ABŞ-nin sülh prosesinə qoşulması: proses nə vəd edir?
19 Noyabr 23:38

Azərbaycan regionda nəqliyyat və logistika sahəsində strateji mövqeyini daha da gücləndirir. Son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar və Orta Dəhliz üzərindən yükdaşımaların sürətlə artması ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzinə çevirib. Mütəxəssislərin fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, hava limanları və beynəlxalq limanlarda artan yük daşıma imkanları Azərbaycan üçün iqtisadi üstünlüklər yaradaraq regionun ticarət və nəqliyyat xəritəsini dəyişdirir. Bu proses həm qeyri-neft gəlirlərini artırır, həm də ölkənin strateji mövqeyini möhkəmləndirir.
“Azərbaycan transit mərkəzi kimi…”
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya formatında əməkdaşlıq bütövlükdə regionun inkişafına ciddi stimul verir və iqtisadi inteqrasiyanı gücləndirir: “Bu əməkdaşlığın əsas komponentlərindən biri olan Orta Dəhlizin genişləndirilməsi həm regional ticarətə, həm də strateji nəqliyyat xəritəsinə mühüm təsir göstərir”.Orta Dəhlizin imkanlarının genişlənməsi Mərkəzi Asiya ölkələrinin beynəlxalq ixtisaslaşmadan daha çox gəlir əldə etməsinə şərait yaradır. Eyni zamanda regionun iqtisadi çəkisinin artması və yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir.Xüsusilə Rusiya və İrana qarşı sanksiyalar fonunda Orta Dəhlizə marağın yüksəlməsi yükdaşımaların həcmini artıran əsas amillərdəndir. Asiya ölkələri və Avropa İttifaqına üzv dövlətlərin Orta Dəhlizə marağının artması açıq şəkildə yük axınlarına təsir edir. Bu isə bir tərəfdən həmin ölkələrin gəlirlərini artırır, digər tərəfdən nəqliyyat və logistika infrastrukturunun daha da inkişafı üçün yeni imkanlar yaradır. Azərbaycan üçün Orta Dəhlizin genişləndirilməsi xüsusilə əhəmiyyətlidir, çünki ölkənin qeyri-neft sektorunda gəlirlərin artırılması əsas prioritetlərdəndir.
Bu dəhlizin gücləndirilməsi dövlət gəlirlərinin artmasına xidmət edəcək, neftdənkənar sektoru daha rentabelli edəcək və ümumi iqtisadi artımı stimullaşdıracaq”.
Deputat əlavə edib ki, Orta Dəhlizin inkişafı həmçinin region və xüsusilə Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin daha da dərinləşməsinə səbəb olacaq: “Bu layihə Azərbaycanın xarici ticarət xəritəsində mühüm genişlənmə yaradır və regional inteqrasiyanı daha da gücləndirir. Yaxın illərdə Orta Dəhlizin potensialı daha da genişlənəcək və bu, Azərbaycan üçün həm maliyyə, həm də iqtisadi baxımdan mühüm üstünlüklər yaradacaq”.
“Zəngəzur dəhlizi gələcəyə açılır”
Milli Məclisin deputatı Naqif Həmzəyev diqqətə çatdırıb ki, Azərbaycan son illərdə Orta Dəhlizin əsas dayaqlarından biri olmaq üçün genişmiqyaslı nəqliyyat-logistika islahatları həyata keçirir: “Ölkənin həm Şimal–Cənub, həm də Şərq–Qərb xətti üzrə infrastrukturunu yeniləməsi və yeni nəqliyyat şəbəkələri yaratması yükdaşımaların həcminin sürətlə artmasına şərait yaradıb.
Azərbaycanın Gürcüstan üzərindən Qara dənizə və Türkiyəyə birbaşa çıxış əldə etməsi son dövrdə yükdaşımaların həcmini təxminən 90% artırıb. O qeyd edib ki, bu artım hələ son deyil və Azərbaycan Qara dənizdə yeni limanların icarəsi, həmçinin yeni liman infrastrukturunun tikintisi üçün ciddi sərmayələr yatırır.15 milyon ton yükgötürmə qabiliyyətinə malik Zəngəzur dəhlizinin 2028-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır. İlkin mərhələdə milyonlarla ton yük daşınacağı gözlənilir və sonrakı dövrdə bu həcmin 20 milyon tonu keçməsi mümkündür. Azərbaycanın Orta Asiya ölkələri ilə sıx əməkdaşlığı, xüsusilə vahid gömrük qaydaları və tarif mexanizmlərinin tətbiqi, mövcud çətinlikləri aradan qaldıracaq və Orta Dəhlizə marağı daha da artıracaq. Bu addımlar yükdaşımaların həcmini kəskin şəkildə artıracaq. Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi, dayanıqlı təhlükəsizliyin təmin olunması, Zəngəzur dəhlizinin və Ermənistanla digər kommunikasiya xətlərinin açılması Orta Dəhliz üzrə daşımaların bir neçə dəfə artmasına səbəb olacaq əsas siyasi amillərdir".
N.Həmzəyev bildirib ki, qarşıdakı 3–5 il ərzində Orta Dəhlizin daha aktiv və intensiv istifadə ediləcəyi gözlənilir ki, bu da növbəti onilliklərdə marşrutun ən sürətli, ən təhlükəsiz və əvəzolunmaz yol kimi mövqeyini möhkəmləndirəcək: "Yaxın gələcəkdə Orta Dəhliz üzərindən yaşıl enerjinin ötürülməsi prosesinə də başlanılması real görünür. Onun sözlərinə görə, artıq kabel xətlərinin çəkilməsi və yaşıl enerji layihələrinin icrası üçün texniki imkanlar araşdırılır və Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış sənədlər bu istiqamətdə ciddi irəliləyişlərin olacağını göstərir".
“Avrasiyada lider logistika”
Millət vəkili Elman Nəsirov vurğulayıb ki, son üç il ərzində orta dəhliz üzrə Azərbaycandan keçən yüklərin həcmi 90 faiz artıb: “Bu, 2022-ci ildən indiyə qədər olan dövrü əhatə edir və faktiki olaraq ölkəmizin Avropa ilə Asiya arasında strateji mövqeyini gücləndirir”.
Onun sözlərinə görə, orta dəhliz Çindən başlayaraq Mərkəzi Asiya ölkələri üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Türkiyə və Avropaya daşınan mallar üçün böyük səmərə təmin edir: “2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin işə salınması planlaşdırılır. Bu dəhliz orta dəhlizin mühüm komponentlərindən biridir və tamamlandıqda ildə 15 milyon ton yükün daşınması mümkün olacaq. Azərbaycanın yük daşımaları potensialı çox genişdir.Ölkəmizdə fəaliyyət göstərən 7 beynəlxalq hava limanı və Ələt Beynəlxalq Ticarət Limanının yaxın zamanda illik 25 milyon tona qədər yük daşıma imkanına malik olması Azərbaycanın regionda nəqliyyat və logistika baxımından lider mövqeyini göstərir. Bütün bu göstəricilər sübut edir ki, Azərbaycan Avrasiyada həm mühüm tranzit məntəqədir, həm də Mərkəzi Asiya ilə artan əməkdaşlığın gücləndirilməsində strateji rol oynayır”.
Günel Elxan