“Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün mükafatlandırma mərasimi keçirilib Cəmiyyət

“Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü”nün mükafatlandırma mərasimi keçirilib

Mayın 1-də “World Business Centre”də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “Ramiz Əskər – Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbir zamanı həmçinin CASCFEN-in Türk dünyası istiqamətində fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsi təqdim edilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid, millət vəkili Vüqar İskəndərov, Ramiz Əskərin bacısı, filologiya elmləri üzrə fəlsəfə doktoru Nailə Əskər, ölkənin aparcı QHT və media qurumlarının rəhbərləri, o cümlədən gənclərin iştirak etdiyi tədbirdə öncə türk dünyasının birliyi üçün misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, daha sonra isə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.

Mərasimi giriş sözü ilə açan CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri tədbirin gələn qonaqları salamlayaraq ödülü təşkil etmək məqsədlərindən danışıb.

O, “Ramiz Əskər – Türk Dünyasına Xidmət Ödülü”nün məhz indi təqdim edilməsinin səbəbinə toxunub: “Bildiyiniz kimi bu tədbirimizin mahiyyətində türkçülüyə, türk dünyasına təmənnasız xidmətin nümunəsini yaradan tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist, həmçinin CASCFEN yenidən formalaşandan sonra ilk İdarə Heyətinin üzvü olan Ramiz Əskərin xatirəsinə təsis etdiyimiz “Ramiz Əskər -Türk dünyasına xidmət ödülü”nün ilk qaliblərinin mükafatlandırılması dayanır. Əslində, biz bu tədbiri öncə keçirməli idik. Lakin bizdən aslı olmayan səbəblərə görə bir neçə dəfə təxirə saldıq. Hətta bundan öncə martın 20-də keçirəcəyimizi qətiləşdirmişdik, burada ödüllərdə də məhz həmin tarixi qeyd etmişdik. Düşünürdük ki, martın 20-si həm də CASCFEN-in yarandığı gün olduğu üçün həmin gün təqdimat edək. Görünür qismət bu günədir. Əslində, bu dəfə də biz təqdimatı 3 may -Türkçülük Günü üçün nəzərdə tutmuşduq. Lakin sonradan bildik ki, həmin gün Türkiyə Cümhuriyyəti Cümhurbaşqanlığı İletişim Başqanı Fahrettin Altunun himayəsində Bakıda möhtəşəm tədbir planlaşdırılıb. Ona görə də qərara gəldik ki, biz vaxtı dəyişək və 3 may ərəfsində, yəni bu gün keçirək”.

N.Azəri xatırladıb ki, CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətinin ilk üzvlərindən biri Ramiz Əskər olub.

Daha sonra söz Mətbuat Şurasının sədri Rəşad Məcidə verilib. Bu tədbirin əhəmiyyətinə toxunan R.Məcid həmçinin Ramiz Əskər yaradıcılığı ilə bağlı ətraflı danışıb. O, qeyd edib ki, R.Əskər bütün fəaliyyəti boyu türklüyə xidmət edib.

Çıxışında CASCFEN-ə də uğurlar arzulayan R.Məcid “belə tədbirlər türk birliyinə, bu yolda əmək sərf etmiş şəxsləri daha yaxşı tanımağa və araşdırmağa imkan verir” deyib.

Tədbirdə çıxış edən millət vəkili Vüqar İskəndərov türk dünyasında birliyin əhəmiyyətinə diqqət çəkərək bu istiqamətdə fəaliyyət göstərən hər kəsə təşəkkür edib. O, başda Ramiz Əskər olmaqla Türk dünyasının həmrəyliyi istiqamətində çalışan hər kəsi təqdir edib, hazırda fəaliyyət göstərən araşdırmaçılara uğurlar diləyib. Millət vəkili həmçinin QHT-ləri bu istiqamətdə daha çox fəallıq göstərəmyə səsləyib.

Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, CASCFEN-in qurucusu Azər Həsrətə Ramiz Əskərlə bağlı xatirələrini bölüşüb. Azər Həsrət hələ gənc yaşlarından Ramiz Əskərlə qarşılaşdığını, onun təcrübələrindən istifadə edərək öz bilgi və təcrübələrini artırdığını xatırlayaraq mərhumun Türk dünyasının həmrəyliyi istiqamətindəki fəaliyyətini xüsusi vurğulayıb: “Harada bir türklüklə bağlı iş, fəaliyyət var idisə Ramiz bəyi orada görmək olardı. CASCFEN-i yenidən bərpa edəndə də biz Ramiz müəllimlə danışdıq və o, İdarə Heyətinin ilk üzvlərindən biri kimi yanımızda oldu”.

Münsiflər adından çıxış edən CASCFEN-in sədr müavini Nüşabə Hüseynli isə ödülün təsisi məqamına toxunub: “Məlumat üçün deyim ki, Ramiz müəllim rəhmətə gedəndən sonra CASCFEN İdarə Heyətinin qərarı ilə “Ramiz Əskər –Türk Dünyasına Xidmət Ödülü”nü təsis etdik. Bu da səbəbsiz deyil. Çünki sədrimizin də dediyi kimi CASCFEN 2012-ci ildə fəaliyyətini yenidən qurduqdan və rəsmi qeydiyyatdan keçdikdən sonra formalaşan İdarə Heyətində Ramiz müəllim də olub. Ümumi fikir birliyi nəticəsində qəbul edilən qərar belə oldu ki, ödülü hər il üç istiqamət üzrə – ədəbiyyat və tarix, media və QHT sahəsində türk dünyasına xidməti olan şəxslərə təqdim edək. Məhz bu üç sahənin seçilməsi təsadüfi deyil. Çünki mərhum Ramiz müəllim həyatı boyunca, xüsusilə, bu üç sahədə türkçülüyə xidmət üçün mühüm işlər görüb. Sonradan isə Münsiflər Heyəti formalaşdı və bir azdan elan edəcəyimiz qalibləri seçdik. Lakin mən də xüsusi olaraq bidirmək istəyirəm ki, biz müakfatçıların daha çox olmasını istərdik. Lakin bəlli hədlər var. Bununla belə, bu dəfə qalib olmasa da, könlümüzün mükafatçıları olan digər şəxslər və qurumların da inşallah növbəti illərdə mükafatçılar arasında olacağına şübhə etmirik. Bir məqamı da qeyd edim ki, biz qalibləri müəyyən edərkən əsas o prinsipə üstünlük verdik ki, qalib olan şəxslər və qurumlar sözün əsl mənasında türkçülüyə, türk dünyasına təmannasız xidmət etmiş olsunlar”.

Sonra Nadir Azəri qalibləri elan edib. Bəlli oldu ki, CASCFEN birinci ilin qaliblərinin ümumilikdə 8 olmasına qərar verib: “Azərbaycan və Türk Dövlətləri Təşkilatında olan 8 guşəli bayrağı əsas götürərək birinci il 8 qalib elan etdik. Onu da deyim ki, bu il biz münsifləri CASCFEN ailəsindən formalaşdırdıq, lakin gələn beynəlxalq münsiflər heyəti formalaşdırılacaq. Bütün türk dövlətlərindən orada nümayəndə olacaq. İndi isə qalibləri elan eidirik”.

Bəlli oldu ki, qərara əsasən türk dünyasının dəyərli qızı, həyatını türklüyə həsr edən Qənirə Paşayeva ölümündən sonra Media istiqaməti üzrə “Ramiz Əskər –Türk dünyasına xidmət ödülü”nə layiq görülüb. Bu istiqamət üzrə Qənirə Pşayevanın qalib elan olunması birinci onun vaxtı ilə bu sahədə uğurlu fəaliyyəti, ikincisi isə "Addım-addım Türkiyə" sənədli filmləri silsiləsidir.

Həmin istiqamət üzər ikinci qazlib isə Kərkük türklərinin səsini dünyaya çatdıran, eyni zamanda bir qəzetəçi kimi də türklük ülküsünə xidmət edən Dr. Şəmsəddin Küzəçidir.

Digər istiqamət - QHT istiqaməti üzrə qaliblər isə yarandığı qısa vaxt ərzində türk dünyasında öz sözünü deyən, təkcə türk dövlətlərində deyil, digər ölkələrədə də maraq doğuran Türk Dövlətləri Qiymətləndiricilər Birliyi, Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və incəsənətinin xaricdə təbliği, gənclərin maarifləndirilməsi, onlarda vətənpərvərlik və türklük ruhunun gücləndirilməsi üçün davamlı addımlar atan Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi, yarandığı vaxtdan etibarən kitabla, elmlə bağlı yaddaqalan festival və tədbirlərin təşkilatçısı olan, türk dünyasının ədəbiyyat sahəsində də bir olması üçün davamlı addımlar atan Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyidir.

“Mücahid ömrü, Məhəmmədsadıq Aran” kitabınin müəllifi, şüurlu həyatını türkçülüyə xidmətə həsr edən, fəal QHT və media təmsilçisi, ictimai proseslərdə hər zaman ön sıralarda olan Elməddin Behbud, Özbəkistanın tanınmş yazıçısı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifi, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı Xasiyyət Rüstəm (qeyd edək ki, Xasiyyət xanım eyni zamanda vaxtı ilə mərhum Ramiz müəllimlə birlikdə ədəbi fəaliyyət də göstərib. Ramiz müəllim onun Xasiyyət Rüstəmin “Məcnun söyüd” kitabını Azərbaycan türkcəsinə çevirib bə kitabın ön söz müəllifi olub. Kitab TÜRKSOY kitabxanası seriyasından 2020-ci ildə Bakıda çap edilib) və yarandığı vaxtdan fəaliyyəti ilə türk dünyasının ədəbi məkanda inteqrasiyasına dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu isə Ədəbiyyat və tarix istiqaməti üzrə qalib olublar.

Ödüllərin təqdimatından sonra isə media qurumlarına CASCFEN-in Təşəkkür Bəlgəsi təqdim edilib.

Sonda hər kəsə minnətdarlıq edən N.Azəri “İnşallah qarşıda da CASCFEN-in türk dünyası ilə bağlı tədbirləri çox olacaq. Əminik ki, buradakı dəyərli QHT və media təmsilçiləri o mərasimlərdə iştirak və çıxış edəcəklər. Məsələn, elə bu gündən etibarən CASCFEN QHT-lərə Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsinin qalibi olaraq “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasına başlayır. Bu layihə çərçivəsində inşallah bir neçə dəfə görüşəcəyik” deyib.

Cavid