Məktəblilərin forma problemi: bu il vəziyyət necədir? Cəmiyyət

Məktəblilərin forma problemi: bu il vəziyyət necədir?

Yeni tədris ilinin başlamasına az qalmış şagirdlər üçün məktəbli formaları, həmçinin digər ləvazimatlar alınır. Bir çox valideynlərin isə bütün bunları almağa maddi imkanı yetmir. Məktəbli formaları tez-tez dəyişildikdə isə belə valideynlər daha da çətin vəziyyətdə qalır. Nəticədə o, övladını istədiyi kimi məktəbə yola sala bilmir.

Bəs bu il vəziyyət necədir? Məktəblilərin forma problemi varmı və ya formadan əlavə hansı problemlər mövcuddur? Bütün bunlarla bağlı təhsil ekspertləri “Xalq Cəbhəsi”nə danışıb.

“Bir şagirdin məktəbə hazırlanması üçün 200–250 manat tələb olunur”

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, məktəb mövsümünün başlanması cəmiyyətin bütün təbəqələri üçün xüsusi əhəmiyyət daşıyır, çünki bu, yalnız dərslərin yenidən başlaması deyil, eyni zamanda təhsilin keyfiyyətində, sosial bərabərlikdə və gələcək nəsillərin formalaşmasında mühüm mərhələdir: “Təhlil göstərir ki, yeni tədris ili ərəfəsində valideynlərin ən çox narazılıq etdiyi məsələlərdən biri məktəbli formalarının qiyməti və keyfiyyətidir. Azərbaycanda vahid məktəbli forması qaydası tətbiq olunsa da, formaların qiymətləri ailələrin büdcəsinə ciddi təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024–2025-ci tədris ilində ümumilikdə 1,7 milyon şagird təhsil alacaq və bu qədər böyük kontingent üçün forma, dərslik və digər məktəb ləvazimatlarının alınması ailələr üçün hər il ciddi xərclər yaradır. Orta hesabla bir şagirdin məktəbə hazırlanması üçün 200–250 manat tələb olunur, bu isə minimum əməkhaqqı ilə yaşayan ailələr üçün əlavə yük deməkdir. Qanunvericilik də bu məsələyə birbaşa toxunur. “Təhsil haqqında” Qanunun 15-ci maddəsində göstərilir ki, dövlət təhsilin əlçatanlığını təmin etməlidir və sosial bərabərliyə xüsusi diqqət yetirməlidir. Məktəbli formaları sosial bərabərliyi qoruyan mexanizm kimi nəzərdə tutulsa da, yüksək qiymətləri bu prinsipin tam icrasına mane olur. Bununla belə, Elm və Təhsil Nazirliyinin bu sahədə həyata keçirdiyi nəzarət tədbirləri, ucuz və keyfiyyətsiz formaların satışdan çıxarılması və yerli istehsalın dəstəklənməsi müsbət addım kimi qiymətləndirilməlidir. Nazirliyin bu istiqamətdəki fəaliyyəti bazarda şəffaflığı artırır, valideynlərin seçim imkanlarını genişləndirir və sosial narazılığı azaldır”.

“Valideynlərin çoxu formaları almaqda çətinlik çəkir”

K.Əsədov həmçinin bildirib ki, müsbət tərəflərdən biri də odur ki, məktəbli formaları şagirdlər arasında geyim fərqlərini aradan qaldırır, sosial status fərqlərinin sinif otağına daşınmasına imkan vermir: “Bu, psixoloji baxımdan həm bərabərlik, həm də intizam mühitini gücləndirir. Təmir olunan məktəblər, yeni dərsliklərin istifadəyə verilməsi, təhsil sisteminə gənc müəllimlərin qoşulması və sertifikasiyanın tətbiqi fonunda məktəbli formalarının mövcudluğu bütövlükdə təhsilin modernləşdirilməsi prosesinə uyğunlaşır. 2023-cü ildə ölkə üzrə yüzlərlə məktəb binasının əsaslı təmirdən sonra istifadəyə verilməsi, dərsliklərin yenilənməsi və 30 mindən çox müəllimin sertifikasiyadan keçməsi təhsil sistemində müsbət dönüşlərin artıq baş verdiyini göstərir. Bu tədbirlər şagirdlərin daha yaxşı şəraitdə təhsil almasına, müəllimlərin isə peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaradır. Mənfi tərəflər isə formaların yüksək qiyməti, keyfiyyət problemləri və bəzi hallarda gecikmələrlə bağlıdır. Valideynlərin əhəmiyyətli hissəsi formaları almaqda çətinlik çəkir, nəticədə bazarda keyfiyyətsiz məhsulların yayılması müşahidə olunur. Bundan əlavə, bəzi məktəblərdə dərsliklərin çatdırılmasında gecikmələr və sinif sıxlığı problemi də qalır. Amma ümumi yanaşmada bu mənfi məqamlar uzunmüddətli islahatların fonunda daha kiçik miqyaslıdır”.

“Bir çox ölkələrdə məktəbli forması məcburi qaydada tətbiq olunur”

Ekspert vurğulayıb ki, dünya təcrübəsinə nəzər yetirdikdə, bir çox ölkələrdə məktəbli forması məcburi qaydada tətbiq olunur: “Böyük Britaniyada məktəblərin özünəməxsus formaları var və bu, məktəb brendinin bir hissəsi hesab edilir. Türkiyədə bir müddət formalar ləğv edilsə də, sosial fərqlərin kəskinləşməsi səbəbindən yenidən tətbiq olunub. Finlandiya və Norvegiya kimi ölkələrdə isə forma məcburi deyil, amma məktəblərin daxili qaydaları ilə müəyyən olunur. Azərbaycan bu modellər arasında daha çox Türkiyə və Böyük Britaniya təcrübəsinə uyğun şəkildə hərəkət edir, çünki sosial bərabərlik və intizam məsələsi ön plandadır”.

“Bu, yeni tədris ilinin daha uğurlu başlamasına zəmin yaradır”

O eləcə də deyib ki, yeni tədris ilində dəyişəcək əsas məqam şagirdlərin daha yaxşı şəraitdə, təmir olunmuş məktəblərdə, yenilənmiş dərsliklərlə və peşəkarlığı artırılmış müəllimlərlə təhsil alması olacaq: “Dəyişməli olan isə forma qiymətlərinin sosial ədalət prinsipinə uyğun tənzimlənməsi, dərsliklərin tam vaxtında çatdırılması və sinif sıxlığının azaldılmasıdır. Əgər bu istiqamətlərdə daha da effektiv tədbirlər görülərsə, valideynlərin və müəllimlərin narazılığı azalacaq, təhsilin keyfiyyəti isə yüksələcək. Elm və Təhsil Nazirliyinin gördüyü işləri xüsusi olaraq qeyd etmək lazımdır. Nazirlik təhsil sahəsində şəffaflığın artırılması, infrastrukturun yenilənməsi, müəllimlərin peşəkar inkişafı və məktəbli formalarının keyfiyyətinə nəzarət istiqamətində mühüm addımlar atıb. Bu siyasət təhsilin dayanıqlı inkişafına xidmət edir və yeni tədris ilinin daha uğurlu başlamasına zəmin yaradır. Beləliklə, bütün çətinliklərə baxmayaraq məktəbli formaları məsələsi də daxil olmaqla aparılan islahatlar Azərbaycan təhsilinin gələcəyinə nikbin baxmağa əsas verir”.

“Valideynlər formaların keyfiyyətindən şikayət edirlər”

Təhsil eksperti Rizvan Fikrətoğlu hər il yeni dərs mövsümündə ən çox müzakirə olunan məsələlərdən birinin də məhz məktəbli formaları olduğunu deyib: “Burada biz əsas istiqaməti 3 formada görürük. Qiymət problemi, keyfiyyət və rahatlıq məsələsi, bir də digər mövsüm problemi. Son illərdə məktəbli formalarının qiymətləri kifayət qədər artıb. Orta statistik ailə üçün bir məktəbli formasının alınmasına böyük xərclər sərf olunur. Xüsusilə də ailədə birdən çox məktəbli olarsa bu yük daha da artır. Eyni zamanda, bazarda rəsmi təsdiqlənmiş formalarla yanaşı, qeyri-rəsmi satılan alternativlər də var. Valideynlər bəzən ucuz alternativlərə yönəlsə də onların keyfiyyəti aşağı olur. Bəzi valideynlər formaların keyfiyyətindən şikayət edirlər. Bildirirlər ki, baha alsalar da forma tez solur, parçası nazik olur və ya rahat geyim üçün uyğun hesab olunmur. Uşaqların sağlamlığı və rahatlığı baxımından parça seçimi çox vacibdir. Təəssüf ki, bəzi məktəbli formalarında nəfəs alan, tərləməni minimuma endirən parçalar az istifadə olunur”.

“Məktəbə uyğunlaşma problemi var”

R.Fikrətoğlu bildirib ki, digər mövsüm problemləri də ortaya çıxır: “Məsələn, dərs ləvazimatlarının bahalığı, çantadan tutmuş dəftər, qələmə qədər qiymətlər valideynlər üçün bir növ əlavə yük yaradır. Burada həmçinin mövsümi problem olaraq siniflərin sıxlığı məsələsi var. Yeni tədris ilində bəzi məktəblərdə şagird sayı çox olduğundan sinif otaqlarında sıxlıq problemi yaranır. Məktəbə uyğunlaşma problemi var. Xüsusən də birinci siniflər və məktəbə yeni keçən şagirdlər üçün psixoloji uyğunlaşma prosesi çətin ola bilir. Nəqliyyat məsələsi də gündəmdədir. Şagirdlərin məktəbə gediş-gəlişi də bəzən ailələr üçün çətinlik yaradır. Bu sıxıntı xüsusən də şəhərin kənarında yaşayanlar və ya məktəb yaşadığı ərazidən yuxarı olan şagirdlər üçün olur. Ümumiləşdirsək, yeni mövsümdə valideynlər üçün problem maliyyə, yəni məktəbli forması, ləvazimatlar, əlavə hazırlığa verilən pul, uşaqlar üçünsə əsas problem rahatlıq və adaptasiya məsələsidir”.

“Məktəbli formaları mentalitetə uyğun olmalıdır”

Təhsil eksperti Elçin Murad diqqətə çatdırıb ki, məktəb məsələsi gündəmə gələndə birinci problem məktəbli formaları olur: “Forma məsələsi də ona görə problemdir ki, hazırda məktəblərdə formaların yenidən dəyişdirilməsi gündəmdədir. Formalar dəyişdirilən zaman da bu, valideynlərdə müəyyən problemlərə, maddi cəhətdən sıxıntılara səbəb olur. Çünki forma dəyişdirilmədiyi təqdirdə bir evdə iki uşaq olursa böyük qardaşın paltarını növbəti ildə ondan bir yaş aşağı qardaşı geyinə bilir. Yəni belə hallar var. Elm və Təhsil Nazirliyi bunu nəzərə alıb hər il formaları dəyişdirməyi və ya onların rənginin dəyişdirilməsi məsələsinə getməməlidir. Məktəblərdə forma olması yaxşı bir şeydir, amma o formalar daha çox bizim mentalitetə uyğun olmalıdır. İndiki formalar, xüsusilə qızların geyimlərinin uzun və qısalığı düzgün seçilmir. Buna da Elm və Təhsil Nazirliyi birmənalı şəkildə nəzarət etməlidir”.

“Formaların standart bir qiyməti olmalıdır”

Ekspertin sözlərinə görə, məktəbli forması məsələsində standart geyimlər üzrə qiymət tənzimlənməsi qoyulması üçün nəzarət olmalıdır: “Məsələn, bəzi mağazalar var ki, formanı elə bir qiymətə qoyur ki, valideynin onu almağa maddi gücü çatmır və ya onu almaq üçün dişidindən, boğazından kəsir. Ala bilməyəndə də şagird məktəbə gedəndə bununla bağlı problem yaşayır, məsələn, məktəbə buraxılmır və s. Ona görə də Elm və Təhsil Nazirliyi buna da diqqət etməlidir. Hər bir ailənin maddi, sosial vəziyyəti eyni vəziyyətdə deyil. Kimsə ala bilir, kimsə ala bilmir. Bütün bunlar tənzimlənməlidir. Biz müşahidə edirik ki, əksər valideyn ala bilməyəcək vəziyyətdədir. Ona görə hər il forma dəyişməkdənsə, bir dənə sabit forma qoyub, hər il onu tətbiq etmək lazımdır ki, bəlkə valideynlər bununla müəyyən bir formada işin içindən çıxa bilsinlər. Dediyim kimi, forma dəyişilirsə, mütləq şəkildə onun standart bir qiyməti olmalıdır və həmin qiymətdən kənara çıxılmamalıdır. Məsələn, bir məktəbli formasının bütün dəstinin bir yerdə qiyməti maksimum 50 manatdan yuxarı olmamalıdır. Amma biz mağazalara baxırıq ki, formaların qiyməti mağazadan-mağazaya dəyişir. Valideyn ucuz almaq istəyir, o zaman da iki gündən sonra həmin paltar sökülür, rəngi solur və ya geyinilməz vəziyyətə düşür. Bunun üçün də valideyn məcbur qalıb bahalı forma almalı olur. Bahalı alanda da 100 manata yaxın pul qoymalıdır. Ona görə də dövlət bunlara nəzarət etməlidir”.

Röya İsrafilova