SDU-da elmi-praktiki konfrans keçirilib Cəmiyyət

SDU-da elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 08 may 2025-ci il tarixində “Gənclər Paytaxtı Sumqayıt – 2025 İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycanın gələcəyi: Heydər Əliyev irsi işığında” adlı elmi-praktiki konfrans təşkil edilib.

Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin və dövlətçilik ideologiyasının gənclər arasında geniş təbliğ olunmasıdır.

İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin büstünə gül dəstələri düzüb, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçiriblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Əminağa Sadıqov və digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişlər.

Bildirilib ki, Ulu Öndərin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir və bunun nəticəsi olaraq ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb.