Ürəktutmalar artır: ölüm riski yaradan səbəblər Cəmiyyət

Ürəktutmalar artır: ölüm riski yaradan səbəblər

Son zamanlar Azərbaycanda cavan ölümlər, ürəktutma halları durmadan artır. Həmçinin idman zallarında baş verən ölüm halları insanları daha çox qorxuya salır. Çünki idman edən insanın daha çox sağlam olacağını düşündüyü yerdə bu kimi mənfi halların baş verməsi artıq insanları da idmanın sağlamlıq olmadığı düşüncəsinə sürükləyir.

Bir çoxları belə ölümlərin səbəbini sağlam qidalanmamaqda görürsə, digərləri artıq sağlam qidaların da olmadığında görürlər.

Bəs bu qəfil ölümlərə, ürəktutmalara əsas səbəblər nədir?

“Xalq Cəbhəsi” məsələni həkimlərlə müzakirə edib.

“İnsanların həyat tərzi köklü şəkildə dəyişib”

Ürək-damar cərrahı, tibb elmləri doktoru, millət vəkili Rəşad Mahmudov söyləyib ki, son zamanlar Azərbaycanda ürəktutmalarının artmasının bir neçə əsas səbəbi var: “İlk növbədə, müasir dövrdə insanların həyat tərzi köklü şəkildə dəyişib. Artıq çoxları günün böyük hissəsini hərəkətsiz, stressli və gərgin şəraitdə keçirir, siqaret və spirt istifadəsi, eləcə də yağlı, duzlu, sürətli qidalanma vərdişləri artıb. Fiziki aktivliyin azalması, düzgün yuxu və qidalanma rejiminin pozulması ürək-damar sisteminə uzunmüddətli zərbə vurur və damar sərtliyi, təzyiq və ritm pozğunluğu kimi problemlərin yaranmasına şərait yaradır”.

“Bu, həyat qurtaran addımdır”

R.Mahmudovun bildirib ki, eyni zamanda, əhali arasında profilaktik müayinələrin hələ də kifayət qədər yayılmaması, insanların öz sağlamlıqlarına sistemli şəkildə nəzarət etməməsi də vəziyyəti ağırlaşdırır: “Xolesterin, şəkər və təzyiq kimi göstəricilərin illərlə izlənməməsi, xəstəliklərin gizli şəkildə inkişaf etməsinə və çox zaman ilk əlamətin birbaşa ürəktutması formasında üzə çıxmasına səbəb olur. Təəssüf ki, bir çox hallarda insanlar yalnız ağrı və narahatlıq hiss etdikdən sonra həkimə müraciət edirlər. Halbuki, 35 yaşdan yuxarı hər bir şəxsin ildə ən azı bir dəfə kardioloji müayinədən keçməsi (stres EKQ, Exo-KQ və qan analizləri ilə) həyat qurtaran addımdır”.

Ürək sağlamlığı

Həkim vurğulayıb ki, xüsusilə gənclər arasında müşahidə olunan qəfil ürəktutmalarının bir hissəsi isə ürəyin elektrik sistemindəki ritm pozğunluqları ilə əlaqəlidir: “Bu pozğunluqlar bəzi hallarda genetik mənşəli olur, amma enerji içkiləri və stimulant maddələrdən sui-istifadə də həmin riskləri artırır. Əgər hər bir insan öz sağlamlığını prioritetə çevirər, düzgün qidalanma və fiziki aktivlik prinsiplərinə əməl edər və vaxtaşırı həkim nəzarətində olarsa qəfil ürək ölümü halları azaldıla bilər. Ürək sağlamlığı bir günün deyil, illərlə formalaşan həyat tərzinin nəticəsidir”.

Damarlarda tıxanmalar

Son zamanlarda cavan insanların birdən-birə ürəktutmaları nəticəsində həyatını itirdiyini deyən həkim-dietoloq Şəfa Yadigarova diqqətə çatdırıb ki, insan xaricdən sağlam görünsə də daxilən müxtəlif problemləri olur: “Hansı ki, həmin problemləri heç özü də bilmir. Bu problemlər əsasən damarlarda tıxanmalardır. Bunlar da stres, qeyri-sağlam qidalanma, xolesterinin yüksək göstəriciləri nəticəsində yaranır. Eyni zamanda, bu, fast-foodlardan aşırı dərəcədə istifadə etmək, qazlı içkilər, şəkərli qidalardan istifadə nəticəsində son illərdə daha tez-tez baş verir”.

Həyat tərzi dəyişməli

O qeyd edib ki, daha çox emal olunmuş məhsullar istehsal olunur və bütün bu emal olunmuş məhsulların tərkibində trans yağlar, görünməyən gizli şəkər və bunun kimi müxtəlif qidalar var: “Hansılar ki, birbaşa ürək-damar sistemimizə təsir göstərir və hətta bu, cavan nəsildə də tez-tez rast gəlinir. İnsan cavandır deyə onun heç bir problemi yoxdur deyə düşünmək doğru deyil. İnsan cavan olaraq da çox problemlərlə üzləşə bilər. O əsasən həyat tərzini dəyişməlidir. Həyat tərzinin dəyişməsi sağlam qidalanma, gün ərzində ən azı 30 dəqiqə yürüyüş, su balansına diqqət etmək, eləcə də trans yağlardan qaçmaqla mümkündür. Daha çox omega-3 yağı ilə zəngin olan qidalara üstünlük vermək lazımdır. Burada yağlı balıq, zeytun, zeytun yağları, kətan yağı, avokado ola bilər. Həmçinin daha çox tərəvəzli qidalardan istifadə etsələr yaxşıdır”.

“Qidaların rəngləri orqanlarımız üçün çox önəmlidir”

Ş.Yadigarova yaşıl rəngli və qırmızı rəngli qidalara üstünlük verilməli olduğunu söyləyib: “Çünki qidaların rəngləri də bizim orqanlarımız üçün çox önəmlidir. Məsələn, qırmızı rəngli qidalar daha çox ürək-damar sisteminə faydalıdır. Buraya pomidor, nar, qırmızı alma, çuğundur, qırmızı turp daxildir. Yaşıl rəngli qidalara isə göyərtilərin bütün növləri, brokkoli, kələmlərin növləri və s. daxildir. Odur ki, birinci növbədə xəstəliklərdən, qəfildən həyatı itirməkdən profilaktika etmək lazımdır. Eyni zamanda, ildə 1 dəfə həkim müayinəsindən keçmək daha yaxşı olar. Bu kimi xəstəliklərin ən birinci əlamətləri yorğunluq, halsızlıq, yuxusuzluq, kilo artması, oynaqlarda, bədəndə qırılmalar, stresə tez-tez məruz qalmaq, daha çox da mütəmadi yeməkdir. Ona görə də öncə hər bir xəstəliyin profilaktikası daha yaxşıdır, nəinki insan artıq xəstə olduqdan sonra onu müalicə etmək”.

“Axşam yeməyini sadələşdirmək lazımdır”

Dietoloq Ləman Süleymanova bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı statistik göstəricilərə görə hər il artır, səbəbləri isə müxtəlifdir: “Bunun qidalanma ilə əlaqəli olan hissəsinə toxunsaq, düzgün qidalanmaq nədir? İnsan yuxudan erkən oyanmalıdır, həyatında mümkün qədər fiziki aktiv olmalıdır, səhər yeməyini mütləq yeməklidir. Çünki səhər yeməyi bizi yüksək enerji ilə təmin edir. Günorta yeməyini də yemək lazımdır. Lakin axşam yeməyini sadələşdirmək lazımdır. Çünki saat 15:00 və 16:00-dan sonra yeyilən axşam yeməyinin tərkibindəki maddələr orqanizm tərəfindən xeyirə sərf edilmir, yalnız insana psixoloji rahatlıq verir. O baxımdan biz çalışmalıyıq ki, ən vacib olan maddələri səhər və günortaya qədər alaq”.

“Bunlar ürəyə gedən damar yolunda tıxanıqlıq yaradır”

L.Süleymanova vurğulayıb ki, ancaq bəzi insanlar var ki, səhər və günorta yemək yemir: “Axşam isə beyin siqnalları mədəyə ötürülür, yemək vaxtı olduğunu bildirir. Yəni insan gün ərzində qida qəbul etmir və axşam o siqnallar daha da aktivləşir və insan durmadan yeyir. Belə insanların immuniteti düşür, ətraf mühitin infeksiyalarına qarşı immunitetləri aşağı olur, tez-tez xəstələnirlər və onlarda aşırı dərəcədə kilo artımı olur, qanda xolesterol artır. Bütün bunlar da ürəyə gedən damar yolunda tıxanıqlıq yaradır və ürək-damar xəstəliyinə gətirib çıxarır. Ona görə də insan sağlam olsun, çox yaşasın deyə mütləq birinci növbədə qidalanmasına diqqət etməlidir. İnsan nə qədər sağlam qidalanarsa özünü bir o qədər müxtəlif xəstəliklərdən sığortalamış olur”.

“İdman zallarında çox qorxulu biznes başlayıb”

O həmçinin son zamanlar idman zallarında ürəktutmasından dünyasını dəyişənlərin çoxaldığını deyərək qeyd edib ki, Azərbaycanda idman zallarında çox qorxulu bir biznes başlayıb: “Həkimlik diplomu olmadan xəstə qəbul edirlər, arıqladıcı dərmanlar satışı edirlər, sosial şəbəkələrdə yalandan özlərinə titul götürüb dərman satırlar, arıqladıcı kokteyl, çay satırlar və s. İdman zallarında tibbi savadı olmayan treynerlər insanlara əziyyət edirlər. Anabolik steroidlər təyin edirlər. Bu, əzələ kütləsini artırmaq üçün qeyri-leqal maddələrdir”.

“O dərmanları qəbul edib məşq edən insanın həyatı təhlükəsi çox böyük olur”

Dietoloqun bildirdiyinə görə, bu maddələrin ciddi yan təsirləri və sağlamlıq riskləri var: “Anabolik steroidləri qəbul etmək qanunsuzdur. Eyni zamanda, idmanın aktivliyini yaxşılaşdırmaq və bəzən əhvalı artırmaq üçün stimulantlar və digər maddələr qəbul edirlər. Bu, əzələləri yalandan artırır, lakin kişilərdə ciddi problem yaradır. Testosteronun səviyyəsini aşağı salır, cinsi zəiflik yaradır və ürək-damar xəstəliyinə gətirib çıxarır. Ani şəkildə ürəkdə problem əmələ gəlir və hətta o dərmanları qəbul edib məşq edən insanın həyatı təhlükəsi çox böyük olur. Ona görə də bunlar araşdırılmalıdır”.

“Qidalarımız təmiz deyil”

Dietoloq Leyla Zülfüqarlı qeyd edib ki, çox təəssüfedici məqamdır ki, Azərbaycanda son illər qəfil ölümlər, cavan ölümlər çoxalıb: “Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar çoxdur. Bütün bunlar xəbər verir ki, qidalarımız təmiz deyil. Ürək və qan-damar xəstəliklərinin ana qaynağı stres, səhv qidalardan özəlliklə yağlarla bağlıdır. İşlənmiş yağlar çoxdur. Ürəyin tac damarının birbaşa olaraq mənfəzini daraldan, düyünlər əmələ gətirən trombemboliyalar və s. kimi problemlərə səbəb olan səhv qidalardan özəlliklə yağları qeyd edə bilərəm. Biz ölkədə yaxşı kərə yağını şamla axtarırıq. Hətta tapsaq belə yenə də şübhə var ki, o, nə qədər təmizdir? Buna nəzarət edən qurumlar əlaqəli işləməlidir ki, konkret bir marka olsun və biləsən bu, təmizdir. Burada birinci faktor qidalanma ilə bağlı faktordursa, ikinci faktor toksinlərdir. Həmçinin oksidatif stres. Yəni hüceyrə içinə o qədər stres girib ki, onun da ardıcıllığı yenə səhv müalicələrdir. İnsan sağlam olan halda qəflətən ölümə düçar olmur. Burada stres, ətrafımızda baş verən toksinlər, sosial durum və qida zəncirində olan yalanlar rol oynayır”.

Röya İsrafilova