14:50
665
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda 2025-ci ilin mövzu planına uyğun elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuş Elmi-Texniki Şuranın iclasları keçirilib.
İclasda institutun rəhbərliyi, elmi işçilər və struktur bölmələrin məsul əməkdaşları iştirak ediblər. Toplantının məqsədi 2025-ci il mövzu planına uyğun artıq tamamlanmış elmi-tədqiqat işlərinin təqdimatı, görülən işlərin məzmunu, mərhələləri və əldə olunmuş elmi-praktiki nəticələrin müzakirəsi olub.
Artıq Entomologiya, fitopatologiya, alaq otları ilə mübarizə və Pestisidlər, bioloji mübarizə və proqnoz şöbələrinin illik hesabatlarının müzakirəsi başa çatıb. Şöbə əməkdaşları tərəfindən ilin ərzində aparılmış tədqiqat işləri, əldə olunmuş nəticələr, sahə və laboratoriya müşahidələri, həmçinin növbəti dövr üçün prioritet fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim edilib.
Təqdimatlar zamanı bitki xəstəlikləri və zərərvericilərinə qarşı müasir mübarizə tədbirləri, aqrobioloji monitorinqlərin təkmilləşdirilməsi, bioloji mübarizə vasitələrinin artırılması, eləcə də kənd təsərrüfatı bitkilərində xəstəliklərin erkən aşkarlanması üçün yeni metod və yanaşmalar kimi aktual məsələlər diqqət mərkəzində olub.
Çıxış edənlər yeni mövsümdə elmi fəaliyyətin daha da gücləndirilməsi, müasir tədqiqat metodologiyalarının tətbiqi, laborator və çöl sınaqlarının təkmilləşdirilməsi, eləcə də regionlarda monitorinqlərin genişləndirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
İclas müzakirələr və görüləcək növbəti işlərlə bağlı qərarların qəbul edilməsi ilə yekunlaşıb.
Cavid
