15 iyun – böyük qələbənin təməl günü Siyasət

15 iyun – böyük qələbənin təməl günü

Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri və bəlkə də birincisi Milli Qurtuluş Günü – xalqımızın böyük bəlakardan, parçalanma və qarşıdurmalardan, vətəndaş müharibəsindən xilas olduğu, öz öndərinə, xilaskarına qovuşduğu gündür.

1993-cü ilin məlum iyun hadisələri Surət Hüseynova məxsus dəstə tərəfindən qaldırılan qiyamla başladı. Surət Hüseynov ona tabe olan silahlı dəstələrlə Bakıya doğru hərəkət edərək hökumətin və prezidentin istefasını tələb edirdi. Dövlət idarəçilik sistemində xaos, özbaşınalıq hökm sürür, ciddi böhran yaşanırdı. Vətəndaş müharibəsi labüd idi və yenə də zərəçəkən xalq olacaqdı. Ona görə də xalq öz xilaskarını seçdi. 9 iyun 1993‑cü il tarixində Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Ali Sovet xalqın Heydər Əliyevdən gözlədiyi missiyanı bir növ rəsmiləşdirdi. 1997‑ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi bu missiyanın Milli Qurtuluş missiyası olmasını təsbit etdi.

Bu tarixin Milli Qurtuluş Günü olması xalqımızın Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışına verdiyi düzgün, ədalətli və obyektiv qiyməti idi.

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: Xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi.

Qeyd olunduğu kimi, digər sovet respublikaları kimi, Azərbaycan da öz müsttəqilliyini yenidən bərpa etdi Lakin tez bir zamanda Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. O zaman hakimiyyəti ələ keçirmiş AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Surət Hüseynovun və dəstəsinin qorxusundan AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.

Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, qanunsuz yollarla hakimiyyətə gəlmiş bu cütlük ölkəni talayırdı, dağıdırdı, hətta müharibə gedə-gedə Ermənistana benzin satırdı.

Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilmişdi.

Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimi təhdid altında qoymuşdur. Hakimiyyət bütün ölkələrlə münasibətləri korlamış, bəzi ölkələrə qarşı isə iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi.

Adi fizika müəllimi olmuş müdafiə naziri Şuşanın itirilməsində, ordunun iflic vəziyyətinə salınmasında “xüsusi rol” oynamış, ordu siyasi proseslərdə müstəqil tərəf kimi çıxış edərək ölkə parlamentinin sədrinə və Prezidentə meydan oxumağa başlamışdı.

Daxili işlər naziri televiziyanın canlı efirində bir müxalifət nümayəndəsini döymüş, buna görə məsuliyyətə cəlb olunmamışdı. Üstəlik, vəzifədən çıxandan sonra dərhal müxalifətə keçmiş, Gəncədə iğtişaşlar başlayan gün – 4 iyun 1993-cü il

Heç bir hüquqi əsası olmadan yaradılmış “ekologiya polisi”, “bələdiyyə polisi” kimi qeyri-qanuni qurumlar faktiki olaraq daxili işlər nazirinin varlanması naminə reketliklə məşğul idilər.

Daxili işlər naziri insanları qanunsuz həbs edir, hətta məhkəməsiz 700 nəfər məhbusu azadlığa buraxaraq silahlandırmışdı.

Elmlər Akademiyanın Fizika İnstitutunun kiçik elmi işçisi olan heç bir diplomatik təcrübəsi olmayan, heç bir xarici dil bilməyən şəxs Xarici işlər naziri kimi məsul bir vəzifəyə təyin edilmişdir.

Hakimiyyətə gələndən kimi dərhal AXC-nin üzvləri bir-biri ilə mübarizəyə başlamışdılar: hakimiyyət daxilində yaranmış çoxsaylı kiçik qruplaşmalar birincilik uğrunda mübarizə aparırdılar.

Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirir, nəzarətlərində olan media quruluşlarında prezident əleyhinə sərt kampaniya aparırdılar.

Əli Kərimlinin nəzarətində olan media qurumları baş nazir və spikeri ələ salırdı, Prezidentin özünə yaxın AXC İcraiyyə Komitəsi rəsmi bəyanatla nazirləri, parlament sədrini dövlətə və ya hakimiyyətə xəyanətdə ittiham edirdi.

Belə daxili didişmələr, eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq nəticəsində bu hakimiyyət cəmi bir il mövcud ola bilmişdi.

AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi.

Vəziyyət hal-hazırda indiki Ermənistan hakimiyyətinin vəziyyətində idi. Ölkədə ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə, o cümlədən iqtidara inamın olmaması baş alıb gedirdi. Artıq insanlar hava qaralandan sonra küçəyə belə çıxa bilmirdi. Hər yerdə anarxiya, ərzaq qıtlığı və s.

Yaranan bu kritik vəziyyət xalqı çaşqın vəziyyətə salmışdır. Ölkənin parçalanması və vətəndaş müharibəsinin başlanması an məsələsi idi. AXC-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi. Hərbi məğlubiyyət daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqilliyini sual altına qoymuşdu. Demək olar ki, bütün qonşu ölkələrlə münasibətlər ən yüksək səviyyədə pisləşmişdir.

Bu səbəbdən də ölkədə yeni bir siyasi qrumun yaradılması zərurətini labüd etmişdir. Ona görə də ölkə ziyalıların bir qismi, daha doğrusu cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərlik üçün Ulu Öndərə müraciət etdilər.

Lakin o zaman hakimiyyətdə olanlar və havadarları bunu heç cürə həzm edə bilmirdilər. O səbəbdən də buna əngəl olmaq istəyirdilər. YAP-ın qurultayının belə Bakıda keçirilməsinə mane oldular.

1993-cü ilin oktyabr ayında Prezident seçkiləri keçirildi. Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı.

Əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çətin, məşəqqətli bir tarixi fəaliyyət. Məhz Ulu Öndərin bu inanılmaz qətiyyəti, uzaqgörən siyasət və inamla qərarları nəticəsində ölkəmiz böhrandan çıxdı və yalnız irəli doğru inkişaf etdi. Məhz bu böyük şəxsiyyətin siyasət və ideyalarını uğurla həyata keçirən , davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səyəsində Azərbaycan artıq dünyanın ən öndə gedən dövlətlərindən biridir. Bəli 90-cı illərin o faciəvi və təhlükəli illərində məhz Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi.

Ona görə də bunu yetişən gənclik dərindən bilməlidir. Bu tarixlə bağlı dərsliklərdə geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

Xronoloji olaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 1993-2003-cü illərə nəzər salsaq Azərbaycan xalqı və dövləti üçün böyük əhəmiyyətin nədən ibarət olduğunu görərik. Bu müddət ərzində:

-20 Yanvar faciəsinə siyasi qiymət verildi. Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmiş, ört-basdır etmək istəmişdir, çünki onların da əli Azərbaycan xalqının qanına batmışdı;

  • Azərbaycan Konstitusiyası yalnız Heydər Əliyevin dövründə qəbul edildi;
  • Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura məhz Heydər Əliyev tərəfindən ləğv edildi;
  • Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı;
  • Azərbaycan beynəlxalq təcriddən çıxdı, hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başladı;
  • Ölkəyə böyük investisiyalar cəlb edildi;
  • Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
  • Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu;
  • Nizami ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı;
  • İdarəetmə sistemi formalaşdırıldı, insanlarda öz dövlətinə inam geri qaytarıldı;
  • Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu;
  • Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi;
  • Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.

Bir sözlə Azərbaycanın bugünkü uğurları Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin uğurla və ləyaqətlə davam etdirilməsinin nəticəsidir. Bugünkü qələbələrin əsası 15 iyun 1993-cü ildə qoyulmuş, bununla Azərbaycan öz tarixinin yeni dövrünə qədəm qoymuşdur.

Bunun da bariz nümunəsi bütün dünyada özünəməxsus çəkisi və yeri olan Müasir Demokratik Azərbaycan Respublikasıdır. Bunun bariz nümunəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi 30 illik həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad edən müzəffər Azərbaycan ordusudur. Və nəhayət bunun bariz nümunəsi daim çiçəklənən, inkişaf edən qdrətli Azərbaycandır.

Bu Qüdrətli Azərbaycan isə Ulu Öndər Heydər Əliyevin şah əsəridir və Azərbaycanın müstəqilliyi durduqca, Heydər Əliyevin də adı yaşayacaqdır.

Pənah İmanov

YAP Xətai rayon təşkilatının Siyasi Şurasının üzvü, ilk təşkilat sədri