“Böyük Qayıdış” uğurla davam edir Layihə

“Böyük Qayıdış” uğurla davam edir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsini böyük zəfərlə başa vurdu və işğala son qoyuldu.

44 günlük savaşdan sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 4 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib, təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev ­bununla bağlı çıxışlarının birində deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

İşğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir.

Yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək.

Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Azərbaycanlılar Zəngilan, Laçın, Füzuli və azad olunan digər dogma şəhər və kəndlərimizə qovuşub. Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlər uğurla davam etdirilir. Hökumət Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Ötən gün də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 30-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65nəfər, Laçın rayonunun Zabux kəndinə 2 ailə, 4 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

İllərdir dogma yurd-yuvalardan ayrı düşən azərbaycanlılar böyük sevinc hissi ilə yenidən ora qayıdırlar.

Laçın rayon sakini Abdullayeva Nübarək deyib ki, nəhayət uzun illərdən sonra böyüyüb boya-başa çatdığım doğma yerlərə qayıdıram. Artıq ağrı-acılar bitib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyən Laçın sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

“Doğma yurdumuz əvvəlkindən daha gözəl, daha abad olacaq”, - deyə o qeyd edib.

Laçından olan keçmiş məcburi köçkün Vaqif Məmmədov isə deyib ki, doğma el-obamı görmək üçün səbirsizlənirəm. Bundan böyük sevinc hissi ola bilməz.

“Bu gün Laçına qayıdırıq. İllər sonra böyüyüb boya-başa çatdığımız doğma yerlərə qayıtmaq çox gözəl hisslərdir. Sevincimdən dilim də söz tutmur danışam. 38 yaşımda ailəmlə çıxmışam Laçından, bu gün isə nəvələrimlə, övladlarımıa qayıdıram öz doğma yurduma”, - deyə o vurğulayıb.

Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkün Dursun Kərimova da sevincini bölüşüb. Deyib ki, illərdir bu günü gözləyirdim. Firavan günlərimiz bundan sonra daha çox olacaq.

Laçına qayıtmağın ən böyük arzusu olduğunu bildirən Dursun Kərimova ona bu xoş günləri yaşatmaqda əməyi olanları unutmayıb: “Doğma el-obama qayıtdığım üçün sevinirəm. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad edib. Vətən uğrunda canını və qanını əsirgəməyən qazilərimizə də şəfa, şəhidlərimizə rəhmət diləyirəm.

Mal-mülk heç nə torpağımız qədər önəmli deyil. Dövlətimiz Laçında, azad olunan ərazilərdə bizlər üçün çox gözəl şərait yaradıb. Amma bizim üçün ən önəmlisi torpaqlarımızın azad olunmasıdır. Mən beş qardaşımı itirmişəm Laçında. Ora gedib ən birinci torpağımızı qucaqlayıb öpəcəyik”.

Yeri gəlmişkən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilib ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

Qeyd edilib ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər.

Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Yeri gəlmişkən, gələn aydan Şuşa şəhərinə köç başlayacaq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Qeyd olunub ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır. Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcəkdir.

Cavid