Radiolarımızda şou-maqazin verilişləri Layihə

Radiolarımızda şou-maqazin verilişləri

"Belə proqramlardansa, maarifçiliyi təbliğ edən verilişlərə yer ayrılsa, daha yaxşı olar"

İnsanları dinləməyə sövq etməkdən daha çox, əsəbləri ilə oynayan radio aparıcıları efirləri "işğal" ediblər

Bu gün televiziya aparıcılarının nitq qüsurlarından çox danışılır. Bu, dəfələrlə müzakirə olunsa da problem öz həllini tapmayıb. Eyni problem radioda da yaşanır. Qeyd edək ki, radio Azərbaycanda 87 ildir ki, fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə radio Xalq Cümhuriyyətinin vaxtında fəaliyyətə başlayıb. Müntəzəm radio verilişləri fəaliyyətinə isə 1926-cı il noyabrın 4-dən başlanıb. Radio ilk vaxtlar kütləvi yerlərdə quraşdırılırdı və insanları informasıya ilə təmin edirdi. Azərbaycan müstəqil olandan sonra, müstəqilliyin verdiyi imkanlardan uğurla istifadə edildi və müxtəlif radio FM dalğaları fəaliyyətə başladı. Bu radiodalğalar zamanla funksiyalarının bir neçəsindən "imtina etdi". Jurnalistikanın əsas funksiyalarından biri olan maarifləndirmənin yerini əyləndirmə tutdu. İndiki dövrdə hansı radio dalğasını dinləsək, bu, açıq-aşkar özünü biruzə verir. Radiolarda Qərb musiqilərinə geniş yer verilməsinə isə münasibət birmənalı deyil. Əgər əcnəbi bir qonaq ölkəmizdə radio dinləmək istəsə, dinlədiyi radiodan bu qənaətə gələcək ki, milli musiqimiz rep və cazdan ibarətdir. Radio aparıcısı isə radionun simasıdır. Aparıcı radionun dinləyici kütləsinin yaranmasında önəmli rol oynayır. Azərbaycanda radio yaranandan bu yana unudulmaz radioaparıcılar yetişib. Onlardan Aydın Qaradağlı, Roza Tağıyeva və başqalarının adlarını çəkmək olar. Onların Azərbaycanda radio ənənələrinin formalaşmasında əvəzsiz xidmətlərini unutmaq olmaz. Bu gün isə hər şey fərqlidir. İnsanları dinləməyə sövq etməkdən daha çox, əsəbləri ilə oynayan radio aparıcıları efirləri "işğal" ediblər.
Onların fəaliyyətini unutmaq olmaz.
Bakı Slavyan Universitetinin Yeni Media kafedrasının müəllimi Mübariz Ağayev bildirib ki, bugünkü radiolarımız inkişaf etməkdə olsa da, ancaq bununla yanaşı, bəzi çatışmazlıqlar da var. Mübariz Ağayev əsas problemlərdən biri kimi, radio aparıcılarının nitqindəki qüsurları vurğuladı: "Cəmiyyət bu aparıcıları dinləyir və onların danışıq tərzini özünə meyar kimi qəbul edir. Müəyyən insanlar onlar kimi danışmağa başlayırlar. Ana dilimizin üslub və qaydalarını kobud şəkildə pozan bu aparıcılar bizə lazımdırmı?" O, bununla yanaşı, efirdə səslənən əcaib musiqilərdən də gileylənib. Radiolarda səslənən müəyyən musiqilərin heç bir milli mənəvi dəyər aşılamadığını vurğulayan Mübariz Ağayev belə musiqilərə efirdə yer verilməsinin gərəksiz olduğunu əlavə edib.
Ekspert Əhməd Əsgər düşünür ki, radio yarandığı gündən bu yana öz aktuallığını qoruyub saxlaya bilib. Onun sözlərinə görə, televiziya yaranandan sonra belə, radionun fəaliyyətini davam etdirməsi bunun bariz nümunəsidir. O, radio aparıcılarının nitq qüsurları ilə bağlı da fikirlərini bölüşüb. Əhməd Əsgər qeyd edib ki, dünya ölkələrində dilin yumşaldılması ilə bağlı institutlar fəaliyyət göstərir ki, bu institutlar ümumi danışıq dilinin formalaşması üçün çalışırlar. Belə bir institutun fəaliyyətinə Azərbaycanda da ehtiyac var. O həmçinin radiolarımızda şou-maqazin verilişlərinə geniş yer verilməsindən təəssüfləndiyini bildirib: "Belə proqramlardansa, maarifçiliyi təbliğ edən, insanların zövqlərini oxşayan proqramlara yer ayrılsa, daha gözəl olardı".
Bakı şəhər sakini Yaşar İbrahimovun isə mətbuatda radioverilişləri və aparıcıları ilə bağlı dərc olunmuş məktubu daha maraqlıdır və dinləyicinin bunu necə qarşıladığından xəbər verir: "Zənnimcə, FM radioları daha çox nəqliyyat vasitələrində - şəxsi minik avtomobillərində dinlənilir. Xüsusilə də sübh tezdən insanlar müxtəlif məqsədlərlə evdən çıxıb mənzil başına çatanadək radioya qulaq asmağa meyilli olurlar. Ən pik dövr də səhər saat 08-09 radələrinə təsadüf edir. Mən də bu intervalda şəxsi avtomobilimdə bir neçə nəfərlə birlikdə işə yollanarkən yerli FM radiostansiyaları vasitəsilə musiqi dinləməyə cəhd göstərirəm. Təəssüf ki, heç də həmişə bu istəyimə çata bilmirəm. Çox vaxt bir kanaldan digərinə keçib bütün stansiyaları "gəzsəm" də, musiqi "tutmaq" cəhdlərim boşa çıxır - efirdə bir və ya bir neçə aparıcının əsasən mənasız, əhəmiyyətsiz mövzularda söhbətlərinə, şit zarafatlaşmalarına, hətta dinləyiciləri ələ salacaq qədər "cəsarətli" atmacalarına qulaq asmaq məcburiyyətində qalıram. Sərnişinlərim də həmçinin. Elə məqamlar olur ki, çoxsaylı radiostansiyaların heç birində o anda musiqi səslənmir - elə hey hamı danışır. Çarə qalır radionu qapayıb başqa vasitələrlə musiqi dinləməyə. Əlacsızlıqdan belə də edirəm.
Amma könül istərdi ki, radio verilişlərini tərtibləyən, proqramları hazırlayan şəxslər pik vaxtlarda, ələlxüsus da səhər-səhər insanlara xoş əhval-ruhiyyə aşılayacaq, işə, yaradıcılığa, nəcibliyə, xeyirxahlığa kökləyəcək keyfiyyətli musiqi çələngi təqdim etsinlər. Onu da söyləməliyəm ki, səhər efirində musiqi qıtlığı bir kənara, ümumiyyətlə, gün ərzində Azərbaycan musiqisinə - xalq mahnılarına, bəstəkar əsərlərinə, bir sözlə, doğma nəğmələrimizə, ifaya da həsrət qalırıq. Nədənsə milli musiqimizə radio efirlərində yetərincə yer verilmir.
Bu mənim subyektiv fikrimdir, amma inanmıram ki, səhər evdən çıxıb işə tələsən insanlar yol boyu zövqlü musiqi dinləmək əvəzinə, söz ehtiyatının qıtlığından kəkələyən, dünyagörüşləri, intellektual səviyyələri məhdud bəzi radio aparıcılarını özlərinə həmsöhbət bilsinlər, anlamsız və toplum üçün faydasız mövzularda onlarla tərəf müqabilliyinə üstünlük versinlər. Arada da musiqi avazı ilə "söhbət" edən istedadsız, amma hikkələri göydəki ulduzlardan da böyük cırtdan "ulduzcuq"ların bəsit ifalarından zövq alsınlar...
Zatən, hər kəs bir müddət sonra, getdiyi ünvana yetişdiyi andan müxtəlif mövzulu danışıqların, söhbətlərin, informasiya mübadiləsinin aktiv iştirakçısı olacaq. Belə olan təqdirdə, söylədiyim kimi, insanlar günə evdən çıxan kimi kənar söhbətlərlə "yüklənmədən", əksinə, xoş ovqat yaradacaq musiqi sədaları altında başlamaq, görəcəkləri işlər ətrafında düşünmək, planlaşdırma aparmaq istəyərlər. Keyfiyyətli musiqi tıxac, hərəkət sıxlığı və ya hər hansı səbəbdən yaranmış sürücü stressini, gərginliyini də minimuma endirir...
Xahiş edirəm, yerli FM radiostansiyalarının rəhbərləri günün efir verilişlərinin formatlarını müəyyənləşdirib proqramlarını tərtib edərkən dinləyicilərin istək və zövqlərini də nəzərə alsınlar - bizi daha çox musiqi, özü də milli musiqimizlə sevindirməyə çalışsınlar".
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov isə hesab edir ki, hansı dildə danışırsansa danış, yaxud yazırsansa yaz, dinləyən və ya oxuyan şəxs həmin dili bilirsə sənin şifahi, yaxud yazılı nitqinə bir də mədəni səviyyəsinə görə qiymətləndirib reaksiya verməli olacaq: "Çünki tarixi bizə məlum olmayan çox-çox qədim dövrlərdən bəri "nitq mədəniyyəti" adlanan bir təsəvvür-anlayış var ki, cəmiyyət inkişaf etdikcə onu ("nitq mədəniyyəti"ni) "natiqlik sənəti" səviyyəsinə yüksəldən insan qabiliyyətinin (və istedadının!) göstəricisinə çevirib... Bütün müqayisələr, almanlar demiş, qüsurlu olsa da, belə bir müqayisə aparmağa ehtiyac duyuruq ki, hər kəs mahnı oxuyur, ancaq heç də hamı müğənni olmur və ya hər kəs şəkil çəkir, ancaq heç də hamı rəssam olmur.
Cəmiyyət, nə qədər ehtiramla yanaşsa da, heç kəsdən müğənnilik, rəssamlıq və s. tələb etmədiyi kimi heç kəsdən də natiqlik tələb etmir. Ancaq hər kəsdən normal (mədəni) nitq tələb olunur ki, həmin tələbə cavab verməyən insan barəsində, nə qədər məziyyətləri, müsbət cəhətləri olsa da, "mədənidir" deyə fikirləşmək nəinki çox çətindir, hətta mümkün deyil. Niyə? Ona görə ki, bizim subyektiv zövqümüzdən, yaxud münasibətimizdən asılı olmayaraq ictimai şüurda kifayət qədər obyektiv olan "nitq mədəniyyəti" təsəvvürü var ki, dil inkişaf etdikcə həmin təsəvvür daha mükəmməl, daha pozulmaz olur. Məsələn, ingilis, alman, fransız və ya rus dilinə diqqət yetirsək görərik ki, dünyanın bu inkişaf etmiş dillərinin həm şifahi, həm də yazılı təzahürlərində mübahisəsiz qəbul olunan qaydalar, yaxud normalar mövcuddur. Azərbaycan dili də, bəzi istisnalarla, həmin inkişaf etmiş dillər kimi müəyyən qaydalara, yaxud normalara malikdir. Odur ki, hər hansı azərbaycanlının mətbuatda, televiziyada və ya radioda müşahidə etdiyi nitq qüsurlarına qarşı gündəlik həyatımızda tez-tez rast gəlinən etirazları heç kimi təəccübləndirməməlidir. Çünki azərbaycanlı şüurunda da "nitq mədəniyyəti" təsəvvür-anlayışı xeyli dərəcədə stabildir. Məsələn, hər bir azərbaycanlı bilir (və ya ən azından hiss edir) ki, televiziyada, yaxud radioda gələcəm, gedəcəm əvəzinə gələjəm, gedəjəm; gəlsək, getsək əvəzinə gəlsox, getsox, hətta o gələcək əvəzinə o gələcəkdir demək ədəbi normadan yayınmadır, nitq qüsurudur. Maraqlıdır ki, bu qüsurlardan nə birincisinə, nə də ikincisinə yazı dilində təsadüf olunmadığı halda üçüncüsü məhz yazı dilinin, yəni mexaniki normativliyin törəməsidir ki, şifahi dilə məhz ədəbi normativlik aktı kimi nüfuz edib".

Əli