq partiyadaxili məsələ deyil. Baş verənlər hakimiyyətlə Müsavat arasında mübarizənin növbəti mərhələsidir",-deyən Müsavat başqanının müavini Səxavət Soltanlının sözlərinə görə, faktiki olaraq Qubad İbadoğlunun fəaliyyəti Müsavatda parçalanma görüntüsü yaratmağa hesablanıb: "Təbii ki, bu fürsəti gözləyən başqaları da bundan faydalanmaq istəyəcəklər. Biz narahat deyilik. Müsavatçılar sona qədər Müsavat Partiyasını qoruyacaq və daha da gücləndirəcək. Lakin demokratik düşərgə bir şeyi unutmamalıdır. Kimlərsə Müsavat Partiyasına xəyanət edibsə, Müsavatdan qovulubsa, onların demokratik düşərgəyə fayda verəcəyinə ümumiyyətlə inanmayın. Onları özünüzə yaxın buraxmayın. Ən yaxın tarixə nəzər salmaqla bunu özünüz də aydın görə bilərsiniz".
S. Soltanlının sosial şəbəkələrdə paylaşdığı bu fikirlərinə Qubad İbadoğlu suallarla sərt münasibət bildirib: "15 il əvvəl niyə haqqımda bu kimi fikirlər səsləndirilmirdi? Niyə partiyanın güclənməsi ilə məşğul olmurlar? 15 il əvvəl sən özün harada idin?", - deyə sual edib.
Səxavət Soltanlı bildirib ki, o, Qubad İbadoğlundan fərqli olaraq, partiyada 15 il əvvəl heç bir vəzifə daşımayanda Müsavatın, İsa Qəmbərin siyasətini təbliğ edib: "15 il əvvəl 18 yaşım var idi. Bakı Dövlət Universitetində 2-ci kursda təhsil alırdım. Müsavat Partiyası sıralarında yeni idim, Müsavat Gənclər Təşkilatında "BDU" özəyini formalaşdırıb dostlarla birlikdə Müsavatı təbliğ edirdik. Sıralarımıza yeni insanlar qoşurduq. Heç bir vəzifəm yox idi. Qubad bəy, sizdən fərqli olaraq heç bir vəzifə daşımayanda da Müsavat Partiyasını, İsa Qəmbəri və silahdaşlarının siyasətini dəstəkləyirdim. Mən sizə sual vermirəm ki, 18-19 yaşınız olarkən Azərbaycanda müstəqillik uğrunda gedən mübarizədə nə işlə məşğul olmusunuz? Doğulduğunuz torpaq təhlükədə olanda, sizin indi qarşı olduğunuz Müsavatın lideri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı orada müdafiəni təşkil edəndə siz 22 yaşınızda nə işlə məşğul olmusunuz? Harada olmusunuz?"
S. Soltanlı əlavə edib ki, Q. İbadoğlu 15 il əvvəl Müsavata qarşı fəaliyyətlə məşğul olmadığı üçün onun haqda belə fikirlər səsləndirilmirdi.
"Azərbaycan Demokratiya və Rifah Hərəkatı Müsavat Partiyasına qarşı deyil. Əslində Müsavat Partiyası Azərbaycan Demokratiya və Rifah Hərəkatına qarşıdır",-deyən hərəkatın təsisçisi olan Hüseyn Məlik Müsavat başqanı Arif Hacılını kəskin tənqid edib. O, bəyan edib ki, təmsil etdiyi hərəkata qarşı aparılan kampaniyanın başında Arif Hacılı durur: "Əvvəl deyirdilər ki , tədbirin keçirilməsini məqsədəuyğun hesab eləmirik , sonra da dedilər ki , sizə zal hazırlamışdıq, hətta video kamera da quraşdırmışdıq, tədbirinizi niyə keçirmədiniz? Deyirlər ki , Müsavat daxilində müsavatçıların hüquqlarını müdafiə komitəsi yaratmaq olmaz , bu məntiqə görə dövlətin daxilində də vətəndaşların müdafiə komitəsi yaradılmamalıdır". İsa Qəmbərin sabiq müşaviri daha sonra partiyanı 2015-ci il parlament seçkiləri öncəsi bazarlıq etməkdə günahlandırıb və mandat əldə etmək üçün aparılan oyunları pisləyib.
"Qubad İbadoğlunun Müsavatda tərəfdarları çoxdur. Buna görə də, onun partiya rəhbərliyindən uzaqlaşdırma məsələsində hazırki Müsavat rəhbərliyi ehtiyat edir",-deyən Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə, Qubad İbadoğlu Müsavatın qurultayında demək olar ki, Arif Hacılı ilə bərabər sayda səs almışdı: "Onun özü də bildirib ki, qurultayda səslər düzgün hesablanmayıb. Əgər səsvermə düzgün keçirilsəydi, hazırda o başqan idi. Bu onu göstərir ki, Qubad İbadoğlunun Müsavatda tərəfdarları çoxdur və buna görə də, onun partiya rəhbərliyindən uzaqlaşdırma məsələsindən hazırki Müsavat rəhbərliyi ehtiyat edir. Əgər bu baş versə, Qubad İbadoğluya səs verən insanlar yəqin ki, buna biganə qalmayacaqlar. Bu isə Müsavat Partiyasının sonu ola bilər. Onsuzda indiki şəraitdə Müsavat Partiyasında ciddi proseslər gedir. Bildiyimiz kimi, çox tanınmış insanlar, Müsavatın qurucuları partiyanı tərk edirlər. Bu gün Müsavatın taleyi sanki ipdən asılıdır. Hazırki şəraitdə Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılmamasının əsas səbəbi də, məhz onu dəstəkləyənlərin sayının çox olması ilə əlaqədardır".
"Radikal müxalifət liderlərinin özləri də bilir ki, onların arxasında yüz adam belə yoxdur. Sadəcə saxta yolla gündəmi dəyişməyə, özlərini zorla ictimai rəyə sırımağa çalışırlar,-deyən millət vəkili Elman Məmmədovun sözlərinə görə, Müsavat Partiyasının parçalanması gözlənilən idi: "Əslində bu partiyadan uzun illər idi qopmalar vardı. Sadəcə bəzi müsavatçılar ümumiyyətlə, partiyadan çıxmaq haqqında ərizə verməyə belə həvəsli deyildilər. Onlar istefa barədə ərizə vermədiklərinə görə, həmin adamların adları üzvlər siyahısında gedirdi. Son dövrlər isə partiyada nisbətən aktiv fəaliyyət göstərən şəxslər istefa verməyə başlayıb ki, bu onsuz da aqoniya vəziyyətində olan Müsavat Partiyasının sonu deməkdir. Əgər bu partiyanın rəhbərliyində 22 ildə dəyişiklik olmayıbsa, ondan sonra da formal bir adamı gətirib rəhbər qoyub, yenidən partiyanı əvvəlki şəxsin idarəçiliyinə verirlərsə, parçalanma olmalı idi. Artıq müsavatçıların özləri də təkrarçılıqdan bezib. Bu təkcə Müsavat Partiyasına deyil, AXCP və digər radikal müxalifət partiyalarına da aiddir. Hesab edirəm ki, radikal müxalifət düşərgəsinin bu duruma düşməsinin əsas səbəbi illərdir cəmiyyəti aldatmaları və təxribatçı fəaliyyət göstərmələri ilə bağlıdır".

Əli