XVIII yüzilliyin ikinci yarısında İrəvan xanlığının siyasi vəziyyəti Layihə

XVIII yüzilliyin ikinci yarısında İrəvan xanlığının siyasi vəziyyəti

2-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan şəhəri Osmanlı qoşunu tərəfindən alındıqdan sonra burada Osmanlı üsuli-idarəsi yaradıldı. İrəvan əyaləti Osmanlı Türkiyəsinin sancaqlarından birinə çevrildi. Buraya ilk osmanlı hakimi Rəcəb paşa (1724-1728) təyin olundu. İrəvan əyaləti 11 il osmanlıların əlində qalmışdı.
XVIII əsrin 20-ci illərin sonu - 30-cu illərin əvvəllərində görkəmli sərkərdə Təhmasibqulu xanın siyasi səhnəyə çıxması Səfəvi dövlətində böyük dönüş yaratmışdı. O, ilk növbədə xalqı öz tərəfinə çəkərək əfqan tayfalarını İranın mərkəzindən qovdu. Bundan sonra o, Səfəvi imperiyasını bərpa etmək məqsədilə rus və osmanlı müdaxiləçilərinə qarşı mübarizəyə başladı. XVIII əsrin 30-cu illərin ortalarında Nadirin osmanlı işğalçılarına qarşı hərbi fəaliyyəti daha da genişləndi. Güclü qoşuna malik olan bacarıqlı sərkərdə işğal olunmuş Azərbaycan torpaqlarını osmanlılardan geri ala-ala şimala doğru hərəkət edir. 1734-cü ilin yayında Şimali Azərbaycana və Dağıstana hücum edən Nadir xanın qoşunu həmin ilin oktyabr ayında Gəncə şəhərini mühasirəyə almağa başlayır. Həmin vaxt Gəncə şəhərində ərzaqla təmin olunmuş beş minə qədər nizami Osmanlı qoşun hissəsi var idi. Nadir xanın qoşununun güclü hücumuna baxmayaraq, Osmanlı qoşunu onlara ciddi müqavimət göstərirdi. Müqavimətin bir səbəbi də osmanlıların Qarsdan kömək almaq ümidi idi.
Bu zaman həqiqətən də Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu Gəncə qarnizonuna köməyə tələsirdi. Bu xəbəri eşidən Nadir xan Gəncədə azsaylı qoşun saxlayaraq osmanlı paşasını qarşılamaq üçün Osmanlı-Səfəvi sərhəddinə doğru hərəkət edir. 1735-ci ilin iyulunda İrəvan şəhəri yaxınlığında osmanlı qoşunu ilə Nadirin qoşunu arasında qanlı döyüş baş verdi. Bu döyüşdə Nadir xanın qoşunu 55.000, Abdulla paşanın qoşunu isə 80.000 nəfərdən ibarət olmuşdur. Tərəflər arasında baş vermiş döyüş nəticəsində Osmanlı qoşunu güclü müqavimətə məruz qalaraq, çoxlu itki verməklə geri çəkilməyə məcbur olmuşdu.
Osmanlıları məğlub etdikdən sonra Nadir xan İrəvan qalasını mühasirəyə alır. Qala döyüşsüz təslim olduqdan sonra orada yerləşən Osmanlı qoşun hissələrinə Qars şəhərinə geri çəkilməyə icazə verilir.
Müharibə fəlakətinə məruz qalmış İrəvan əyaləti Nadirin burada həyata keçirdiyi tədbirlərdən sonra daha da acınacaqlı vəziyyətə düşdü. Onun əmrinə əsasən bu əyalətdən 300 ailə Xorasana köçürülür. Əhaliyə könüllü olaraq şəhərdə qalması, yaxud şəhərdən çıxıb getməsi müraciəti edilir. Sonra maddi vəziyyətlərindən asılı olaraq həm müsəlman, həm də xristian varlılarından 10, 20, 40 və 50 tümən məbləğində vergi alınır. Nadirin göstərişinə əsasən bu dəfə də Eçmiədzin kilsəsinə toxunulmamışdı. Qoşununun bir hissəsini İrəvan şəhərində saxlayan Nadir xan yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirir. Köməksiz qalmış Gəncə qarnizonu təslim edilir.
Azərbaycan ərazisi osmanlı qoşunundan təmizləndikdən sonra Nadir qoşunu ilə Muğan düzünə çəkilir. 1736-cı ildə Səfəvilər sülaləsinin son nümayəndəsi şah III Abbasın qəfil vəfat etməsindən istifadə edən sərkərdə həmin ilin martında özünü şah elan etdi. Bu mərasimdə ayrı-ayrı bölgələrdən gələn nümayəndələrlə yanaşı, İrəvandan gəlmiş xan, şeyxülislam, katolikos, bəylər, mirzələr, ağalar, kələntərlər, kəndxudalar, məliklər və s. iştirak edirdilər. Nadir şah seçildikdən sonra Səfəvi imperiyasının inzibati-ərazi bölgüsünü ləğv edir. Səfəvilərin Azərbaycanda mövcud olan ayrı-ayrı bəylərbəylikləri Azərbaycan bəylərbəyliyi adı altında birləşdirilir. Onun başçısı Nadirin qardaşı İbrahim xan təyin olunur. "Nadir şah Tiflis, Gəncə, İrəvan, Naxçıvan, Qarabağ vilayətlərini Rum əhli və qoşununun əlindən alıb öz ixtiyarına keçirdikdən sonra... Azərbaycan sərdarının (İbrahim xan - E.Q.) səlahiyyətinə verilmişdi. Hər elin və mahalın xanları və məlikləri var idi. Bunlar Azərbaycan sərdarının əmri üzrə padşahın tapşırıqlarını yerinə yetirirdilər".
Şahın gördüyü ilk tədbirlərindən biri də Azərbaycanın müxtəlif bölgələrinə və şəhərlərinə hakimlərin təyin etməsi oldu. Nadir şah Heratdan Muğana gəlmiş Pir Mahmud xanı İrəvan əyalətinin xanı təyin edir. Abram Kretatsi yazırdı: "İlk əvvəl İrəvan xanı və bəylərbəyi təyin olunmuş Pir Mahmud xan Heratdan gəlib çıxdı, lakin (şah) onu hal-hazırda yanında saxlayır. Onun əvəzinə Muğandan (İrəvana) göndərilən naib Məhəmməd Rza bəy bu günə qədər Pir Mahmud xanın əvəzinə İrəvan əyalətini idarə edir".
Fəaliyyətinin birinci dövründə ölkəni xarici müdaxiləçilərdən təmizləyən Nadirin, şah seçildikdən sonra apardığı saysız-hesabsız müharibələri və ağır vergi siyasəti xalqın vəziyyətini daha da ağırlaşdırırdı. 1746-1747-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində Əfşarlar dövlətinə qarşı üsyanlar daha da gücləndi. Hətta sadə xalqdan əlavə, nüfuzlu şəxslər də bu üsyanlarda fəal iştirak edirdi. Azərbaycan əyalətləri nəzarətdən çıxmışdı, əhali karvanları soyur və qarətlə məşğul olurdu.
Nadir şah bu üsyanların qarşısını almaq üçün əmisi oğlu Əmiraslan xanı 20 minlik qoşunla Azərbaycanın şimalına göndərdi. Bərdə yaxınlığında gəncəlilərlə baş verən döyüşdə şah qoşunu məğlub edilir. Araz çayına doğru çəkilən Əmiraslan xan Təbrizə məktub yazaraq əlavə kömək istəyir. Təbrizdən 21 top, 24 zəmburəngə malik qoşun alan Əmiraslan xan növbəti dəfə İrəvana döğru hərəkət edir. Lakin irəvanlılar onun qoşununu məğlubiyyətə uğradır. Uğursuzluğa düçar olmuş Əmiraslan xan İrəvanın 10 verstliyində düşərigə salaraq, vəziyyətlə əlaqədar şaha məlumat göndərərək onun əmrini gözləyir.
Nadir şahın 1747-ci ilin iyulunda sui-qəsd nəticəsində öldürülməsi ölkəni bürümüş üsyanların yatırılmasına mane oldu. Şahın öldürülməsilə ölkədə qarışıqlıq yaranır, hər tərəfdə taxt-taca iddialar irəli sürülməyə başladı. Bu mübarizədə müvvəqqəti olaraq Nadir şahın qardaşı oğlu Əliqulu xan Adil şah adı ilə hakimiyyətə gətirilir. Lakin yeni şah müstəqil xanlıqların yaranmasının qarşısını ala bilmədi. Müstəqil olmağa çalışan Azərbaycan xanları taxt-tac iddiaçılarına qarşı mübarizə şəraitində öz kiçik feodal dövlətlərini yaradırdılar.
Tax-taca iddia edilənlərdən biri də yalançı şahzadə Sam Mirzə idi. O, hələ Nadir şahın ölümündən bir qədər əvvəl Ərdəbildə özünü şah elan etmişdi. Şahın ölümündən sonra Astaraya gedərək oranın hakimini və qardaşını Səfəvi sülaləsindən olduğuna inandıraraq onlarla ittifaq bağlamış və hakimi özünə vəzir təyin etmişdi. Astara hakimini öz tərəfinə çəkə bilən yalançı şahzadə Təbrizə gəlmiş və yerli əhalini özünün şah olduğunu inandırmağa çalışmışdı. Bakı hakimi də onun tərəfinə keçir. Sam Mirzə özünə tərafdarlar toplamaqla hakimiyyətini genişləndirməyə çalışırdı. Beləliklə, o, 12-15 minlik qoşun toplamağa nail olur.
Sam Mirzənin ilk hücumuna Rəşt şəhəri məruz qalır. Lakin Sam Mirzə burada möhkəmlənə bilməmişdi. O, Adil şahın göndərdiyi cəza dəstəsinin yaxınlaşdığını eşidərək əvvəlcə Ərdəbilə, sonra isə Təbrizə çəkilir. Təbrizə gələn Sam Mirzə Nadir şahın təyin etdiyi nümayəndələrini qətlə yetirərək burada möhkəmlənir. O, Azərbaycanın ayrı-ayrı bölgələrinə müraciətlər göndərərək hakimiyyətinin tanınmasına çağırırdı. Azərbaycan xanları onun müraciətlərinə biganə qalsa da, sadə xalq onun çağırışlarını müsbət qarşılayırdı. Hətta İrəvan, Gəncə, Şamaxı, Tiflis, Muğan, Astara və Ərdəbil əhalisi 40 minə qədər qoşun toplamış və onun adına pul da kəsilməyə başlamışdı.
Digər tərəfdən yalançı şahın Əfşar hakimiyyətinə qarşı baş vermiş üsyanlara kömək göstərmək qərarı əhali arasında onun nüfuzunun artmasına şərait yaratmışdı. Belə ki, həmin dövrdə İrəvanda Pir Mahmud xana və Nadir şahın əmisi oğlu Əmiraslan xana qarşı yerli əhalinin üsyanı davam edirdi. Sam Mirzə İrəvan üsyançılarına kömək etmək məqsədi ilə İrəvan şəhərinə doğru hərəkət edir. Lakin İrəvan yaxınlığında düşərgə salmış Əmiraslan xan üsyanı yatırmaqla yanaşı Sam Mirzəni də məğlubiyyətə uğrada bilir. Məğlub olunmuş yalançı şah yenidən Təbrizə qayıdır. Əmiraslan xan Sam Mirzəyə məktub yazaraq onun hakimiyyətinin tanımadığını bildirir və Təbrizə doğru hərəkət edir. Mərənd şəhəri yaxınlığında tərəflər arasında baş verən döyüşdə Əmiraslan xan Sam Mirzənin qoşununu darmadağın edir. Tezliklə, Sam Mirzə ələ keçirilərək Təbrizdə edam edilir.
Sam Mirzəyə qalib gələn Əmiraslan xan Təbrizdə möhkəmlərək müstəqil Azərbaycan dövləti yaratmaq niyyətində idi. Tezliklə o, Azərbaycan xanlarını özünə tabe etmək üçün fəaliyyətə başlayır. Əmiraslan xan Ərdəbil və Qaradağ xanlıqlarını özünə tabe etsə də, Şəki xanı Hacı Çələbi ilə döyüşdə məğlubiyyətə uğrayır. Dövrün güclü Azərbaycan xanlarından biri olan Şəki xanı ilə döyüşdə məğlub olan Əmiraslan xan İrəvana çəkilir. Bu dövrdə İrəvan əhalisi şah nümayəndəsinə qarşı yenidən üsyan qaldıraraq hakimiyyəti ələ keçirmişdi. İrəvan ərazisində düşərgə salan Əmiraslan xan üsyanı yatırmağı qərara aldı. O, əfşar sərkərdələrindən olan Mir Mehdi xanı qoşunla İrəvana göndərdi. Lakin Əmiraslan xanın siyasətindən narazı olan Mir Mehdi xan irəvanlılarla razılığa gələrək onlarla birləşir və üsyanın rəhbəri olur. Əmiraslan xanın onlara aman verməcəyini bilən yerli əhali ona güclü müqavimət göstərir. Bu müqavimət qarşısında Əmiraslan xan geri çəkilməyə məcbur oldu. Tezliklə Əmiraslan xana qarşı irəvanlıların da daxil olduğu Azərbaycanın müxtəlif bölgələrinin ittifaqı yarandı. İrəvanlılara rəhbərlik edən Mir Mehdi xan, Muğan xanı Həsənəli xan, Əmiraslan xan tərəfindən talana məruz qalmış kürdlər, avşarlar qüvvələrini birləşdirərək 30.000-ə yaxın qoşunla Əmiraslan xana qarşı çıxırlar. Birləşmiş qoşunlar Urmiya şəhərinə hücum edərək xanın burada yerləşən bütün xəzinəsini ələ keçirir və öz aralarında bölüşdürürlər. Bunun ardınca doğma qardaşı Adil şahı taxtdan salaraq hakimiyyətə gələn İbrahim Mirzə Əmraslan xanı məğlub edərək onu öldürür. Beləliklə, irəvanlılar yeni yaranmış xanlığı təhlükədən qoruya bildilər. Beləliklə, İrəvan üsyançılarını öz tərəfinə çəkərək, üsyana rəhbərliyi ələ ala bilən Mir Mehdi xan Əfşar (1747-1752) hakimiyyəti ələ keçirərək müstəqil İrəvan xanlığının əsasını qoyur.

Elçin Qaliboğlu