Azərbaycançılıq milli dövlət ideologiyası kimi Layihə

Azərbaycançılıq milli dövlət ideologiyası kimi

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir..

Prezidentliyə sabiq namizəd, siyasi ekspert Fuad Əliyevin fikrincə Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli kimliyi əsrlər boyu müxtəlif siyasi və ictimai sınaqlardan keçib, bu çətinliklər fonunda özünəməxsus dövlətçilik modelini formalaşdırıb. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başlanğıcı qoyulan və müasir dövrdə müstəqil Azərbaycan Respublikasının ideoloji dayağına çevrilən Azərbaycançılıq milli kimliyi və dövlətçilik ənənələrini vahid bir konsepsiyada birləşdirən mühüm ideologiyadır. Bu ideya bu gün Azərbaycanın uğurlu inkişaf modelinin təməlini təşkil edir və milli birliyi möhkəmləndirən əsas faktorlardan biri kimi çıxış edir: “Azərbaycançılıq ideologiyası - Azərbaycanın müstəqil dövlət kimi inkişafının ideoloji təməli, milli kimliyin və dövlətçilik şüurunun möhkəmləndirilməsinə yönələn dərin düşüncə sistemidir. Bu ideya tarixən müxtəlif dövrlərdə formalaşsa da, onun sistemli şəkildə dövlət siyasətinə çevrilməsi və ümumxalq ideyasına yüksəlməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycançılıq dövlət ideologiyası səviyyəsinə qaldırılıb və müasir Azərbaycanın inkişafında əsas aparıcı qüvvəyə çevrilib. Ümummilli Lider Heydər Əliyev Azərbaycançılığı hər şeydən əvvəl Azərbaycan xalqına xidmət etmək, milli-mənəvi dəyərləri qorumaq, dövlətçiliyi möhkəmləndirmək və milli birliyi təmin etmək kimi ali məqsədlərlə bağlayırdı.

Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, Azərbaycanın gücü onun birliyindədir. Etnik və dini müxtəlifliyə rəğmən, bütün vətəndaşların ortaq “azərbaycanlı” kimliyi altında birləşməsi milli birliyin əsasını təşkil edir. Bu fikir onun “Biz hamımız azərbaycanlıyıq!” tezisində aydın ifadə olunub.

Azərbaycançılıq – yalnız etnik mənsubiyyət üzərində qurulan anlayış deyil. Bu, vətəndaşlıq əsaslı, bütün etnik və dini qrupları əhatə edən, ortaq tarix, mədəniyyət, dil və dövlətçilik təməlləri üzərində qurulan ümummilli ideologiyadır”.

F.Əliyev onu da vurğulayıb ki, müstəqil Azərbaycanın siyasi və ideoloji inkişafında Azərbaycançılıq ideyası strateji rol oynayır. Etnik və dini müxtəlifliyə baxmayaraq, Azərbaycanın bütün vətəndaşlarını ümummilli kimlik – Azərbaycanlı adı ətrafında birləşdirir. Bu amil xüsusilə Qarabağ müharibələri dövründə özünü göstərib, xalqın vahid ideya ətrafında birləşməsi qələbənin qazanılmasında əsas rol oynayıb.

Azərbaycançılıq milli dövlətin möhkəmləndirilməsini, onun müstəqil və suveren inkişafını ön plana çəkir. Bu ideologiya ölkə daxilində siyasi sabitliyin, hüquq sisteminin və idarəetmə mexanizmlərinin inkişafını təşviq edir. Azərbaycançılıq xalqın tarixi keçmişinə və milli qəhrəmanlarına dərin ehtiramı təşviq edir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən vətənpərvərlik ruhu bu ideyanın canlı təcəssümüdür.

Azərbaycançılıq cəmiyyətdə dini və mədəni müxtəlifliyi qoruyub saxlayaraq harmoniya yaradır. Azərbaycanda yaşayan rus, talış, ləzgi, yəhudi və digər xalqlar bu siyasətin uğurunun bariz nümunəsidir: “Azərbaycançılıq ölkə daxilində ideoloji boşluğun qarşısını alaraq ümummilli bir konsepsiyanın formalaşmasına şərait yaradıb. Azərbaycançılıq ideologiyasının dövlət səviyyəsində möhkəmləndirilməsi və ümummilli bir dəyərə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən liderliyi sayəsində mümkün olub. O, bu ideyanı həm nəzəri, həm də praktik baxımdan inkişaf etdirərək Azərbaycanın gələcəyini təmin edən ideoloji əsaslar yaratdı. Bu gün Prezident İlham Əliyev tərəfindən bu ideya uğurla davam etdirilir və Azərbaycanın milli inkişaf strategiyasının təməl daşı kimi fəaliyyət göstərir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıqla bağlı fikirləri bu gün də aktuallığını qoruyur və gələcək nəsillər üçün ideoloji mayak rolunu oynayır.

Azərbaycançılıq ideologiyası, milli kimliyi qoruyan, dövlətin dayanıqlı inkişafını təmin edən və cəmiyyətin müxtəlif təbəqələrini vahid məqsəd ətrafında birləşdirən uğurlu və effektiv bir formuldur. Bu ideologiyanın uğuru onun həm tarixi köklərə söykənməsi, həm də müasir çağırışlara uyğunlaşmaq qabiliyyəti ilə bağlıdır. Azərbaycançılıq – təkcə dövlət siyasətinin deyil, hər bir vətəndaşın mənəvi kimliyinin də ayrılmaz hissəsinə çevrilib”.

İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

"Sosial Rifah və Tədqiqatlar" İctimai birliyinin sədri, araşdırmaçı-jurnalist Əkrəm Bəydəmirlinin fikrincə, tarixən Azərbaycan ərazisi bütün xalqların, etnik qrupların azad yaşadığı məkan olub. Yəni heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik olmayıb. Hətta ən çətin dönəmlərdə belə Azərbaycan türkləri bu müsbət tendensiyanı qoruyub saxlayıb. Bu gün azadlıqdan ağızdolusu danışan ABŞ-da vaxtılə qara dərililərə qarşı çox amansız münasibət, ayrı-seçkilik olub. Amma biz də tarixin bütün dönəmlərində tolerantlıq qorunub saxlanılıb. Dünyaya örnək olacaq Azərbaycanın belə dəyərləri, bu coğrafiyada yaşayan digər xalqların bigəyaşayışını təmin edən Azərbaycançılıq ideologiyasıdır. Bu dəyərlər sistemi hər hansı tədris yolu ilə, xüsusi təlimlərlə, qanunlarla toplusu ilə deyil, Azərbaycan türklərinin genetik təfəkküründə formalaşan prosesdir. Hətta 70 illik totalitar sovet rejimi və digər müdaxilələr belə dəyərlər sistemini sıradan çıxara bilmədi. O baxımdan Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqlar özlərini regionda rahat hiss edə bilərlər. Millətin yaddaşında oturuşan Azərbaycançılıq ideologiyası yazılmayan qanunlarla tənzimlənən azad şəkildə birgəyaşayışın möhkəm bünövrəsidir. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi”.

Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.

Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.

Azərbaycan cəmiyyəti dünya məkanına inamla inteqrasiya edərək və paralel olaraq öz tarixi, mədəni, dini və digər dəyərlərini daha dərindən və əhatəli dərk edərək, bütün ölkə əhalisi üçün vahid olan, ölkəni həqiqi tərəqqiyə və firavanlığa çatdırmağa qadir olan Azərbaycançılıq ideyası sayəsində fəal surətdə birləşir. Azərbaycan xalqının birliyinin, mütəşəkkilliyinin, özünəməxsusluğunun və nadirliyinin rəmzi olan bu anlayış həyatımızda möhkəm yer tutub.

Cavid