Mayın 29-da doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.
APA xəbər verir ki, bu mərhələdə köçürülən 163 nəfərdən ibarət 41 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
***
06:38
Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, bu gün 41 ailə (163 nəfər) Bəylik kəndinə köçürülür.
Bakı şəhərindən 24 ailə (100 nəfər), Abşeron rayonundan 14 ailə (50 nəfər), Bərdə rayonundan 1 ailə (7 nəfər) Qobustan rayonundan 1 ailə (3 nəfər), Xaçmaz rayonundan 1 ailə (3 nəfər) Bəylik kəndinə köçürülüb.
Xatirə Quliyeva bildirib ki, Bəylik kəndindən məcburi köçkün düşəndə 33 yaşı olub: “İndi övladlarımla qayıdıram. Oranın hər daşı, hər qayası mənə əzizdir. Qayıdıb doğma yurdumda yaşamaq istəyirəm. Allah prezidentimizə can sağlığı versin”.
Həsənova Familə isə 3 ildir Laçına gedib gəldiklərini deyib. “Bundan gözəl nə ola bilər? Həsrət qaldığımız yurdumuza qayıdırıq. 3 ildir Laçına gedib gəlirdik. Bu gün isə qismət oldu və öz evimiz bizə verildi”.
Rzayev Umud Allahdan şəhidlərimizə rəhmət diləyərək onların sayəsində el-obalarına qayıtdıqlarını deyib.
Bir digər sakin Nazifə Rzayeva da çox sevincli olduğunu deyib. “Öz doğma yurdumda yaşayacam. Oranı təzədən quracağıq.”
Abışova Qəndab da öz növbəsində dövlət başçısına müvəffəqiyyətlər arzulayıb: “Allah Prezidentimizi qorusun. Onun dəmir yumruğu bizim intiqamımızı aldı, bizi evimizə qaytardı. Bu günə çox şükürlər olsun.”