
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının nümayəndə heyəti iə görüşüb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planını çərçivəsində keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi ilə bağlı Komitə tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa quruculuq işləri məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə doğma yurda geri qayıdışına şərait yaradır. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin sosial müdafiəsinin təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində zəruri tədbirlər ica edilir.
Əhalinin ləyaqətli yaşayışının təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Dünya Bankı ilə birgə keçirilən layihə də doğma yurdlarına qayıtmağa hazırlaşan köçkünlərin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edilib ki, 18 şəhər və rayonu əhatə edən layihə çərçivəsində keçirilən təlimlərdə 800-ə yaxın məcburi köçkün iştirak edib. Layihə zamanı xüsusi ilə qadınların iqtisadi fəallığının artırılmasına diqqət ayrılıb. Əlilliyi olan 30-a yaxın keçmiş məcburi köçkün də layihədən faydalananlar arasındadır. Layihə çərçivəsində qənnadçı, dərzi, saç ustası, mühasibatlıq, qrafik dizayn da daxil olmaqla 60-dan çox peşə üzrə təlimlər təşkil olunub. 257 nəfərə peşə istiqamətinə uyğun avadanlıq verilib. Dövlət Komitəsinin sədri vurğulayıb ki, layihənin icrasına cəlb edilmiş keçmiş köçkünlər artıq doğma yurda qayıtdıqdan sonra hansı peşə ilə məşğul olacağını bilir, bu da dayanıqlı məskunlaşmaya müsbət töhfə verir. Buna görə, verdikləri dəstəyə görə Dünya Bankına təşəkkür edilib.
Dünya Bankının nümayəndələri – “Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması layihəsi”nin Dünya Bankı tərəfindən layihə rəhbəri Erik Koldvel Conson, Dünya Bankının əməkdaşı Sabina Anne Espinoza, Dünya Bankının Azərbaycandakı fəaliyyəti ilə əlaqəli nümayəndəsi Xalisa Şahverdiyeva görüşün təşkilinə və ətraflı məlumata görə minnətdarlıq bildirib, məcburi köçkünlərlə bağlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bundan məmnunluqlarını ifadə ediblər.
Erik Koldvel Conson bildirib ki, layihə yüksək səviyyədə icra edilib, əldə edilən nəticələr nəzərdə tutulandan xeyli çoxdur. İnanırıq ki, layihəyə cəlb edilmiş keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıtdıqdan sonra əldə etdikləri bacarıqlardan yararlanacaq, kiçik bizneslərini qurub inkişaf etdirəcəklər. Layihədə iştirak keçmiş köçkünlərin özünəinam hissinin artmasına da müsbət təsirini müşahidə etdiyini qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Dövlət Komitəsi ilə Dünya Bankı arasında “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsi üzrə Razılaşma Məktubu imzalanıb. Layihənin əsas məqsədi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq ölkəmizdə 2023-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulan məcburi köçkün ailələrin bacarıqlarının, dəstək xidmətlərinə çıxışının və gəlirgətirən sahələr üzrə imkanlarının artırmasından ibarətdir.