DTX-da Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olundu Cəmiyyət

DTX-da Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olundu

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. Görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış ediliblər.

Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən ətraflı söhbət açılıb. Haqq savaşında əldə olunmuş tarixi qələbənin 5-ci ildönümünün 2025-ci ildə qeyd ediləcəyini vurğalayan çıxışçılar Vətən müharibəsi ilə başlanan taleyüklü missiyanın 2023-cü ilin sentyabr ayında dövlət suverenliyinin bərpa olunması ilə nəticələnməsinin hər bir vətənpərvər azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığını bildiriblər.

Çıxışlardan sonra tədbir vətənpərvərlik mövzusunda konsert proqramı ilə davam edib.