Online huquqi xidmətlər Azərbaycanda demokratik cəmiyyətin inkişafına böyük töhfə verəcək Layihə

Online huquqi xidmətlər Azərbaycanda demokratik cəmiyyətin inkişafına böyük töhfə verəcək

Hər birimizə məlumdur ki, bu gün Azərbaycan həm insan hüquqlarının yüksək səviyyədə qorunduğu, həm tolerantlığın həyat normasına çevrildiyi, həm də milli-mənəvi dəyərlərə böyük önəm verildiyi demokraik ölkələrdən biridir. Çünki demokratik cəmiyyətin əlamətlərindən biri onun təməlində duran qanunların aliliyi, bu cəmiyyətin təməl qanunları isə insan hüquqlarıdır. Bu baxımdan da insanların hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsinin təşkili və daha da genişləndirilməsi, vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, həmçinin onların sosial və siyasi fəallığının artırılması dövlətimizin ən ümdə siyasi xəttinə çevrilib və Azərbaycanın ən ali məqsədi elan edilib. Dünya birliyinin tamhüquqlu üzvü kimi demokratik, hüquqi və dünyəvi dövlət yolu seçmiş, insan hüquqları üzrə əsas beynəlxalq konvensiyalara qoşulmuş ölkəmizdə insan haqlarının təmin edilməsi sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Bunun nəticəsidir ki, bu gün dövlətimizdə insan haqları bütün sahələrdə qorunur. Milliyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün vətəndaşlarımızın hüquqları Konstitusiya çərçivəsində bərabər şəkildə müdafiə edilir.
Mütəxəssislər bildirirlər ki, son illərdə ölkəmizdə hər bir sahədə islahatlar həyata keçirilir. Təbii ki, bu sırada məhkəmə-hüquq islahatları da beynəlxalq standartlara uyğun olaraq yüksək səviyyədə aparılır. Son dövrlərdə bölgələrdə yeni məhkəmələr yaradılıb, hakimlərin və vəkillərin sayı artıb, o cümlədən hüquq sahəsində beynəlxalq standartlara cavab verən normativ-hüquqi baza formalaşdırılıb. Bu islahatların məqsədi və əsas hədəfi isə vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsidir. Bu istiqamətdə ən mühüm vəzifələrdən biri də hüquqi maarifləndirmədir. Çünki qəbul edilən qanunların ictimaiyyətə çatdırılması, bu məqsədlə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir. Yəni, insanlar öz hüquqlarını bilməli və ondan düzgün istifadə etməlidir. Digər tərəfdən, əgər biz hüquqi cəmiyyət qururuqsa, insanlar qanunlara riayət etməlidirlər. Eyni zamanda, hüquqi maarifləndirmənin ən mühüm cəhətlərindən biri cəmiyyətdəki neqativ halların aradan qaldırılmasına yardımdır. Ancaq bununla belə, mütəxəssislər etiraf edirlər ki, bu günədək görülən işlərə və qazanılan uğurlara baxmayaraq, əksər vətəndaşlar öz hüquqları barədə xəbərsizdirlər. Onlar adi hüquqi sənədlərin necə hazırlanmasını, öz hüquqlarını necə müdafiə etmək lazım olduğunu bilmirlər. Məsələn, hüquqi problemlərlə üzləşən vətəndaşlar əslində hansı instansiyaya müraciət edəcəklərini bilmirlər. Bəzi hallarda isə vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardım almağa maddi imkanları çatmır.
Mütəxəssislərin fikrincə, informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun daim inkişaf etdirilməsi ölkəmizdə online hüquqi xidmətlərin təşkili üçün əlverişli şərait yaradıb.
Hüquqşünas Sərvan Məmmədov bildirir ki, son zamanlar Azərbaycanda telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi üçün müasir texnologiyalar tətbiq edilir. Bunun nəticəsidir ki, ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64 faizində kompüter var: "Rəsmi məlumatlara görə, respublikamızda hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Digər tərəfdən, mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayı hər il artır, "4G" texnologiyalarının tətbiqi genişləndirilir. Bütün bunlar da Azərbaycanda online hüquqi xidmət mərkəzlərinin fəaliyyət göstərməsi və vətəndaşların hüquqi maarifləndirilməsi üçün əlverişli şəraitin yarandığını göstərir. Xüsusilə də mobil rabitəyə əlçatanlığın asanlaşdırılması, yüksək sürətli və keyfiyyətli internetlə təchizatın səviyyəsinin ilbəil yüksəldilməsi, həmçinin internet azadlığının təminatı vətəndaşlarımızın ayrı-ayrı hüquqi məsələlərlə bağlı çoxsaylı məlumatları əldə eməsini asanlaşdırır. Ancaq bununla belə, respublikamızda azətminatlı ailələrin və əhalinin sosial cəhətdən həssas qruplarının pulsuz hüquqi yardıma ehtiyacının nəzərə alınması hər zaman aktual məsələ olaraq qalır. Ona görə də ölkəmizdə ödənişsiz əsaslarla fəaliyyət göstərən online hüquqi xidmət mərkəzlərinin sayının artırılmasına nail olmaq lazımdır. Çünki demokratik cəmiyyətin sürətli inkişafı üçün Azərbaycanda kimliyindən, milliyyətindən və vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın hüquqi yardım əldə edə bilməsinə şərait yaradılmalıdır".
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutundan redaksiyamıza bildirilib ki, bu ilin noyabrın 27-dən etibarən adıçəkilən təhsil müəssisəsi "Hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə"si çərçivəsində vətəndaşlara ödənişsiz şəkildə hüquqi məsləhətlərin verilməsinə başlayıb: "Biz vətəndaşlara hüququn müxtəlif sahələrinə, eləcə də məhkəməyə müraciət etmək üçün sənədlərin hazırlanmasına dair izahatlar veririk. Eyni zamanda məhkəməyə müraciət üsullarnı izah edirik və vətəndaşların hüquqi maarifləndirməsini aparırırq. Vətəndaşlar hüquqi yardım xidmətlərindən həftənin 5 iş günü saat 10:00-dan 17:00-dək yararlana bilərlər. Vətəndaşlar institutumuza baş çəkməklə, telefonla əlaqə saxlamaqla, yaxud "Facebook" sosial şəbəkəsində yaradılmış səhifəmizə müraciət etməklə onları maraqlandıran suallara yazılı və şifahi cavab ala bilərlər".
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən isə redaksiyamıza bildirilib ki, "ASAN xidmət" mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub. Bu səbəbədən də bu ilin iyun ayında adıçəkilən qurumun tabeliyində olan Gəncə "ASAN xidmət" mərkəzində pilot layihə olaraq online hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb: "Belə ki, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq online şəkildə hüquq xidmətlərindən yararlana bilərlər. Həmin xidmətlərə hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlərin, izahatların və arayışların verilməsi, həmçinin məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi və vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardımın göstərilməsi daxildir. Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə "ASAN xidmət" mərkəzində yaradılmış e-hüquq kabineti digər "ASAN xidmət" mərkəzlərində də təşkil olunub. Belə ki, həmin xidmət 1, 2, 3, 4 və 5 saylı Bakı "ASAN xidmət" mərkəzlərində, eləcə də Gəncə, Sumqayıt, Qəbələ və Bərdə "ASAN xidmət" mərkəzində də həyata keçirilir".
Remedium Hüquq Mərkəzinin rəhbəri Əli Əliyev deyir ki, rəhbərlik etdiyi qurum "Öyrən, tətbiq et, öyrət, təşviq et" adlı layihənin davamı olaraq "Online Hüquqi Məsləhət" layihəsini həyata keçirir. Bu layihə əsasən mülki hüquq, mülki prosessual hüquq, ailə hüququ, əmək hüququ, istehlakçı hüquqları, sosial təminat hüququ, inzibati hüquq və insan hüquqları kmi hüquq sahələrini əhatə edir: "Adıçəkilən layihə çərçivəsində pulsuz hüquqi məsləhətə ehtiyacı olan istənilən şəxs [email protected] elektron ünvanına müraciət edə bilər. Müraciət edən şəxslərin sualları Remedium Hüquq Mərkəzinin ekspertləri tərəfindən cavablandırıldıqdan sonra www.remedium.az saytında yerləşdiriləcək və bu barədə sualı ünvanlayan şəxsə məlumat veriləcək. Hər birinizi hüquqlarınızı öyrənməyə və onları müdafiə etməyə dəvət edirik".
"Ekspert-SM LTD" hüquq və konsaltinq şirkətinin təsisçisi və direktoru Sübhan Məmmədov qeyd edir ki, hüquqi online məsləhət əhalinin ümumi hüquqi savadının artmasına imkan yaradır. Çox vaxt suala ətraflı cavab bu və ya digər qanunun hansısa bir maddəsindən ibarətdir. Onu demək kifayətdir ki, adam aldığı məlumatdan tam olaraq qənaətlənsin: "Bu halda bizim müştərimiz həm vaxtına, həm də puluna qənaət edir. Bizim hüquqi online məsləhət sayəsində müştərilərimiz bizim səriştəliyimizin səviyyəsini görə bilərlər. Bizim mütəxəssislərin online məsləhəti praktik olaraq hüquq münasibətlərinin bütün sahələrini əhatə edir. Xüsüsilə biz əmək, vergi, əczaçılıq, mənzil, ailə, korporativ, müqavilə, torpaq, varislik, siğorta, inzibati, maliyyə, nəqliyyat, gömrük, beynəlxalq, miqrasiya, müəlliflik və prosessual hüquq sahələri, eləcə də investisiya layihələrinin müşayiəti üzrə problemləri həll etməyə köməklik edirik. Bizim şirkətin online hüquqi məsləhətini almaq çətin deyil. Bunun üçün sadəcə şirkətimizin saytında olan formanı düzgün doldurmaq lazımdır. Anketin xanalarını düzgün doldurmaq, hüquqşünasa məsələnin mahiyyətini qısaca izah etmək və doğru əlaqə nömrələrini qeyd etmək tələb olunur. Online məsləhət məxfilik əsasında təqdim olunur. Biz vətəndaşlara operativ surətdə və savadlı şəkildə cavab verməyə hazırıq".
"Hüquq və Ədalət" İctimai Birliyinin sədri Talıb Talıbov isə qeyd edir ki, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə "ödənişsiz huquqi məsləhət-xidmət Mərkəzi"nin yaradılması" layihəsini həyata keçirir. Həmin layihə çərçivəsində "ödənişsiz huquqi məsləhət-xidmət Mərkəzi" yaradılıb: "Bu mərkəzdə təşkilatın hüquqşünasları tərəfindən əhalinin aztəminatlı təbəqələrinə aid vətəndaşlara ödənişsiz hüquqi məsləhət xidməti göstərilir. Mərkəzimizdə hüquqi məsələlərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi, məsləhət və izahların verilməsi, hüquqi xarakterli sənədlərin hazırlanması, dövlət idarəetmə orqanlarında təmsil etmə, azadlığa çıxmış məhkumların maraqlarının müdafiəsi və təmsil olunması, inzibati xətalara dair işlər üzrə məhkəmə icraatı zamanı şəxsin maraqlarının
müdafiəsi, mülki proses zaman maraqlarının müdafiəsi və təmsil olunması və inzibati-iqtisadi məhkəmələrdə müdafiə və təmsil olunma kimi xidmətlərin göstərilməsi nəzərdə tutulub. Mərkəzimizin nəzdində "ödənişsiz vəkil" qaynar xətti fəaliyyət göstərir. Əhalinin aztəminatlı təbəqəsinə aid vətəndaşlar qaynar xətt vasitəsilə də mərkəzə müraciət edə bilərlər. Vətəndaşlar mərkəzimizin ödənişsiz hüquqi məsləhət xidmətindən yararlanmaq üçün 1-5-ci günlər saat 10.00-dan 15-00-dək ofisimizə müraciət edə bilərlər. Onlar həmçinin ofisimizə zəng etməklə, elektron poçt ünvanlarımıza məktub və ya sorğu yazmaqla, həmçinin facebook səhifəmizə müraciət etməklə öz suallarına cavab ala bilərlər".

Xəyalə Süleymanqızı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir