AzerGold” QSC-də Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş keçirilib İqtisadiyyat

AzerGold” QSC-də Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin rəhbəri ilə görüş keçirilib

“AzerGold” QSC tərəfindən pərakəndə satışa təqdim edilən qızıl və gümüş sikkə, eləcə də qızıl külçələrin istehsalı sahəsində 2025-ci ildən əməkdaşlıq əlaqələri qurulan Türkiyənin “Aleks Metal Rafineri” şirkətinin İdarə Heyətinin sədri Sarp Tarhanacının rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olublar.

“APA-Economics” xəbər verir ki, səfər çərçivəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Aleks Metal Rafineri” şirkətinin rəhbər heyəti ilə görüş keçirib.

“AzerGold” QSC-nin fəaliyyəti ilə yaxından tanışlıq, əməkdaşlıq əlaqələrinin inkişafı və yeni istiqamətlərinin müəyyənləşdirilməsi imkanlarının müzakirəsi məqsədilə keçirilən görüşdə Zakir İbrahimov qonaqlara dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, dağ-mədən fəaliyyətində ətraf mühitin qorunmasını prinsipini ön planda saxlayan şirkət qızıl və gümüşün dünya bazarına ixracı ilə Azərbaycanın qeyri-neft sektorunun inkişafı, milli iqtisadiyyatın şaxələndirilməsinə öz töhfələrini verir, həmçinin qiymətli metalların pərakəndə satışı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Qeyd olunub ki, Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilən və fərqli, unikal dizaynlara malik qızıl sikkə kolleksiyaları etibarlı investisiya aləti olmaqla yanaşı, ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edir.

Öz növbəsində “Aleks Metal Rafineri” şirkətinin İdarə Heyətinin sədri Sarp Tarhanacı rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək, şirkətin ekoloji tələblərə uyğun ən son texnologiya və avadanlıqlara təchiz edilmiş qiymətli metal emalı və istehsalı prosesi həyata keçirdiyini, beynəlxalq səviyyədə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu, ABŞ, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də müxtəlif Avropa ölkələrində rəsmi ofislərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bu mənada “AzerGold” QSC ilə əməkdaşlıqdan məmnunluğunu qeyd edən Sarp Tarhanacı tərəfdaşlığının yeni istiqamətlərinin də müəyyənləşdirilməsi niyyətlərini ifadə edib.

Görüş ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında qarşılıqlı müzakirə şəraitində davam edib.

AzerGoldAzerGold