İctimai Palata, Milli Şura, indi də “Düşüncə Mərkəzi” Siyasət

İctimai Palata, Milli Şura, indi də “Düşüncə Mərkəzi”

Zahid Oruc: "Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş"
Araz Əlizadə: "Düşüncə Mərkəzi"ndə düşünmə qabiliyyəti olmayan şəxslər toplaşacaq"

İctimai Palata və Milli Şuranın fiaskosundan sonra müxalifət düşərgəsində "Düşüncə Mərkəzi" adlı yeni qurumunq yaradılması təşəbbüsü irəli sürülüb.
Bununla da fəaliyyətinə xitam verilmiş İctimai Palata üzvləri martın sonunda yeni "Düşüncə Mərkəzi" adlı qurum təsis edə bilər. Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, artıq mərkəzin yaradılması ilə bağlı ilkin müzakirələr gedir. Pənah Hüseynin sözlərinə görə, mərkəzin keçmiş İctimai Palata və ya Milli Şura kimi siyasi qurum deyil, daha çox intellekt mərkəzi kimi yaradılması nəzərdə tutulur: "Mərkəzə hazırda yeni təşkilat kimi baxılması doğru olmazdı. Bu daha çox təşkilat olmayan bir təsisat olacaq. Mərkəzin yaradılması təşəbbüs olaraq irəli sürülüb və bu istiqamətdə hazırda ziyalılarla məsləhətləşmələr aparılır. Məsləhətləşmələr uğurla aparılsa, martın sonlarında bir nəticəyə gəlmək olacaq. Mərkəzi keçmiş İctimai Palata və digərləri ilə müqayisə etmək doğru deyil. Burada daha çox intellektual fəaliyyətin prioritet olması nəzərdə tutulur. Müəyyən ictimai-siyasi xadimlər bir araya toplanırsa, burda bir keyfiyyət yaranır. Təşəbbüs kimi irəli sürülən Düşüncə Mərkəzinin necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək".
"El" Hərəkatı sədrinin müavini Köçəri Nağıbəyli bildirib ki, müxalifətin yeni birliyi daha çox təşkilat olmayan bir təsisat olacaq: "Düşüncə mərkəzi" keçmiş İctimai Palata və ya Milli Şura kimi siyasi qurum deyil, daha çox intellekt mərkəzi kimi yaradılması nəzərdə tutulur. Son üç ildə İctimai Palatanın Koordinasiya Şurasında faktiki olaraq beyin mərkəzi yaranıb və "Düşüncə Mərkəzi"nın yaradılmasını istəyirlər. Bu, hamımızın ideyasıdır. Əvvəlcədən belə bir mərkəzin yaradılmasını planlaşdırırdıq. Məsləhətləşmələr uğurla aparılsa, martın sonlarında bir nəticəyə gəlmək olacaq. Hesab edirik ki, bu mərkəz demokratiya uğrunda mübarizədə töhfələr verəcək. Bu mərkəzə ziyalılar, sənətçilər də qoşulaşaq".
Maraqlıdır, bir birinin ardınca iflasa uğrayan müxalifət birlikləri - İctimai Palata və Milli Şuradan sonra "Düşüncə Mərkəzi"nin bir əhəmiyyəti olacaqmı?
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov yeni müxalifət düşərgəsində yaradılacaq "Düşüncə Mərkəzi"ndən danışarkən "Orada düşünən var ki, "Düşüncə Mərkəzi" yaradalar?",- deyə bildirib: "Mənasız bir şeydir. Adlarını nə qədər dəyişirlər dəyişsinlər mahiyyət dəyişmir". Onun sözlərinə görə, müxalifət partiyalarının bütün blokları uğursuz olub: "Həmişə eyni adamlardan təşkilat yaradırlar. Bir neçə gün öncə İctimai Palatanı bağladılar. Həmişə "İctimai Palata" deyib qışqırırdılar. Bir müddət öncə də Milli Şuranı yaratmışdılar. Müxalifət təşkilatları bir-bir Milli Şuranı tərk etdi. Onlar yeni adlarla insanları cəlb etmək istəyirlər. İnsanlar hansısa təşkilata ada görə yox, ora toplaşan insanların nüfuzuna görə gedir. Onların yaratdığı bütün təşkilatlar mənasız olub".
Millət vəkili Zahid Oruc müxalifətin yaratdığı Düşüncə Mərkəzi ilə bağlı fikirlərini bildirərkən deyib ki, müxalifətin radikal qanadı hazırda çox durğun bir dövr yaşayır: "Obrazlı şəkildə deyilir ki, Brejnev qatarın getməməsi barədə belə danışır - "bizim gərəkən vaqonlarımız yoxdur, yolları çəkməmişik, heç relslər də yerində deyil, siz pərdələri tərpədin ki, qatarın getdiyi mənzərəsi yaransın". İndi belə vəziyyət bizim müxalif cinahda yaşanır". "Adamdan soruşarlar ki, İctimai Palata adı nə qədər devalvasiyaya uğradı ki, siz bundan da imtina etdiniz?", -deyə, sual edən millət vəkilinin sözlərinə görə, radikallar yaratdıqları birlikləri Volodarski fabrikinin kostyumundan da tez dəyişirlər: "Çox sürətli şəkildə zahiri libaslarını yeniləyirlər. Onlar haqda epitetlərlə danışmazdım, əgər ortaya ciddi fəaliyyət qoymuş olsaydılar. Sual versək ki, son yaratdıqları Düşüncə Mərkəzi İctimai Palata, yaxud, Milli Şuradan nə ilə fərqlənir, onlar buna cavab verə bilməyəcəklər". Millət vəkili həmçinin qeyd edib ki, hər hansı birliyin yaranması üçün mütləq şəkildə siyasi ideya olmalıdır: "Tutarlı arqumentlər olur, komanda qurulur, cəmiyyətin müxtəlif dairələri quruma cəlb edilir. Daha sonra isə hakimiyyətin kursuna alternativ proqramlar təqdim olunur və dövləti idarə etmək uğrunda mübarizə aparılır. Tutaq ki, iqtidar bunlara müəyyən təzyiqlər göstərir, imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bəs onların özünün klub kimi normal, stabil bir əsasda birləşmələrinə kim mane olur?
Milli Şuranın xarici ssenari əsasında ortaya gətirildiyi hamıya məlum oldu. Sonda da bu qurumu özləri dağıtdılar. İndi yenisini qurmaqla nəyəsə ümid edirlər? Heç olmasa, yaratdıqlarına cazibədar siyasi ad seçərdilər. Düşüncə Mərkəzi nədir? Deməli, Milli Şura və digərləri qeyri-düşüncə mərkəzi imiş. Onu da deyim ki, digər bir ad seçmiş olsaydılar belə, yenə də ciddi, siyasi dəyişiklik müşahidə edəcəyimizə inanmazdım. Bu qurumun Azərbaycan cəmiyyətinə, onun siyasi sisteminə heç bir təsiri olası deyil". Zahid Oruc mətbuata açıqlamasında daha sonra sözlərinə əlavə edib: "Əvvəla deyim ki, Düşüncə Mərkəzi adını daşıyan belə bir axmaq qurum adı eşitməmişəm. İctima Palata buraxılandan sonra başqa bir qurum yaratmaq istəyirlərsə, özü də bu qurumun adı Düşüncə Mərkəzi olacaqsa, deməli, onlar hələ də təklikdə düşünə bilmirlər".
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, hansısa cəlbedici adın qoyulmasının radikal müxalifətin simasını dəyişməyəcəl. Partiya sədri əlavə edib ki, onlar yeni qurum yaratmaqla donlarını genişləndirəcəklər: "Düşüncə Mərkəzində düşünmə qabiliyyəti olmayan şəxslər toplaşacaq".

Əli