

“Şöhrət” ordenli akademik Ağamusa Axundov Azərbaycan ədəbiyyatşünaslığı tarixində böyük xidmətləri olan alimlərimizdən biri, əməkdar elm xadimi olub. Bu dilçi, türkoloq alim artıq on ildir ki, aramızda yoxdur. Fəqət, şöhrəti hələ də dillərdə gəzir. Mərhum akademik haqqında nə vaxtsa geniş söhbət edəcəm, amma bu dəfə sizə onun yadigarı- ədəbiyyatşünas, dosent Aygül Hacıyeva barəsində məlumat vermək istəyirəm...
Aygül xanım AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Turk Dunyasi söbəsinə rəhbərlik edir. Filologiya elmləri doktorudur. Klassik Azərbaycan ədəbiyyatı ilə müasir linqvistik tədqiqatlar arasında körpü qurur. Tarixi leksikologiya, klassik Azərbaycan poeziyasının təhlili, Türk-Azərbaycan lüğətinin müqayisəli tədqiqatları, Türk dillərində dini mifoloji leksika, poetik dilin semantik təkamülü onun elmi yaradıcılığının qayəsini təşkil edir...
Müsahibələrinin birində deyir ki:- “Milli-mənəvi və tarixi irs hesab olunan yazılı abidələrin öyrənilməsi, mühafizəsi və təbliği bütün dünya xalqları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu işin qarşılıqlı şəkildə həyata keçirilməsi isə xalqlar arasında münasibətləri daha da yaxınlaşdırmaqla yanaşı, yeni elmi tədqiqat mövzularını aktuallaşdırır.”
İntellektual, məntiqli, sürətli düşünən, dərrakəli xanımdır. Gözəl liderlik xüsusiyyəti var. İdarəetmədə mahirdir. Praktik zəkası ilə seçilir. Səbirli və təmkinlidir. İş həyatında əzmkar və zəhmətsevərdir. Hadisələrə obyektiv qiymət verməyi bacarır və adətən qərarlarında yanılmır. İradəli, isti ürəkli, sadiq və mehribandır...
“Məlum olduğu kimi, türkologiyanın istiqamətlərindən biri də türk dünyasının tarixidir. Türk dünyasının tarixi isə müəyyən vaxtdan etibarən əsasən İslam dini ilə bağlı olub. Buraya VII-X əsrlərdə İslam dininin yayılması, kütləvi qəbul olunması, türk torpaqlarında məscidlərin inşa edilməsi kimi faktları aid etmək olar. O dövrdə yaşayan Buxari, Fəxrəddin ər-Razi, Əl Fərabi, Yusuf Həmədani, Əhməd Yasəvi, Əbdülxaliq Hicuvani, Əmir Qulyal, Əl-Birunu kimi dahi alimlərin qiymətli əsərləri var. Daha sonrakı dövrlərdə yaşayıb-yaratmış Bahauddin Nəkşibəndi, Hoca Əhrar və digər İslam sivilizasiyası korifeylərinin dili ilə desək, “türk xalqları islam xeyir-duası ilə şərəfləndiriliblər”. Ümumiyyətlə, İslamın yayılmasında bir çox türk dünyası mütəfəkkirlərinin əhəmiyyətli rolu olub. Daha sonralar türkdilli xalqların yaşadığı ərazilərdə türk dilinin öyrənilməsi məsələsi də aktuallaşıb. Onu da deyim ki, Sovet imperiyası süquta uğradıqdan sonra müstəqilliyini bərpa edən ölkələrdə, xüsusən də türkdilli xalqların yaşadığı ərazilərdə türkologiyaya münasibət ciddi şəkildə dəyişdi. Müstəqillik bu sahəyə xüsusi nəfəs gətirdi, türkologiya həm siyasi-ideoloji nöqteyi-nəzərdən, həm də tədris baxımından fərqli məzmunda inkişaf etməyə başladığı üçün yeni yanaşma tələb etdi.”- söyləyir.
Azadlığı, daxili müstəqilliyi çox sevir. Dürüstlüyünə, etibarına söz ola bilməz. Gözəl zövqü var. Həssas təbiətlidir. İnstinkti güclü, tədbirçi, dinamik fikirlidir. Məqsədinə çatmaqda inadkardır. Şən, optimist, gülərüzlü, açıq düşüncəli, fəlsəfə və mühakimə qabiliyyəti olan xanımdır. İşini çox sevir...
Deyir ki:- “AMEA-nın digər institut və təşkilatları kimi, Əlyazmalar İnstitutunda da qədim türkoloji əlyazmalar tədqiqat obyektinə çevrilib, böyük nailiyyətlər, uğurlu elmi nəticələr əldə olunub. Hazırda respublikamızda türkoloji fənlərin tədrisi və elmi tədqiqatlar istiqamətində yeni perspektivlər müəyyən olunub. Qeyd etdiyim kimi, Türkologiyanın istiqamətlərindən biri də türk dünyası tarixinin öyrənilməsidir. Bu baxımdan İslam Sivilizasiyası Mərkəzinin fəaliyyəti türkoloji tədqiqatlardan da yan keçməyib. Qeyd edim ki, milli-mənəvi və tarixi irs hesab olunan yazılı abidələrin öyrənilməsi, mühafizəsi və təbliği bütün dünya xalqları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu işin qarşılıqlı şəkildə həyata keçirilməsi isə xalqlar arasında münasibətləri daha da yaxınlaşdırmaqla yanaşı, yeni elmi tədqiqat mövzularını aktuallaşdırır.”
Dünyagörüşü geniş, vətənpərvər xanımdır. Yaxşını pisdən, xeyiri-şərdən ayırd etməyi bacarır. Olaylara diplomatik yanaşma tərzi var. Cazibədar və ovunlayıcı davranışı ilə insanların yaddaşında iz buraxa bilir. Yüksək mədəniyyət və kübarlıq onun əsas keyfiyyətlərindəndir. Həyatda mükəmməl addımlamağı xoşlayır...
Bəli, haqqında söhbət açdığım Aygül xanım Hacıyeva milli-mənəvi dəyərlərimizə bağlı insandır. O, mədəni davamlılığı və linqvistik dəqiqliyi ilə seçilən alimlərdəndir. Onun yaradıcılığı türk ədəbi irsinin tənqidi aspektlərini qoruyub saxlamaqdan ibarətdir. 2006-cı ildə "Türk və Azərbaycan dillərində gül(çiçək) adları" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2018-ci ildə isə "Ruhi Bağdadi divanının dili" adlı dissertasiyasının müdafiəsindən sonra filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib...
AMEA Dilçilik İnstitunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli onu belə xarakterizə edir: “Aygül xanım dahi insan, akademik Ağamusa Axundovun qızıdır. Məncə, bu onun kimliyi haqqında məlumat verir. Atasından mükəmməl bir elm, mədəniyyət dərsi alıb. Aygül xanım çox mədəni bir xanımdır. Ölkədə yaxşı dil tarixçilərindən biridir. Bu istiqamətdə çox böyük işlər görür. Onda daşıdığı gendən gələn bir istiqanlılıq, bir mədəniyyət var ki, insanlara qarşı həmişə mehribandır. Hamı ilə xoş rəftar edir. Bu da onun nəsil, ailə mədəniyyətindən irəli gəlir... ”
...Həyatda iz qoyub gedən dahilər çox olub, amma övladları arasında onların irsini davam etdirənləri az. Əsas məsələ də odur ki, Aygül xanım türk dilinin qorunması və təhlilində atası- akademik Ağamusa Axundovun elmi irsini davam etdirir...
Elman Eldaroğlu