Türkiyənin Baş Ombudsmanı: “Ermənistandan fərqli olaraq, Azərbaycan yüksək müharibə mədəniyyəti nümayiş etdirdi” - MÜSAHİBƏ Siyasət

Türkiyənin Baş Ombudsmanı: “Ermənistandan fərqli olaraq, Azərbaycan yüksək müharibə mədəniyyəti nümayiş etdirdi”  - MÜSAHİBƏ

Türkiyənin Baş Ombudsmanı Şeref Malkoçun APA-ya müsahibəsi

- 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanda səfərdə oldunuz və rəhbərlik etdiyiniz qurum tərəfindən müharibə zamanı Ermənistanın insan haqları pozuntularını əks etdirən hesabat hazırlandı. Müvafiq hesabatı Türkiyədəki xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq insan haqları və ombudsmanlıq təşkilatlarına göndərdiniz. Hesabatı təqdim etdiyiniz qurumların reaksiyası necə oldu?

- Bildiyiniz kimi, Ombudsman təsisatının missiyasına hüquqi məsələlərə, o cümlədən insan haqlarına dair vəziyyəti nəzarətdə saxlamaq daxildir. Ermənistan müharibə bölgəsindən uzaqda yerləşən əraziləri – Gəncəni və Azərbaycanın digər şəhər və rayonları bombalayırdı. Bu hücumlar nəticəsində Azərbaycanın mülki vətəndaşları qətlə yetirildi, yaralandı. Evlər dağıdıldı, uşaqlar yetim qaldı.

Bəli, müharibə gedən zaman biz Azərbaycanda səfərdə olduq. Səfər zamanı Bakıda Azərbaycan Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Ədliyyə naziri, Ombudsman, Ali Məhkəmənin sədri ilə görüşlərimiz keçirildi. Ermənistanın raket atəşi nəticəsində yerlə-yeksan edilmiş ərazilərdə olduq, qətlə yetirilənlərin ailələrinə və yaralılara baş çəkdik. İnsanların fəryadına yerində şahid olduq...

Qısa zamanda topladığımız sənədlər, dəlillər əsasında hesabatı hazırlayaraq ingilis dilinə tərcümə edib, başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla dünyadakı bütün insan haqları qurumlarına göndərdik. Bu addımımız çox yaxşı reaksiya doğurdu. Bu, bizim sözün həqiqi mənasında insanlıq vəzifəmiz idi və biz onu icra etdik.

Digər tərəfdən, Azərbaycan və Türkiyə xalqları qardaşdır. Təbii ki, savaşlar olur, amma kaş olmayaydı. Ermənistanın insanlıqdan kənar davranışları cəzasız qalmamalıdır. Fikrimcə bunun üçün də prinsipial və israrlı olmaq lazımdır.

Onu da qeyd edim ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasına üzv ölkələrin böyük əksəriyyəti hesabatdan məmnunluqlarını ifadə etdilər. Hesabata görə Avstraliyadan tutmuş Cənubi Amerikaya qədər və dünyanın digər yerlərindən Türkiyəyə təşəkkür məktubları gəldi. Hüquq təşkilatlarının vəzifəsi hadisələri, hüquq pozuntularını düzgün və yerində araşdırmaq, bunun düzgün şəkildə yayılmasını təmin etməkdir. Bizim etmək istədiyimiz budur. Çox təəssüf ki, ermənilər beynəlxalq aləmdə çox yaxşı təşkilatlanıblar, xüsusilə Avropa və Amerikada çox fəaldırlar. Xeyli maliyyə ayırıb, yalan-yanlış xəbər yayırlar. Bunun qarşısı alınmalıdır.

- Hazırladığınız hesabatı Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etdiyinizi bildirdiniz. Sizcə Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması nə dərəcədə mümkündür?

- Hüquqda qaldırılan iddialar əsasında məhkəmələrin başlaması və müəyyən nəticə əldə edilməsi zaman alır. Çünki hüquq digər sahələr kimi deyil. Araşdırmaq, dəlillər toplamaq, o dəlillərlə bərabər iddialar hazırlamaq, məhkəmələri bunun əsasında qurmaq lazımdır. Doğrudur, Beynəlxalq Cinayət Məhkəməsi bir az yavaş işləyir, amma işləyir. Burda önəmli olan beynəlxalq hüquq mexanizmi ilə hərəkət etməkdir. Bu məsələdə bizim kimi hüquq təşkilatlarının, digər hökumət və qeyri-hökumət təşkilatlarının, elm adamlarının da fəal olmağı lazımdır. Bu, tək bir qurumun görəcəyi iş deyil. Məsələnin beynəlxalq mediada da çox işıqlandırılması vacibdir. Bu mövzuda səbrlə, amma israrlı hərəkət etmək tələb olunur. Media adətən bir hadisəyə operativ yanaşaraq nəticə tələb edir, amma hüquq belə deyil. Hüquqda önəmli olan prinsipial qərar verməkdir. Doğrudur, çox da gecikmək lazım deyil. Bu məsələdə Türkiyə Ombudsman təşkilatı üzərinə düşən vəzifəni prinsipiallıqla yerinə yetirir.

- Sizcə türk dünyasının bu məsələdə daha da fəal olması üçün nə edilməlidir?

- Azərbaycan dövləti İkinci Qarabağ savaşında çox yaxşı təşkilatlanmışdı. Ermənistandan fərqli olaraq, Azərbaycan yüksək müharibə mədəniyyəti nümayiş etdirdi, qarşı tərəfdəki dinc insanlara, onların yaşayış yerlərinə zərər yetirmədi. Digər tərəfdən, istər Avropa, istərsə də Amerika, Asiya və Afrika mətbuatında mütəmadi doğru məlumatların yayımlanmasına nail olundu. Amma bu yetərlidirmi? Məncə yetərli deyil. Bu mexanizmlərin davamlı şəkildə işlək olması lazımdır. Məsələn, uğurlu nəticələr əldə etmək üçün Bakıda, Gəncədə, Berlində, Parisdə, Londonda, Vaşinqtonda bu mövzu ilə bağlı toplantılar təşkil etmək olar. Bu toplantılara elm adamları, siyasətçilər, media nümayəndələri dəvət edilməlidir. Çünki biz gördük ki, haqlı olmaq yetəri deyil. Azərbaycan haqlı olduğunu dünyaya car çəkməlidir.

- Mina xəritələri verilmədiyi üçün hərbçilər, mülki əhali minaya düşərək həyatını itirir. Bu günlərdə iki azərbaycanlı media nümayəndəsi də Kəlbəcərdə minaya düşərək şəhid oldu, xəsarət alanlar oldu. Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən özünün və onun əsgərlərinin iştirakı ilə Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığını etiraf edib. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bu barədə fikriniz nədir?

- Şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi məsələnin əhəmiyyətli tərəfidir. Amma bununla yanaşı, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə yaşayışını və gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün minalanmış ərazilərin xəritəsi təqdim olunmalıdır. Ermənilərə necə inanmaq olar? Bəlkə də 17 yük maşını deyil, hətta daha çox mina basdırılıb. Savaş bitdikdən sonra Azərbaycanda indiyədək 20-dən çox insan minaya düşərək ölüb. Bu, insanları bilərəkdən qətlə yetirməkdir. Hələ nə qədər məsum insan qətlə yetiriləcək? Yazıq deyil bu insanlara? Əlbəttə, bunun da bir cəzası var. Əgər bu xəritələr verilmirsə, orada qətlə yetirilən, yaralananlara görə məsuliyyəti Ermənistan daşıyır. Qarabağ münaqişəsinin həlli üçün məsuliyyətini öz üzərinə götürən ATƏT-in Minsk Qrupu bu günə qədər bir iş görməyib. Halbuki mina xəritələrinin qaytarılması üçün Minsk Qrupunun üzərinə çox böyük iş düşür. Bütün dünyanı ayağa qaldırmaq lazımdır, çünki mina mövzusuna dünya həssas yanaşır. Bu məsələnin təkcə Azərbaycan Prezidenti cənab İlham Əliyevin, dövlət qurumlarının dəstəyi ilə həll edilməsi mümkün deyil. Dünyanın hər yerində Azərbaycanın diaspor təşkilatları var. BMT-nin, Ermənistan səfirliklərinin qarşısında aksiyalar keçirilməlidir. BMT-də veto haqqı olan əsas 5 ölkənin paytaxtlarında tədbirlər keçirilməlidir. Bunlar o qədər də çətin məsələ deyil.

Haqlı olduğunuzu, uğradığınız haqsızlığı hayqıraraq dilə gətirmək Ümumdünya İnsan Haqları Bəyannaməsində də əks olunub. Bu, demokratik, hüquqi haqdır. Haqq haqlının ən müqəddəs malıdır, haqqını vermirlərsə inadla alacaqsan. Yoxsa “mən haqlıyam, haqqım verilsin” deyib kənarda dursan, kimsə haqqını sənə verməyəcək, müasir dünyanın tələbi də budur.

- Ölkənizdə yaşayan Azərbaycan vətəndaşları hüquqlarının müdafiəsi üçün Türkiyə Ombudsman təşkilatına müraciət etmək hüququna malikdir?

- Türkiyə vətəndaşları ilə bərabər, eyni zamanda, vətəndaşlığı olmayan hər bir şəxs Türkiyə Baş Ombudsmanlığına müraciət edə bilər. Məsələn, Fransada ombudsmanlığa müraciət üçün həmin ölkənin vətəndaşı olmaq şərtdir. İngiltərədə insanlar millət vəkillərinin vasitəsilə ombudsmanlığa üz tuta bilər. Amma bizdə elə deyil. Pandemiya dövründə Azərbaycan vətəndaşlarından Türkiyə Ombudsman təşkilatına 100-dək müraciət daxil oldu. Müraciət edənlərin əksəriyyəti tələbə idi. Müraciətlərə baxıldı və hüquqi dəstək verildi. Biz ayrı-ayrı dövlət qanunları ilə idarə olunsaq da, azərbaycanlı qardaşlarımızın hüquqlarının qorunmasına həssaslıqla yanaşırıq.