Ərdoğan-Putin görüşü: Qarabağ üçün real şans Layihə

Ərdoğan-Putin görüşü: Qarabağ üçün real şans

"Ərdoğan və Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparması bütün hallarda Azərbaycanın strateji mövqelərini möhkəmləndirməsi üçün zəmin rolunu oynayacaq və sözün həqiqi mənasında real ümidlər yaradacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli istiqamətində görülən işlərə müsbət təsir edəcək".
Bu sözləri politoloq Elşad Mirbəşiroğlu deyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək üçün noyabrın 13-də bu ölkəyə səfər edəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı da gözlənilir.
Politoloq bildirib ki, bizim üçün çox önəmli məsələ olmasına baxmayaraq, bu, yenilik deyil:
"Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, bütün tribunalardan, yüksək məqamlardan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edir. Eyni zamanda, regionda təsiri olan ölkələrin rəhbərləri ilə görüşən zaman da Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ məsələsinin tənzimləməsi ilə bağlı məsələni diqqət mərkəzinə gətirir. Amma məhz indiki zamanda Ərdoğan və Putin arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə olunmasının bir sıra özəllikləri var. Birincisi, ona görə ki, regionda çox ciddi proseslər getməkdədir. Bu proseslərin episentrində də məhz Azərbaycan və Türkiyə dayanır. Həm tarixi, həm də geosiyasi baxımdan çox strateji Bakı-Tiflis-Qars dəmiryol xətti işə düşdü. Bu həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi nüfuzunu artırmaqla yanaşı, geosiyasi imkanlarını da genişləndirdi. Bununla Türkiyə Avropaya sərnişin daşıma sahəsində tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmiş oldu. Bu baxımdan Türkiyə Avropa üçün çox önəmli bənd rolunu oynayacaq. Təbii ki, Rusiya bu kimi məqamları nəzərə almaqdadır və Türkiyənin geosiyasi və geoiqtisadi imkanlarını real qiymətləndirə bilir".
Politoloq qeyd edib ki, digər mühüm bir proses Azərbaycan-Rusiya-İran arasında yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsidir:"Bütün bunları Rusiyanın Azərbaycana meylinin güclənməsi kimi qiymətləndirmək olar. Digər tərəfdən artıq Türkiyə öz siyasi yönünü Rusiya istiqamətində dəyişib. Regionda kifayət qədər təsir imkanlarına malik olan Türkiyənin Rusiya ilə yaxınlaşması Rusiyanın Qərb dövlətləri və ABŞ üzərində geosiyasi qələbəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raket komplekslərini almaqdadır. Hesab edirəm ki, bu, çox mühüm və təkrarsız hadisədir".
Politoloq Fikrət Sadıqovun fikrincə isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın hazırkı mövqeyi çox mürəkkəb və ziddiyyətlidir.
Onun sözlərinə görə, 25 ildən artıqdır ki, Dağlıq Qarabağ ətrafında gedən oyunlar Azərbaycanın maraqlarına cavab verməyən təklif və bəyanatlar fonunda daha kəskin hal almağa başlayıb:
"Azərbaycan maraqlarına zidd təklifləri heç vaxt ciddi qəbul etməyib. Çünki Azərbaycanın əsas məsələsi olan Dağlıq Qarabağ probleminin həlli hər zaman danışıqlardan kənarda qalıb və aparıcı dövlətlər mətləbdən yayınıblar. ATƏT-in Minsk Qrupu faktiki olaraq problemin həllinə çalışmır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiyanın hazırkı mövqeyi isə çox mürəkkəb və ziddiyyətlidir. Çünki Moskva bir tərəfdən İrəvana dəstək verir, digər tərəfdən isə Azərbaycanla tərəfdaşlıq münasibətlərini qorumaq və inkişaf etdirmək istəyir. Reallıq odur ki, Qərb Rusiyanı küncə sıxışdırıb. Ciddi sanksiyalar qarşısında qalan Rusiya hazırda yaranmış vəziyyətdən çıxış yolu axtar. Ancaq Rusiyada Azərbaycanın etibarlı tərəfdaş olduğunu gözəl anlayırlar. Bunu Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda zirvə toplantısı da təsdiq etdi. Azərbaycan BTQ-dən sonra tezliklə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasında maraqlıdır. Moskva çox güman ki, belə bir vəziyyətdə Dağlıq Qarabağ məsələsində müəyyən irəliləyişə təkan verə bilər. Ancaq Vladimir Putin çalışacaq ki, bu, Moskva və İrəvanın maraqlarına zidd olmasın. Çox çətin bir missiyadır. Əgər Moskva Bakından müəyyən layihələrdə iştirak etməyi tələb edirsə, onda ilk addımı özü atmalıdır".
Onu da qeyd edək ki, Ermənistanın "Referendum haqqında" qanununa edilən dəyişiklik bir sıra erməni şərhçiləri tərəfindən Serj Sarkisyanın Qarabağı Azərbaycanın nəzarətinə qaytarmasına hazırlıq kimi dəyərləndirilib.
Bu barədə "1in.am" portalında məqalə ilə çıxış edən erməni şərhçi Avetis Babacanyan bildirib ki, yeni variant Dağlıq Qarabağın ölkə başçısı tərəfindən Azərbaycana qaytarılmasına heç bir maneçilik törətmir.
"Hakimiyyət hansı əraziləri güzəşt etməyə hazırlaşır" başlıqlı məqalədə o bildirir ki, referendum yalnız Azərbaycanın Ermənistana ərazi iddiası olarsa, keçirilə bilər. Şərhçinin fikrincə, Qarabağ məsələsində belə bir iddianın olmadığı üçün qanunun yeni variantı ölkə rəhbərliyinə məsələ ilə bağlı referendumsuz qərar verməyə imkan yaradır.
Müəllifin fikrincə, xalqın məsələyə etirazı heç nəyi dəyişməyəcək. O, fikirlərini əsaslandırmaq üçün bu yay Misir rəhbərliyi tərəfindən Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsini göstərib. Yəni Misir xalqının etirazı heç nəyi dəyişməyib.
Başqa bir erməni siyasi şərhçi, politoloq Aleksandr İskandaryan isə "1in.am" portalına video müsahibəsində dolayısı ilə Ermənistanla Azərbaycanın aralarında Qarabağ problemi olmasına baxmayaraq Avrasiya İttifaqının üzvü ola biləcəyini vurğulayıb. O misal kimi NATO üzvü olan Türkiyə və Yunanıstanı göstərib. Serj Sarkisyanın 15-16 noyabra nəzərə tutulan Rusiya səfəri öncəsi Qarabağ həllinin ağrılı olacağını vurğulayıb. Bu da erməni şərhçilər üçün Serj Sarkisyanın ərazi güzəşitlərinə hazır olması barədə fikir yürütməyə imkan yaradır.
Poitoloq Elxan Şahinoğlu da bunu nəzəri olaraq mümkün sayıb: "Hələ ki, Serj Sarkisyan konkret fikir söyləməyib. Əsas məsələ Putinlə Ərdoğanın nə razılaşacağından asılıdır. Putin deyəndən sonra Sarkisyan mütləq razılaşacaq".
Onun fikrincə, Rəcəb Tayyib Ərdoğan türkmən qazının Azərbaycandan tranziti və 5 rayonun qaytarılması müqabilində Qarabağa Rusiya sülhməramlıların yerləşdirilməsi, Azərbaycanın KTMT-yə və Avrasiya İttifaqına üzvlüyünə razılaşa bilər. Bu, Rusiyanı da razı sala bilər. Hər halda, türkmən qazı da Avrasiya İttifaqının ərazisindən, yəni Rusiyanın nəzarəti altında Avropaya ötürülmüş olacaq. Nəticədə, Rusiya ilə Ankaranın münasibəti bir az da yaxşılaşacaq.
Əslində, 2008-ci ilin futbol diplomatiyası tarixi də göstərir ki, Türkiyə hətta Ermənistanın 1 rayonu geri qaytarması müqabilində sərhədləri açmağa hazır idi. Amma indi aprel döyüşləri olub və bunun qiyməti 5 rayona qalxıb.
Bəs, Azərbaycanı nə razı salacaq? Azərbaycan yenidən Rusiyanın nəzarəti altına girməyi özünə rəva görüb, 1937-ci ilə kimi mövcud olmuş SSRİ-yə bənzər Avrasiya İttifaqının qəfəsinə girməyə razı olacaqmı? İrəvanı, Zəngəzuru və digər tarixi torpaqlarımızı məhz rus boyunduruğu altında itirmədikmi? Bəlkə, oturub gözləyək və torpaqlarımızı hansısa böyük qardaşın hansısa eks-böyük qardaşla "sxodka"sı nəticəsində yox, müharibə yolu ilə, yəni əsil türk kişisi kimi almaq variantına üstünlük verək? Hər halda, müharibə variantı gələcəkdə İrəvanı və Zəngəzuru da Azərbaycanın hüquqi ərazisi etməya imkan yaradar.
Bir məqamı da xatırladaq, bu ilin oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri uzun fasilədən sonra 26-cı dəfə görüşdülər. İsveçrənin Cenevrə şəhərində baş tutan görüşdən sonra verilən açıqlamalar onun pozitiv keçdiyindən xəbər verirdi.
Digər tərəfdən noyabrın ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrı-ayrılıqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir deyib ki, bu görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçirilməsi gözlənilir.
Bəs Azərbaycan və Ermənistan prezidentlərinin yenidən görüşmə ehtimalı necədir?
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, prezidentlərin görüşü ilə bağlı nəsə demək mümkün deyil:
"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı hələki heç nə demək mümkün deyil. Əvvəlcə xarici işlər nazirləri görüşməli və gündəlik müəyyənləşməlidir. Daha sonra bu barədə danışmaq olar".
Politoloq Qalib Hüseynli isə düşünür ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq:
"Amma dəqiq zaman söyləmək çətindir. Eyni zamanda Ermənistan tərəfi əvvəlkinə nisbətən daha loyal görünür. Bunu Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının qurultayındakı çıxışları da göstərir. O, güzəştsiz sülh əldə etməyin mümkün olmadığını deyib. Lakin nə qədər əzablı da olsa, Ermənistan Dağlıq Qarabağ məsələsində müəyyən güzəştlərə getmək məcburiyyətində olacaq".
Cavid