

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Xalqcebhesi.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkiyə nümayəndə heyəti "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayıb, onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.
Baş Qərargah rəisi Azərbaycan və Türkiyə arasında ortaq tarix, mədəniyyət və dəyərlərə əsaslanan mövcud münasibətlərin hər iki qardaş ölkənin təhlükəsizliyi və inkişafı üçün mühüm rol oynadığını qeyd edib. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əməkdaşlığımızın bölgədə sabitliyə və rifaha töhfə verdiyini bildirib. Nazir müavini digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də əlaqələrin genişləndirilməsinin innovativ layihələrin reallaşmasına geniş imkanlar yaratdığını xüsusi vurğulayıb.
Göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T.Canbolat qarşılıqlı səfərlərin və görüşlərin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsirindən danışıb. Elmi bilik və təcrübə mübadiləsinin zəruriliyini diqqətə çatdırıb.
Türkiyə nümayəndə heyəti daha sonra Azərbaycan Respublikasının müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Görüş zamanı peşəkar kadrların hazırlanması məqsədilə birgə layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb, maraq doğuran bir sıra digər məsələlər geniş müzakirə olunub.