Hüquqi dövlətdə sosial mədəniyyətin sistemyaradıcı  komponentləri Layihə

Hüquqi dövlətdə sosial mədəniyyətin sistemyaradıcı  komponentləri

Professor Fuad Məmmədov: “Cəmiyyətin daxili sosial strukturunu formalaşdıran və bütöv sistem kimi onun fəaliyyətini təmin edən ictimai münasibətlər sistemidir”

Gedişat göstərir ki, bu gün dünyada hər hansı bir ölkənin inkişafı onun vətəndaşlarının geniş hüquqi bilgiyə malik olması, bu sahədə dövlət-vətəndaş birliyinin yaranması ilə bağlıdır. Dünyada gedən proseslər xalqın, dövlətin davamlı inkişafına müəyyən təsir göstərir. Əlbəttə, insanların daxilən mədəniyyətli olması ardıcıl davam edən bir proses olub, bitməyən inkişafa əsaslanır. Əslində dövlət, xalq üçün əsas olan budur. Professor Fuad Məmmədovun fikrincə, mədəniyyət insanın inkişafı üçün çox böyük potensial dəyişdirici imkanlara malikdir. Bu baxımdan kulturologiya əvəzsiz srtateji əhəmiyyət daşıyır. Kulturologiya – insanın yaradıcı həyat fəaliyyəti haqqında, onun mahiyyəti, xüsusiyyətləri, tarixi, nailiyyətləri, inkişaf qanunları, texnologiyaları və dəyişdirici imkanlarını açıqlayan elmdir: “Kulturologiya insanın təkmilləşməsinə yardım edən yeni strategiyalar və modelləri, ictimai tərəqqini və dövlətin modernləşməsini təmin edən davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz texnologiyaları yaradır. Mahiyyət etibarilə o, insanın, cəmiyyətin və dövlətin inkişaf prosesləri, qanunauyğunluqları haqqında müntəzəm olaraq yaradıcı surətdə zənginləşən biliklər sistemidir”.
Kulturologiya müasir elmin naliyyətlərinə əsaslanaraq idarəçilik fəaliyyətinin strukturu və texnologiyalarını təkmilləşdirmək məqsədilə, cəmiyyətin inkişaf tələbatları və tendensiyalarını düzgün qiymətləndirməyə imkan verir. Sistemli kulturoloji təhlil mədəniyyət hadisələrinin real həyat dialektikasından, ayrıca ideoloji izahından və mücərrəd şərhindən qaçmağa, onları realistcəsinə qiymətləndirməyə, milli inkişaf tələbatları və maraqlarını, tarixi qanunauyğunluqları və dünya sivilizasiyasının təkamül tendensiyalarını nəzərə almaqla cəmiyyətin və dövlətin inkişafını səmərəli idarə etməyə və düzgün qurmağa imkan verir: “Davamlı milli inkişaf üçün kulturologiyanın əhəmiyyəti onunla şərtlənir ki, o strateji və taktiki məqsədləri formalaşdırmağa və təkmilləşdirməyə, istiqamətləri müəyyən etməyə və fərdi, sosial, dövlət və beynəlxalq inkişaf prioritetlərini bərqərar etməyə; cəmiyyətin və dövlətin milli maraqlara cavab verən müxtəlif istiqamətlərinin səmərəli koordinasiyasını təmin etməyə; tarixi təcrübə və dünya sivilizasiyasının komparativ təhlili əsasında dövlətin davamlı inkişaf modelləri və texnologiyalarını, əməyin və istehsal olunan məhsulun yüksək məhsuldarlığını və keyfiyyətini təşkil etməyə; cəmiyyətin və dövlətin müxtəlif sahələrində dünya elminin ən yeni nailiyyətlərinin, onların aktuallığının zaman çərçivəsini nəzərə almaqla istifadəsi proqramlarını, həmçinin elmi əsaslanmış proqnozları və gələcək inkişaf konstruksiyalarını işləyib hazırlamağa; insan kapitalının inkişafı, “biliklər cəmiyyəti” və “iqtisadi biliklər”in tərəqqisi üçün zəruri olan universal kulturoloji bilikli yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlığı, yenidən hazırlığı və tərbiyəsini, habelə əhalinin müxtəlif təbəqələrinin kulturoloji maarifçiliyini həyata keçirməyə, gənc nəslin vətənpərvər Azərbaycançılıq ideologiyasına uyğun tərbiyə edilməsinə, həmçinin təhlükəsiz inkişaf naminə sivilizasiyaların səmərəli dialoquna və beynəlxalq əməkdaşlığa yardım etməyə daha yaxşı tərzdə imkan verir”.
Milli irsin qorunması və cəmiyyətin modernləşməsinə yönəldilmiş, milli mədəniyyətin inkişafına elmi cəhətdən yardım etdilməsi, sosial-siyasi mədəniyyətin təkmilləşdirilməsi və effektiv praktik fəaliyyətin təmin edilməsi məqsədilə, dünya kulturoloji fikrinin öyrənilməsi əsasında F.Məmmədov tərəfindən insanın inkişafının və idarəçiliyin mürəkkəb problemlərinin sistemli təhlilinə innovativ kulturoloji yanaşma işlənib hazırlanıb. Maraqlıdır ki, araşdırmada iqtisadiyyat mədəniyyətin sosial institutu kimi nəzərdən keçirilir. Araşdırmada mədəniyyətin bütöv sosial sistem kimi elmi anlayışı, mədəniyyəti “ikinci, süni təbiət” kimi inkişafın göstəricisi, vasitəsi və məqsədi kimi görmə - onun sosial institutlarını, o cümlədən iqtisadiyyatı yeni nəzərlə görməyə və qiymətləndirməyə imkan verir: “İqtisadiyyat mənəvi və maddi mədəniyyətin bütöv sisteminin bir hissəsidir. O, insanın həyati tələbatlarının təmin edilməsinə yönəldilmiş ruhi istehsalın, iqtisadi elmin maddi təcəssümüdür”. Professor qeyd edir ki, bu prosesin həyata keçirilməsi aşağıdakı resursların olmasını nəzərdə tutur: elmi biliklər, texnologiyalar, insan kapitalı, xammal, materiallar, texnika və təchizat, enerji, menecment, istehsal tikintiləri, maliyyə kapitalı (investisiyalar).
F.Məmmədov bu qənaətdədir ki, mədəniyyəti bütöv sosial sistem kimi görmənin ən geniş yanaşmalarından biri - cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrini əhatə edən, onu yaradan qarşılıqlı əlaqəli komponentlər prizmasından baxılmasıdır. Onlara aşağıdakılar aiddir.
Ailə və nigahın, səhiyyə, ekologiya və fiziki (cismani) mədəniyyətin təşkil edilməsi sahələrini əhatə edən - bioloji istehsal sistemi. Bu sistemin əsas funksiyası insan nəslinin qorunması və davam etdirilməsidir;
İntellektual, emosional, estetik, hüquqi və mənəvi sahələri birləşdirən – mənəvi istehsal sistemi. Bu sistemin funksiyası – sosial fərdlər kimi, insanların mənəvi formalaşması və inkişafının təmin edilməsi, cəmiyyətin və dövlətin mənəvi və maddi fəaliyyətinin elmi, etik, hüquqi, estetik, texnoloji əsaslarının yaradılmasıdır. Təbiətin dəyişdirilməsinə və insanın, cəmiyyətin və dövlətin həyat fəaliyyətini təmin edən məhsulun yaradılmasına yönəldilmiş - maddi istehsal sistemi. Cəmiyyətin və dövlətin formalaşdırılması və inkişafı funksiyasını yerinə yetirən, onun institutlarının həyat fəaliyyətini əlaqələndirən - təşkiletmə və idarəetmə sistemi. Cəmiyyətin daxili sosial strukturunu formalaşdıran və bütöv sistem kimi onun fəaliyyətini təmin edən - ictimai münasibətlər sistemi.
Bütün bu sistemlərin mədəniyyətin mahiyyət təcəssümü olduğunu görmək çətin deyil, mənəvi mədəniyyətə əsaslanır və onun inkişaf nəticələridir. Cəmdə onların hamısı yaradıcı həyat fəaliyyətinin həm prosesi, həm nəticəsi, həm üsullarını ifadə edir. Yaradıcı proses kimi mədəniyyətin ən mühüm funksiyası “mənəvi istehsaldır”, yəni mənəvi dəyərlərin istehsalı, onların qorunması, istifadəsi və yayılmasıdır.
Mənəvi dəyərlərin qorunması sistemi - mənəvi dəyərlərin qorunması, toplanması və ötürülməsini iki tip saxlanma vasitəsi ilə təmin edir: bəşəriyyətin yaratdığı biliklər, təsəvvürlər, vərdişlərin qorunduğu, xüsusi işarə sistemlərində möhkəmləndirilən, insanların canlı hafizəsini ifadə edən - bioloji saxlanma; kitabxanalar, arxivlər, muzeylər, qalereyalar, kino, foto, video, fonotekalar, elektron internet-fayllar və işarə sistemlərini toplayan və sistemləşdirən digər strukturlar - süni saxlanma.
Mənəvi dəyərlərin yayılması, istifadəsi və mənimsənilməsi sistemi, gerçəkliyin mədəni dəyərlərdə təcəssüm olunan ruhi mənimsənilmə nəticələrinin insanlara ötürülməsini iki səviyyədə təmin edir: dəyərlərin bilavasitə, qeyri-institusional, mikromühit səviyyəsində - ailə, əmək kollektivi və digər mikrososiumlar vasitəsi ilə ötürülməsi; institusional təhsil və tərbiyənin məktəbəqədər uşaq müəssisələri, bütün növ və səviyyələrdən olan məktəblər, maarif müəssisələri və təşkilatlar, kütləvi kommunikasiya sistemləri – nəşriyyat, kino, radio, televiziya, video-audio vasitələri, internet vasitəsi ilə ötürülməsi.
Mədəni dəyərlər insanın həyat fəaliyyətini tənzimləyən və dövlət siyasətinin ideoloji əsasını təşkil edən sabit mədəni oriyentirləri ifadə edir. Mənəvi həyatın müxtəlif hadisələri, amilləri və proseslərinə insanın münasibətini ifadə edən mədəni dəyərlər, həm fərdi həyat yolunu, həm də insanların qruplar halında fəaliyyətinin istiqamətini müəyyən edir. Mədəniyyətə toxunan dəyişikliklər, hər şeydən əvvəl, dəyərlər, - ideallar, etika, təhsil sistemi, sosial, istehsal və məişət normativləri, hüquq, incəsənət sahəsində, həmçinin ruhi mədəniyyətin maddi təcəssümündə baş verir.
Müxtəlif insanlar eyni mədəni dəyərlərə müxtəlif dərəcədə üstünlük verirlər. İnsanın mədəni potensialının inkişafında intellektual və humanist dəyərlər mühüm rol oynayır. Cəmiyyətin nailiyyətlərinin qiymətləndirmə meyarı - hər şeydən əvvəl, ölkənin intellektual potensialı ilə müəyyən olunan həyat səviyyəsi və insana humanist münasibətdir. İbn Sinaya görə, cəmiyyətin rifahı - elmi biliklərə əsaslanan düzgün, xeyirxah siyasətlə əldə edilir. Mədəni dəyərlər təfəkkürə, psixologiyaya, dünyagörüşünə, intellektə, motivlərə, davranışa, əxlaqa, xarakterə, taleyə təsir göstərir. Mədəni dəyərlər sisteminə intellektual, mənəvi, estetik, siyasi, etno-milli, dini, bədii, hüquqi, ideoloji, maddi və digər dəyərlər aiddir. Mədəni dəyərlər mədəni norma və qaydalardan onunla fərqlənir ki, birincilər üstün tutmalar xarakteri daşıdığı halda, ikincilər - sosial göstəriş gücünə malikdir və normativ sənədlərlə tənzimlənən sosial zəruri fəaliyyətlər tələb edir.
Həyat fəaliyyəti prosesində, xüsusilə, sosial-mədəni mühitin dəyişməsi şəraitində, çox zaman dəyərlərin dialektik yenidən qiymətləndirilməsi baş verir. İnsanın biliklərinin və təcrübəsinin inkişafı ilə, onun mədəniyyətinin artması ilə dünyanı yeni görmə imkanı, cəmiyyətdə özünün və ətraf mühitin dərk edilməsi və təkmilləşdirilməsində yeni imkanlar yaranır.
Mədəni dəyərlərin formalaşdırılması üç səviyyədə baş verir - fərdi, sosial və dövlət:
1. Dəyərli oriyentasiyalar və ideyalar, predmetlər, həyat tərzi və fəaliyyət növlərinin seçim üstünlüyü əsasında şəxsiyyətin fərdi mədəni mühitinin formalaşdırılması;
2. İnsanların tələbatları və qabiliyyətləri ilə şərtlənən ruhi və maddi dəyər və normalar halında ideyaların və predmetlərin yaradılması yolu ilə cəmiyyətin mədəni mühitinin formalaşdırılması. Bu elmi əsərlər, fəlsəfi sistemlər, etik baxışlar, hüquqi normalar, bədii əsərlər, istehsal avadanlığı, məişət əşyaları və mədəniyyət və sivilizasiyanın digər komponentləridir;
3. Dövlətin strateji cəhətdən mühüm, sosial-mədəni tərəqqi və cəmiyyətin təhlükəsizliyini təmin edən, millətin və bəşəriyyətin ən əhəmiyyətli elmi, mənəvi və texnoloji nailiyyətlərini özündə toplayan mədəni dəyərlərinin yaradılması.
Elçin Qaliboğlu