

19 İyun 16:35
19 İyun 15:56
19 İyun 15:21
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, bəstəkar - yazar Fərahim Sadiqin ideya müəllifliyi və təşəbbüsü ilə “Öncə Vətən deyənlər” yaradıcı qrupun iştirakı, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və Azərbaycan Maliyə-İqtisad Kollecinin təşkilati dəstəyi, “HAYAT Media” şirkətlərinin texniki dəstəyi ilə Vətən müharibəsi şəhidi, baş leytenant Mübariz Rəsul oğlu Xankişiyevin şərəfli döyüş yoluna həsr olunmuş "VƏTƏN FƏDAİSİ" adlı sənədli filmin təqdimatı olacaq.
Təqdimat mərasimi 25 iyun 2025-ci il tarixində saat 17:00-da Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən Nizami Kino Mərkəzində baş tutacaq. Tədbir 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.
Təqdimat gecəsində şəhid Mübariz Xankişiyevin keçdiyi şərəfli döyüş yolu ilə yanaşı, onun timsalında Vətən uğrunda canından keçmiş igidlərin əziz xatirəsi anılacaq. Eyni zamanda, AVMViB - nin Veteranları arasında şəhidimizin əziz xatirəsinə həsr olunmuş şahmat turniri qaliblərinin mükafatlandırılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi" kollektivinin iştirakı ilə vətənpərvər mahnılardan ibarət mini konsert proqramının təqdim olunması da nəzərdə tutulur.
"Vətən Fədaisi" sənədli film yalnız bir qəhrəmanın xatirəsini yaşatmaqla kifayətlənmir, həm də gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə, tariximizin və şəhidlərimizin örnək həyatlarının gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Dövlət qurumları, media nümayəndələri və vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla geniş auditoriyanın iştirakı ilə keçiriləcək təqdimat mərasiminə bütün ictimaiyyət nümayəndələri dəvət olunur.