“İndiki jurnalistlərin söz ehtiyatı çox zəifdir” Layihə

“İndiki jurnalistlərin söz ehtiyatı çox zəifdir”

"Bir qəzetdə jurnalistlər 500, ən yaxşı halda min sözdən istifadə edirlər, sovet dövründə bu rəqəm 8 min idi"

Son zamanlar mediada müzakirə olunan məsələlərdən biri də jurnalistlərin söz ehtiyatı mövzusudur. Bəzi ekspertlərin fikrincə, söz ehtiyatı zəif olan jurnalist normal yazı yaza bilməz. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, son bir il ərzində dilimizə 300 alınma söz daxil olub. Bu sözlər əsasən, terminlərdir. Bu sözlər xüsusi bülletendə çap ediləcək: "Müxtəlif elm sahələri, xüsusən də informatika, texnologiya sahəsi ilə bağlı dilimizə yeni sözlər daxil olub. Bəzi sənaye məhsulları müxtəlif ölkələrdən idxal edildiyinə görə, bu sahədən də yeni sözlər dilimizə daxil olub. Dilə daxil olan yeni sözlər arasında ümumişlək sözlər, demək olar ki, yoxdur".
Sayalı Sadıqovanın sözlərinə görə, yeni sözlər həm dilin daxili imkanları, həm də alınma sözlər hesabına yaranır. 2013-2014-cü illərdə dilimizə daxil olan 300 alınma söz dekabrda nəşr ediləcək bülletendə əksini tapacaq: "Siyahıda informatika, müxtəlif elm və ictimai-siyasi həyatla bağlı yeni sözlər yer alıb. Bülleten nəşr ediləndən sonra həmin sözlər müzakirəyə çıxarılacaq. Mütəxəssislər tərəfindən qiymətləndiriləcək, dilimizdə qarşılığını tapmağın mümkünlüyünə baxılacaq. Daha sonra həmin sözlərin gələcəkdə orfoqrafiya lüğətinə daxil edilməsi haqqında qərar qəbul ediləcək". O, dilimizə yersiz daxil olmuş yeni sözlərdən də danışıb: "Dilimizə yersiz daxil olan sözlər var, lakin biz bülletenə zəruri sözləri daxil etmişik. "Onlayn" sözü dilimizə daxil olub və ona qarşılıq tapa bilmirik. Cəmiyyətdə də bu söz qəbul edilib. Təəssüf ki, yersiz alınmalar əsasən mətbuatda, televiziyada işlənir. Bu vaxta qədər yeni sözlərinin qarşılığının istifadə edilməsini məsləhət görürdük. Artıq bu sözlərin qarşılığın işlədilməsi barədə qərarlar qəbul ediləcək. Çünki dilin inkişafı yalnız alınmalar yox, öz imkanları hesabına formalaşmalıdır. Bəzən alınma sözlərin bir neçə qarşılığı olduğu və onlardan istifadə edilməsi önə çəkilir. Lakin bilmək lazımdır ki, ədəbi dil sözün ən mükəmməl formasını qəbul edir. Müəyyən sözlər var ki, mətbuatda iki formada işlənir. Lakin sonra dildə ən yaxın variant qaldı. Bir müddət əvvəl "kompyuter" və "bilgisayar" sözlərinin hər ikisi istifadə edilirdi, son nəticədə "kompyuter" qalıcı oldu. Termin kimi alınma sözlərin də səviyyəsi normal olsa da, ümumişlək sözlər barədə eyni fikri deyə bilmirik. Bu da bizi narahat edir. 2004-cü ildə nəşr edilmiş orfoqrafiya lüğətində 80 min söz var idi, 2014-cü ildə 105 minə çatıb. Beş ildən sonra yeni lüğət hazırlananda bu say daha da artacaq. Noyabrda tərkibi yeni təsdiq edilmiş terminologiya komissiyasının iclası keçiriləcək.
O, həmçinin əlavə edib ki, indiki jurnalistlərin söz ehtiyatı çox zəifdir. Apardığımız araşdırma zamanı məlum olub ki, bir qəzetdə jurnalistlər 500, ən yaxşı halda min sözdən istifadə edirlər. Sovet dövründə bu rəqəm 8 min idi. Sayalı Sadıqovanın sözlərinə görə, dilimizin söz ehtiyatı daha zəngin olsa da, ondan lazımınca istifadə edilmir: "Bu da jurnalistlərin dünyagörüşünün, intellektinin, söz ehtiyatının yetərli olmamasından, bədii ədəbiyyata maraqlarının az olmasından xəbər verir.Müəyyən mərhələdən sonra bu işlərin düzələcəyini düşünürəm. Çünki ötən əsrin 90-cı illəri ilə müqayisədə mətbuatın dilində vəziyyət nisbətən düzəlib, artıq normalara daha çox diqqət edilir". O, dildə, xüsusən mətbuatda ehtiyac olmayan yeni sözlərin işləndiyini və bunun aradan qaldırılması üçün işlər aparıldığını deyib: "Çünki mətbuat laboratoriya funksiyasındadır, yeni sözlər burada işlənir, sınaq mərhələsini keçir və ümumişlək sözlərə çevrilir. Alınma sözlər əsasən, dildə qarşılığı olmayanda kütləvi halda işlədilir. Lakin bir çox hallarda zəruri olmayan alınma sözlərin də istifadə edilməsinə rast gəlirik, belə alınmalar özünə yer tapa bilmir.Məsələn, dildə eyni vaxtda həm investisiya, həm sərmayə, həm yaradıcı, həm kreativ sözləri işlənir. Həmin sözün qarşılığı varsa, yeni alınma sözün istifadə edilməsinin tərəfdarı deyilik. Dildə məcburi qəbul edilmiş alınmaların əleyhinəyik".
O, həmçinin əlavə edib ki, artıq dildə öz yerini tutmuş alınma sözlərin lüğəti hazırlanır. Lüğətdə həmin sözlərin izahı da veriləcək: "Lüğətdə müstəqillikdən sonra dilimizə daxil olan alınma terminlər yer alacaq. Lüğət hazırda redaktə mərhələsindədir. Müxtəlif sahələrdən olan 11 nəfərlik komanda bu istiqamətdə iş aparır. Əvvəllər yeni sözlər lüğəti xüsusi bülletendə nəşr edilirdi. Artıq bu sözlər mənaları ilə birlikdə xüsusi lüğət formasında nəşr ediləcək. Lüğətdə mətbuatın dilində işlənən alınma sözlər üstünlük təşkil edəcək. Təxminən 2500 səhifəlik lüğət 2015-ci ildə nəşr ediləcək. Bu il isə "İnformatika terminləri" lüğəti, "Fəlsəfə elmlərinin izahlı lüğəti", həmçinin "Elektrotexnika lüğəti" azərbaycan, rus, türk və ingiliscə nəşr edilib. Bunların hər biri kütləvi nəşrlərdir və satışda var. Terminologiyanın nəzəri problemləri ilə bağlı "Terminologiya problemləri" jurnalı nəşr olunub, ikinci nömrəsi çapa hazırlanır".
Onu da qeyd edək ki, dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər. Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir. Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.
Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir. Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər). Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir. Məsələn: döşəkcə ümumişlək sözdür - hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözüdür.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyədir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik. İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir. Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yenı sözlərdir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır. Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: investisiya, spiker, birja, kompüter, mer,faks, menecer, biznesmen, ekologiya, internet, distributer və s. Dilin öz söz ehtiyatı hesabına yaranan yeni sözlər daha çoxdur. Yuxarıdakı sözlərin çoxu buna numunə ola bilər. Dildəki yeni sözlərin bir hissəsi zaman keçdikcə ümumişlək sözlərə çevrilir. Məsələn: tozsoran, çimərlik və s. Yeni sözlərin bir hissəsi isə ixtisas sözlərinin sırasına daxil olur. Məsələn: printer, rotoprint, fızioterapiya və s.
Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir. Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun(ikigözlü heybə - torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükançı) və s..
Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1. Ərəb və fars dillərindən alınma sözlər
2. Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Belə alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsi. Məsələn, ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin islənməsi. Məsələn: Arif, aləm, bəzi, məna, elan, mötəbər, xüsusi, musiqi, sufi, həqiqət, səliqə, vəzifə və s.
3. Sözün r samiti ilə başlanması. Məsələn: razı, rahat, rəssam, rəf, rütbə, rəndə və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: Jalə, janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s.
5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər. Məsələn: şe`r, ne`mət, əla, məna, mö`təbər, vüs`ət, cür`ət, sün`i, məs`ul və s. Belə sözlərin hamısı ərəb mənşəlidir.
6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu (bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır).
7. Sözdə ahəng qanununun pozulması. Məsələn: aşiq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
8. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi. Məsələn: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşşvə s.
9. Qoşa yy samitli sözlərin hamısı. Məsələn: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdır.Ərəb və fars dillərindən alınma bəzi sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur. Məsələn: laməkan (məkansız), laqeyd (diqqətsiz), naşükür, naməlum, nalayiq, nanəcib, bisavad, biədəb, bişüur, bamazə və s. Məktəb, təhsil, din və ilahiyyətlə bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, kitab, dərs, tədris, sinif ,lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və s.

Əli