“Davos yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli platformadır” Layihə

“Davos yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli platformadır”

Asif Nərimanlı: “Prezidentinin forumda iştirakı yeni investorların cəlb edilməsi üçün vacib rol oynayacaq”

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə səfəri və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı etdi və tədbirdə çıxışında önəmli mesajlar verdi. Bundan sonra isə dövlət başçısı Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə getdi. Prezidentin səfərlərinin əhəmiyyəti və Azərbaycanın beynəlxalq əlaqələrinə necə təsir edəcəyi ilə bağlı “Xalq Cəbhəsi”nin suallarını siyasi şərhçi Asif Nərimanlı cavablandırdı...
- Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliyinə səfəri və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakını Azərbaycana investisiyanın cəlb edilməsi baxımından necə qiymətləndirmək olar?
- Prezidentin Birləşmiş Ərəb Əmirliyinə səfərinin iki ölkə münasibətlərinin inkişafı ilə yanaşı, siyasi və iqtisadi məqsədləri də var idi. Təbii ki, istər Birləşmiş Ərəb Əmirliyi, istərsə ərəb investorların Azərbaycan iqtisadiyyatına marağının artması baxımından bu səfər önəmlidir. Bilirik ki, turizm sektorundan tutmuş enerji sektoruna qədər Azərbaycan və ərəb ölkələri arasında əməkdaşlıqlar var. İndi əsas sektorlardan biri bərpaolunan enerjidir. Səudiyyə Ərəbistanı ilə bu sahədə müqavilələr imzalanıb və Avropaya elektrik enerjisinin ixracında əməkdaşlıq ediləcək. Birləşmiş Ərəb Əmirliyi də bu sahədə iştirakçı ölkələrdən biri ola bilər. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji bazarında boşluqlar yaradıb ki, Azərbaycan bu bazarda payını artırmaq istəyir və bərpaolunan enerji sektorunun inkişafı bu imkanlarımızı artıracaq. Digər tərəfdən, azad olunmuş ərazilərdə investisiya qoyuluşu baxımından ərəb coğrafiyası ilə əməkdaşlıq müsbət perspektiv vəd edir. Prezident İlham Əliyevin səfəri bu istiqamətdə müsbət nəticələr vəd edir.
- Bu səfərdə siyasi hədəf nədən ibarətdir?
- Fikrimcə, səfərin məqsədlərindən biri də Birləşmiş Ərəb Əmirliyinin BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq Azərbaycana verdiyi dəstək və bundan sonra verəcəyi dəstəklə bağlıdır. BMT Təhlükəsizlik Şurasında Fransa Laçın yolundakı aksiyaya görə Azərbaycana qarşı bəyanat qəbul etdirməyə çalışdı. İki dəfə edilən cəhdin baş tutmamasında rolu olan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirliyi idi. Lakin Fransa və Ermənistanın Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmaq, BMT Təhlükəsizlik Şurasını bu prosesdə alətə çevirmək planları rəfə qaldırılmayıb. Bu baxımdan, qarşıdakı dövrdə Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin dəstəyi önəmlidir. Birləşmiş Ərəb Əmirliyinin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü bu ilin sonuna qədər davam edəcək. Prezidentin səfəri həm bu ölkəyə təşəkkür etmək, həm də mümkün risklərə qarşı Əbu-Dabinin dəstəyini qarantiləmək baxımından əhəmiyyətlidir. Qaydalara görə daimi və qeyri-daimi üzvlərin hər biri il ərzində bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Birləşmiş Ərəb Əmirliyinin növbəsi bu ilin iyun ayındadır. Regionda – həm Qarabağda, həm sərhəddəki vəziyyət elədir ki, yeni eskalasiyanın yarana biləcəyi gözləntisi böyükdür və bu halda Fransa Azərbaycana təzyiq məsələsini yenidən gündəmə gətirəcək. Bu perspektivdə BMT Təhlükəsizlik Şurasında sahibi olan və iyun ayında sədrlik edəcək Birləşmiş Ərəb Əmirliyinin dəstəyi önəmlidir. İstisna deyil ki, yay aylarında Azərbaycan üçtərəfli razılaşmaların icra edilməyən bəndlərinin həyata keçirilməsi istiqamətində praktiki addımlar atsın. Misal üçün, iyun ayında belə addımlar atılarsa, Birləşmiş Ərəb Əmirliyinin BMT Təhlükəsizlik Şurasına sədrliyi beynəlxalq müstəvidə təzyiq dalğasının yaradılması cəhdlərinin qarşısının alınmasında rol oynaya bilər.
- Regionda yeni eskalasiyanın yaşanması nə qədər realdır?
- Ötən ilin sonunda sülh sazişinin imzalanması gözlənilsə də, hərbi ritorikanın ön plana çıxdığını gördük. Bu, Ermənistanın dəyişən mövqeyi, xüsusilə Qərbdən – Fransadan aldığı vədlərlə mövcud şərtlərə qarşı çıxmasından qaynaqlanır. Ermənistan yeni eskalasiyada maraqlıdır.
Birincisi, sərhəddə hansısa mövqelər ələ keçirməklə delimitasiya danışıqlarında əlini gücləndirmək istəyir.
İkincisi, yeni eskalasiya ilə mövcud danışıqlar prosesini pozmaq, götürdüyü öhdəliklərdən yayınmaq niyyətindədir.
Üçüncüsü, sərhəddə yeni eskalasiya ilə KTMT-nin müdaxiləsi məsələsini yenidən gündəmə gətirəcək və bununla anti-Rusiya siyasətinə haqq qazandıracaq.
Dördüncüsü, Fransa bölgədə hərbi varlığını yaratmağa çalışır və bu məqədlə sərhəddə təxribat hücumları edilə, daha sonra “Ermənistanın təhlükəsizliyinin təmin edilməsi” məqsədilə fransız qoşunlarının gətirilməsi aktuallaşdırıla bilər və s.
Buna paralel olaraq, Qarabağdakı separatçı-terrorçu rejim təxribat hücumlarına əl ata bilərlər. Çünki Laçın yolunda aksiyanın başlanması qondarma rejimi çətin vəziyyətə salıb, erməni əhalisində Bakı ilə əlaqənin yaradılmasının alternativi olmadığı fikrini gücləndirib. Bu, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını sürətləndirə bilər. Məhz belə bir perspektivi sıradan çıxarmaq, düşmənçiliyi gücləndirmək məqsədilə təxribat hücumları edə, qarşıdurmanı kəskinləşdirə bilərlər. Təbii ki, Ermənistanın sərhəddə, separatçıların Qarabağda istənilən təxribatının cavabı ağır olacaq. Lakin görünür, onlar siyasi hədəfləri naminə yeni qurbanlar verməyə razıdırlar.
Situasiya kifayət qədər mürəkkədir və proseslərin yeni eskalasiya doğru getdiyi görünür.
- Laçın yolundakı aksiya artıq bir aydan artıqdır davam edir. Bu aksiya indiyə qədər nəyə nail oldu, nə vaxt başa çata bilər?
- Aksiyanın başa çatması qoyulan tələblərin icrasından asılıdır. Ermənilər hesab edirdilər ki, beynəlxalq təzyiqlə prosesin qarşısını ala biləcəklər. Lakin heç bir tərəf – nə Qərb, nə Rusiya Bakıya təzyiq edə bilmədi. Bu onu təsdiq edir ki, artıq beynəlxalq müstəvidə də Azərbaycan haqlı və güclü tərəf olaraq qəbul edilir. Bu baxımdan, ermənilərin yeganə yolu tələbləri icra etməkdir. Lakin separatçıların buna imkan verəcəyi ehtimalı az görünür. Çünki aksiya tələblərinin icra edilməsi, Azərbaycan nümayəndələrinin mədənlər baxış keçirməsi Bakının sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilər üzərində hakimiyyətini bərpa etməsi məsələsində ilk praktiki addım olacaq və erməni əhalisinin əhval-ruhiyyəsinə ciddi təsir edəcək. Ona görə separatçılar maksimum müqavmət göstərir və erməni əhalisini də buna məcbur edirlər. Hərçənd, bu vəziyyət uzun müddət davam edə bilməz, fikrimcə, erməni əhalisinin etirazı zaman keçdikcə separatçılara qarşı yönələcək və bu, Qarabağdakı hadisələrin inkişafına təsir edəcək.
Aksiya artıq siyasi baxımdan nəticə əldə edib, bundan sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Azərbaycanın suverenliyinə qarşı istənilən addıma qarşı dövlətlə yanaşı, xalq da praktiki addımlar atacaq.
- Prezident İlham Əliyev Əbu-Dabidən sonra Davosa səfər etdi. Bu il Davos Forumunda iştirak Azərbaycana nə vəd edir?
- Davos yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli platformadır. Azərbaycan Prezidentinin forumda iştirakı da ölkədəki investisiya mühitinin təqdimatı, yeni investorların cəlb edilməsi üçün vacib rol oynayacaq. Artıq Prezident beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşlər keçirir. İndi dünyada “yaşıl enerji” populyardır və Azərbaycanın bu sahədə potensialı böyükdür. Fikrimcə, bu sahəyə investisiyanın cəlb edilməsi, xüsusilə azad olunmuş ərazilərdə layihələrin icrası üçün Davos Forumunda mühüm razılaşmalar əldə edilə bilər.

Əli Zülfüqaroğlu