Həmsədr dövlətlər hansı üzlə danışıqlar prosesindən və sülhdən danışacaqlar? Layihə

Həmsədr dövlətlər hansı üzlə danışıqlar prosesindən və sülhdən danışacaqlar?

Qondarma rejimin başçısı Bako Saakyan Fransa, ABŞ-dan sonra Rusiyaya da səfər etməklə üçlüyü tamamladı. Bundan sonra həmsədrlik institutu ilə bağlı maraqlı mənzərə yaranır. Həmsədr dövlətlər hansı üzlə danışıqlar prosesindən və sülhdən danışacaqlar? Bu dövlətlərin Sakkaynla bağlı addımı qərəzli mövqedir və siyasi əxlaqdan uzaq hərəkətdir.
Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə kəskin reaksiya verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiya Federasiyasının ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir: "Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir. Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür".
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya "səfəri" ilə bağlı bəyanat yayıb. İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bəyanatı şərh edərək bildirib ki, Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayri-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar: "Bir daha xatırladırıq ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Bu baxımdan biz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə (Fransa, ABŞ, Rusiya) "səfər"lərini Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlər, yəni, 80 mindən çox azərbaycanlı adından kəskin şəkildə pisləyir, eləcə də hiddətimizi ifadə edir, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu addımını Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiririk". Politoloq Elxan Şahinoğlu deyib ki, erməni separatçılarının lideri Bako Saakyanın ard-arda üç həmsədr dövlətə (Fransa, ABŞ və Rusiya) səfərə dəvət edilməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu üç dövlətin həmsədrləri bir müddət əvvəl bölgədə olmuşdular, Xankəndidə Bako Saakyanla da görüşmüşdülər: "Mümkündür ki, bu görüş zamanı onun gələcək səfərləri barədə fikir mübadiləsi aparılıb. Sadəcə, Bako Saakyanın üç dövlətə dəvət edilməsi həmsədrlərin nəyinə lazımdır? Söhbət Bako Saakyanın mövqeyinin öyrənilməsindən gedirsə, onsuz da Xankəndidə onunla görüşüb istəklərini dinləyirlər. Bu səfərlərin arxasında Azərbaycan üçün başqa təhlükəli tendensiya gizlənir. Həmsədr dövlətlər separatçıların liderini Paris, Vaşinqton və Moskvaya dəvət etməklə bizə onu tərəf kimi sırımağa çalışırlar. Beləcə həmsədrlər Ermənistan hakimiyyətinin illərdir bizə qəbul etdirməyə çalışdıqları mexanizmi işə salmaq istəyirlər. Elə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın da istəyi budur. Bu tələdən çıxış yolu tapmalıyıq. Əslində bu işlə birbaşa Prezident Administrasiyası yanında Strateji Araşdırmalar Mərkəzi məşğul olmalı, müxtəlif ssenarilər və təkliflər hazırlamalıdır".
Millət vəkili Asim Mollazadə deyib ki, ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın qanunsuz olaraq Fransaya, ABŞ-a və Rusiyaya səfəri erməni diasporasına bağlıdır. Millət vəkilinin sözlərinə görə, həmin səfərləri təşkil edən məhz erməni diasporasıdır: "Bako Saakyanın Rusiyaya səfəri isə onun hər zaman ən ümdə məsələsi olub. Ona görə də Rusiya bu gün Saakyanı Moskvaya gətirməklə əslində özünü ifşa edib. Mənə elə gəlir ki, danışıqlar prosesini pozmasına, bu münaqişənin həllinə maneçilik törətməyinə Rusiya məharətlə bu səfərlə nümayiş etdirib. Ermənistanda hakimiyyət dəyişir. Çox güman ki yaxın müddətdə qondarma Dağlıq Qarabağda da dəyişikliklər olacaq. Ona görə də Bako Saakyan və onun arxasında dayanan qüvvələr qorxurlar ki, bunun qarşısını alsınlar".
Politoloq Ehtiram Aşırlı diqqətə çatdırıb ki, son günlər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin separatçı rəhbəri Bako Saakyan "fəallığı" ilə diqqət çəkməkdədir: "Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib. Təbii ki, burada ilk diqqət çəkən məqam separataçı Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfər etməsidir". Onun sözlərinə görə, Saakyanın səfərlərində diqqət çəkən məqamlar var: "ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz qurumların nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də ABŞ Krımın "yüksək rütbəli" separatçılarına sanksiyalar tətbiq edib. Amma nədənsə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı Saakyana bu, şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə, Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrindən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu, separatçı Bako Saakyana aid olunmur. Bundan əlavə, Fransanın ondan artıq şəhər merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək, işğal altında olan şəhərlərimizlə "qardaşlaşma" sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür. Əvvəla onu qeyd edim ki, Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında "dövlət" olaraq təmsil olunmaqdır. Bu səbəbdəndir ki, son səfərini Qafqazda əsas aktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində "narahatlıq" yaratmaq düşüncəsidir. Xüsusilə, Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması da ayrı bir məna kəsb edir. Ələlxüsus da Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır.
Yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görə bilərik. Həmçinin Paşinyanı narahat edəcək bir neçə açıqlamar da Saakyan tərəfindən səsləndirilə bilər. Təbii ki, Saakyanı ən çox narahat edən amil Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə "Qarabağ klan"ın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə də bağlıdır. Belə ki, Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradanda təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan "Qarabağ klanı" Saakyanın bütün səylərini dəstəkləyəcəklər. Lakin bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə "Qarabağ klanı"nı və Saakyanı yumşaltmağa çalışacaq".

Əli